Murad Dadaşov: Hazırlaşırdım qıza etiraf edim, anası gəldi - SÖHBƏT - FOTOLENT

Son güncelleme: 08.05.2012 00:29
  • Show Biznes Xeberleri

    noimage

    “Mən doğulan kimi doğum evindəki tibb bacısına vurulmuşam”

    Layihə: “Məktəb illəri”

    Onu həmişə təmkinli, sakit, yenilikçi, olması ilə tanımışam. Ətrafını hər zaman şənləndirməyi bacaran biri, amma olduqca ciddi və diqqətcil olması ilə çoxlarının sevimlisidir. Televiziya sahəsində indiyədək bir çox ilklərə imza atan Murad Dadaşov məktəb illəri haqqında danışmazdan əvvəl fikirləşdim ki, yəqin bütün dərslərindən əla qiymətlər alan Murad indi öz uğurlarından danışacaq. Sən demə, onun heç vaxt 5, qiyməti olmayıb və hətta bütün dərslərdən 3,alırmış. Amma özünün dediyi kimi, əsas qiymət yox, savad göstəricidir. Məktəb illərində sevdiyi qızların sayını bilmir. Şoumen, prodüser Murad Dadaşov Lent.az-ın “Məktəb illəri” rubrikasına danışır...

    Balaca, toppuş oğlan idim...

    -1985-ci il sentyabrın 1-də 160 nömrəli məktəbdə birinci sinfinə getdim. Balaca toppuş uşaq idim. Ailənin iki oğlan övladından birincisiyəm. Məktəbə ilk dəfə kiminlə getdiyim yadımda deyil. Ya atam, ya da anam aparmışdı. Valideynlərim sevindiklərindən ağlayırdı. İlk müəlliməmi çox yaxşı xatırlayıram. Aleksandra Sergeyevna idi. O, çox maraqlı bir insan idi. Onun haqqında çox danışmışam mətbuatda. Tək yaşayırdı. Heç kimi yox idi. Həqiqətən əsl müəllim onu kimi olardı. Sinfimizdə müxtəlif millətlərdən nümayəndələr var idi. 85-ci illərdə, Qarabağ münaqişəsindən öncə yəhudilər, ruslar, ermənilər bizimlə birgə oxuyurdular.

    Elə bilirdik ki, müəllim çörək yemir…

    Müəlliməmiz qeyri-adi bir insan idi. Ümumiyyətlə, biz elə bilirdik ki, müəllimlər çörək yemir, nəfəs almır, heç bir problemi yoxdur. O, azərbaycanca danışa bilmirdi. Adətən bizim evdə azərbaycanca danışırdılar. Amma biz rusdilli məktəbdə oxumuşuq. Atam da 160 nömrəli məktəbdə oxuyub. Mən də indi eyni qayda ilə öz övladlarımı rus məktəbinə qoymuşam. Rus dili çox çətin dildir. Mən deyərdim ən ağır dillərdəndir. Gərək onu uşaqlıqdan mənimsəyəsən. İnanmıram ki, kimsə bunu sonradan yüksək səviyyədə mənimsəsin.

    Sakit, rəngsiz bir uşaq olmuşam...

    Çox maraqlı idi ki, mən çalışırdım yaxşı oxuyum. Həmişə çalışırdım. Ancaq bu, məndə heç vaxt alınmırdı. Yaxşı oxuyan uşaqlardan deyildim. Qiymətlərim pis idi. Amma bilikli oğlan idim. Həmişə oxuyurdum. Oxumağı çox sevirdim . Hər gün yeni bir şey öyrənirdim. İbtidai sinifdə, hətta 6-cı sinfədək sakit, rəngsiz bir şagird idim. Sonra mən cüdo ilə, üzgüçülüklə məşğul oldum. Çalışırdım öndə olum. Bizim məktəbin parametrləri yüksək idi. Başqa məktəbdə 5-lə oxuyanlar, orada gəlib “2” ala bilərdilər. Qiymətlərimin əksəriyyəti 3, idi. Bircə musiqidən 5, alırdım. Mən bir mövzunu bir dəfə oxuyub, dərhal danışa bilərdim. Sadəcə, tənbəllik edirdim. Həmişə fikrim başqa yerlərdə olub - KVN, futbol, qızlar və sair. Məktəb mənim üçün yeni bir dünya idi. O dövrün xüsusi ləzzəti var idi, ona görə dəyərli idi ki, onu geri qaytarmaq olmur.

