Hindistanla sərhəddə xidməti vəzifələrini yerinə yetirən 130 pakistanlı əsgər qar uçqunu altında qalıb.
Lent.az-ın məlumatına görə, bu barədə Pakistanın hərbi dairələrindən “Associated Press”ə bildirilib. “Reuters” agentliyi isə qar uçqununa təslim olanların sayını 150-dək göstərib. Hadisə aprelin 7-də səhər tezdən Himalay silsiləsinə məxsus Karakorum dağlarındakı Siaçen buzlağında baş verib. Həmin ərazidə Pakistan və Hindistanın minlərlə hərbçisi yerləşib. Təbii fəlakətin zərbəsi altına taborlardan birinin qərargahı da düşüb.
Pakistan Müdafiə Nazirliyi hadisə rayonuna xilasedicilər göndərib. Ölən və yaralananlar barədə rəsmi məlumat hələlik verilmir.
Qeyd edək ki, Siaçen mübahisəli Kəşmir ərazisi hüdudlarında yerləşir. Bu ərazi Pakistan və Hindistan arasında mübahisəlidir.