Bir zamanlar uzaqlarda bir ölkədə çox yaraşıqlı bir şahzadə yaşayarmış. Ancaq şahzadə daha kiçikkən ölkədəki pis ürəkli cadugərin lənətinə uğramış və üzərindəki bu lənət üzündən hər il yalnız 1 söz danışa bilirmiş. Məsələn şahzadə 2 söz söyləyəcəyi zaman bir il boyunca susur, beləcə ertəsi il 2 söz ifadəyə haqqı olurmuş.
Bir gün bu yaraşıqlı amma talehsiz şahzadə dərə kənarında oturarkən, baxmış ki qarşıda kiçik bir daxma, daxmanın bağçasında möhtəşəm bir qız... Saçları altından daha sarı, gözləri səmadan daha mavi, dodaqları albalıdan daha qırmızıymış. Şahzadə bu gözəlliyi görüncə ağılı başından getmiş, o anda vurulmuş. 2 il boyunca danışmamağa qərar vermiş, 2 il sonunda qıza "çox gözəlsiniz" deyə bilmək üçün. Amma 2 ilin dolduğu gün şahzadənin içindəki atəş daha da böyümüş və qıza "sizə aşiq oldum" demək üçün yanıb alovlanar olmuş.
Beləcə "çox gözəlsiniz sizə aşiq oldum" deyə bilmək üçün, keçən 2 ilin ardından 3 il daha danışmamağı gözə almış. 5 ilin sonunda şahzadə danışmaq üçün hazır olduğu sırada, birdən bu möhtəşəm gözəl və zərif qızla evlənməyi, onu sarayının şahzadəsi etməyi nə qədər istədiyini fərqinə varmış. Beləcə "çox gözəlsiniz sizə aşiq oldum mənimlə evlənərsinizmi?" deyə bilmək üçün 5 ilin ardından 2 il daha səbr etməyə qərar vermiş.
Şahzadə bu platonik duyğularla 7 böyük ili tamamladığı gün, artıq dünyanın ən həyəcanlı və ən xoşbəxt kişisi olaraq qızın yaşadığı daxmaya qaçmış. Qız yenə daxmanın bağçasında oturmuş, kitab oxuyurmuş. Şahzadə əlindəki qırmızı gülü qıza uzatmış və
"Çox gözəlsiniz sizə aşiq oldum. Mənimlə evlənərsinizmi?" Qız başını qaldırıb şahzadəyə baxmış. Qulaqlarını örtən qızıl sarısı saçlarını geriyə atmış və şahzadəyə belə demiş: "Bağışlayın! Nə dediyinizi eşidə bilmədim!.."