    Məktəb vaxtı qızların əksəriyyətini sevirdim

    Orta məktəbdə ilk dəfə 1-ci sinifdə sevmişəm. Düzü, mənə elə gəlir ki, mən doğulan kimi doğum evindəki tibb bacısına vurulmuşam. Mən tək gözəllik deyil, maraqlı bir şey görəndə vuruluram. Vurulmaq sevmək deyil. Həsrətdir, zövq almaqdır, heyranlıqdır. O qızları hansı xüsusiyyətlərinə görə sevdiyimi bilmirəm. Adi bir baxışdan vurulurdum. Ən çox sevdiyim qızdan biri bağçada idi. Məktəbə gələndə artıq təcrübəli oğlan idim. Necə münasibət quracağımı, nə deyəcəyimi bilirdim (gülür). Ən maraqlısı odur ki, mən qızları tez-tez dəyişirdim. Yeni bir qız gələn kimi ona vurulurdum. Bütün sinfin sevdiyi qızı sevməzdim. Mən digərini seçirdim. Sonradan vaxt ötdükcə mən seçdiyim qız gözəllik nümunəsi olurdu. Hamının sevdiyi qız isə o qədər gözəl sayılmırdı.

    Sevdiyim qıza bir qutu saqqız aldım...

    - İndi o qızların çoxu ailəlidir. Adlarını da çəkmirəm. Hamı bilir ki, bir dəfə mən özümdən 3 yaş böyük qıza vurulmuşdum. Onunla bağlı bir hadisə danışım. Saqqızların yeni çıxan vaxtı idi. O zaman kommersiya mağazaları təzə açılırdı. Sinif yoldaşlarımın biri təsadüfən evdən pul gətirmişdi. Hamımız bir yerdə mağazaya getdik. Hərə bir şey götürdü. Mən isə bir qutu saqqız aldım. Buna səbəb isə sevdiyim qızın yanındakılarından saqqız istəməsini eşitmişdim. O da demişdi ki, saqqızım yoxdur. Bu, mənə təsir etdi. Saqqızları alıb, pencəyimə yığdım. Onların sinfinə getdim. Baxdılar ki, içəri toppuş oğlan girib. Özündən razı halda gətirdim saqqızları tökdüm qızın qarşısına, dedim ..al bu da sənin saqqızın... Onda uşaqlar elə fikirləşdilər ki, mənim başım xarab olub.

    Məktəbin ab-havası, dostlar...

    İnsan həyatda çox şey qazana bilər, bircə uşaqlıq dostlarından başqa. Elə uşaqlıq dostlarım var ki, bizi bir yerdə görsəniz deyərsiniz ki, bu adamlar heç tanış deyillər. Çünki təbiətimiz, daxili aləmimiz, xarici görkəmimiz, hər şey ayrıdır. Amma bizi bir şey birləşdirir, o da uşaqlıq dostluğu. O insanlar mənim üçün çox dəyərlidirlər. Açıq deyim, mən hamı ilə dostluq edə bilmirdim. Ona görə yox ki, mən özümdən razıyam, yox. Hətta dostlar yığışanda həmişə gedirəm ki, fikirləşməsinlər, Murad tanınmışdır, özündən razıdır. Onlar üçün mən uşaqlıqda tanıdıqları Muradam. Dostlarım mənə o günləri xatırladırlar, çox əzizdirlər mənim üçün. Arada dostlarla görüşürük. Elələri var ki, ailəvi dostlarıq. Bəzən zəng edirlər ki, gəl görüşək. Deyirəm, yaxşı, köməkçim zəng vurar. Sonra tez düzəliş edirəm ki, yaxşı özüm zəng vuraram. Amma birdən nəsə olsa köməkçim cavab verər. Deyirlər, yox, çalış özün cavab ver. Ona görə də çalışıram zənglərə özüm cavab verim. Yoxsa, dostlarım inciyər. Və inciməyə haqları da var.

    Azərbaycan dili dərsi milli azadlıq hərəkatı idi...

    Bizim məktəb illərimiz çox çətin və tarixin maraqlı bir dövrünə təsadüf edir. 90-cı illərdə azadlıq hərəkatının başladığı vaxtlar idi. Bütün hadisələr bizim həyatımızda öz əksini tapdı. Hamımız bir ideya ətrafında birləşmişdik. Təsəvvür edin sovet hakimiyyətindən sonra bayrağımızın ilk dəfə dalğalandığı vaxtlar idi, himnimiz, gerbimiz təsdiq olundu. Məktəbimiz Azadlıq meydanının yaxınlığında idi. Məktəbimizin məzunlarının Qarabağda həlak olması, erməni müəllimlərinin həmin vaxtda çıxıb getmələri. Bu hadisələr yaddaşımızda qəribə duyğularla qaldı. Bir şeyi qeyd edim, o anda biz uşaqlar digər millətlərə qarşı haqsız idik. Başqa millətdən olan uşaqlara qarşı acıqlı davranırdıq. Ancaq Azərbaycan, “biz” deyirdik. Öz aramızda qəsdən Azərbaycan dilində danışırdıq. Ana dili dərsi bizim üçün sanki bir milli azadlıq hərəkatı idi. Hamımızın dəftərinin arxasında Azərbaycan bayrağı çəkilmişdi, “Azadlıq”, “Vətən” sözləri yazılmışdı.

    Məktəblərarası davalar dəbdə idi

    Həmin vaxtlar məktəblərarası davalar çox olurdu. O vaxtı bu bir dəb idi. Nəyə görə dalaşırdıq, bilmirəm. Ya başqa məktəbdən kimsə bizim məktəbə gəldikdə, yaxud bizim məktəb yoldaşımıza nəsə deyəndə, ya bizdən kimsə onlara sataşanda və sair belə şeylərə görə həmişə dava edirdik. Biz bu davalara ciddi bir iş kimi baxırdıq. Atam həmişə naharı evdə edirdi. Arada gəlib məni məktəbdən götürürdü. Baxırdı paltarım cırıq, üstüm toz-torpaqdır. Soruşanda niyə dava etmisiniz, deyirdim filankəs gəlmişdi, bizim məktəbdə dayanırdı, biz də dava etdik. Deyirdi, sənin başın xarabdır...

    Bir qızı sevirdimsə, bütün məktəbə car çəkirdim

    Məktəbdə maraqlı epizodlar var idi. İbtidai siniflərdə qızlara açıq-aşkar ..mən səni sevirəm.. deyə bilirdim. Amma 7-ci, 8-ci siniflərdə utanırdım. Bir qızı sevirdimsə, mənim ona olan sevgimdən bütün məktəb xəbərdar olurdu. Mən hamıya yayırdım ki, bilin bu, mənim qızımdır. Heç kim onunla danışmasın. Bundan qızın xəbəri olmurdu. Hər gün onu evlərinə ötürürdüm. Qız qabaqla gedir, mən də 20 metr ondan arxada gedirdim.

    Hazırlaşırdım ki, sevgi etirafı edim, anası gəldi...

    O zaman məktəbdə partiyə hazırlaşırdıq. Bir ay əvvəldən ciddi tədbirlər görülürdü. Kim maqnitofonu gətirəcək, kim yeməyi, kim musiqini təşkil edəcək. Belə bölgülər aparırdıq. Hər şeyə çox ciddi hazırlaşırdım. Səbəb isə bir qız var idi, ona sevgi etirafı etməyə hazırlaşırdım. Mərasim başladı. Qız bir qədər gecikmişdi, sonra mən oğlanlara çıxmalı oldum. Nəhayət, ona yaxınlaşdım və rəqsə dəvət etdim. Rəqsimizdən heç 5 dəqiqə yox, 3 dəqiqə keçmişdi ki, işıqlar yandı. Anaları gəldi və qızları apardı. Onlar çıxıb getdi, mən də əlimdə maqnitofon, məyusluqla baxa-baxa qaldım. Bu epizod heç vaxt yadımdan çıxmaz. Amma həmişə uduzduğum məsələlər mənə təkan verir. Başa düşdüm ki, sevirsənsə gərək bunu anında söyləyəsən.

    Amma o qızı həqiqətən sevirdim...

    Məktəb vaxtı bir qız var idi. Onu doğrudan sevirdim. İndi onun ailəsi var. O xanım Bakıda yaşamır. Amma arada görürəm. Hesab etmək olardı ki, o da məni sevirdi. Məktublaşmırdıq, amma şəhər telefonu ilə danışırdıq. Ev telefonlarımız həmişə məşğul olurdu. Atam deyirdi görəsən nə vaxtısa ev telefonuna zəng çalanda düşmək olacaq ?

    Eyni vaxtda 3 qız sevirdim...

    Qəşəng qız görəndə həmin dəqiqə vurulurdum. 3 qızı birdən sevirdim. Biri ilə görüşmək alınmayanda o biri ilə görüşürdüm. Deyim ki, məktəb vaxtları hamısı ölürdü mənim üçün, yox. Məktəbdə yaraşıqlı, idmançı uşaqlar var idi. Qızların onlar üçün ürəkləri gedirdi. Mən başa düşürdüm ki, xarici görkəm etibarı ilə bunların diqqətini cəlb edə bilməyəcəyəm. Ona görə də çalışırdım daha çox məlumatlı olum. Dostlarımla bir yerə gedəndə hamının gözləri onlarda olurdu. Bir-ikisi mənə baxırdı. 10 dəqiqədən sonra onlar mənim ətrafımda olurdu. Söhbətlə, danışıqla onları cəlb edirdim. Onlar mənə orta məktəbdə başqa gözlə baxırdılar. Sinfimizdə “5” alanlar çox idi, mənim kimi “3” alan az idi. İndi həmyaşıdlarıma baxıram. Sonradan “5” alanlar haradasa geri qaldı, məni kimi “3” alanlar irəli çıxdı. Deməli, qiymət göstəricisi yox, savad göstəricisi var. Sən öz üzərində özün işləməlisən.

    Sevdiyim qızlar haqqında həmişə atama danışardım...

    Atam çox müasir adamdır. Elə bəlkə bu səbəbə görə mən tez evləndim və mənim kifayət qədər uğurlu ailəm oldu. Çünki o mövzu uşaqlıqdan bizdə qapalı deyildi. İndi özüm də onun kimi ata olmağa çalışıram. Oğlum uşaq bağçasında bir qızı sevib. Qızın anası azərbaycanlıdır, atası xarici. Gəlib utana-utana anasına danışıb. Həyat yoldaşım da mənə dedi ki, Kamal bağçada bir qız sevir. Amma utanır sənə deməyə. Mən onu çağırdım. Bir dost kimi söhbət etdik. 8 martda gedib, qız üçün balaca bir buket aldıq. Kamal aparıb buketi qıza verib. Bir neçə gündən sonra evimizə bağçadan bir məktub gəldi. Məktubda yazılmışdı ki, hörmətli Kamalın valideynləri. Biz Kristinanın valideynləriyik. Sizə dərin təşəkkürümüzü bildiririk ki, oğlunuzun bu anında ona dəstək olursunuz. Əminik ki, bizim qızımızın da ilk sevgisi onun həyatında unudulmaz bir xatirə kimi qalacaq. Onda mən başa düşdüm ki, atam düz edirmiş. Mən demirəm ki, bu lap açıq müzakirəyə çevrilsin. Amma bu, gizlədiləsi mövzu deyil.

    Anam çox sərt qadın olub

    O, ömür boyu mənim dərslərimə nəzarət edirdi. Çalışırdı ki, dərslərimdən qalmayım. Gəlib evdə desəydim ki, bizə tapşırıq verilməyib, dərhal zəng edib müəllimədən soruşardı. Məni problemlə üz-üzə qoyardı. Ona görə də çalışırdım həmişə düz danışım. Atam işdə olduğu üçün bizim dərslərimizlə anam məşğul olurdu. Anam həm də fortepiano müəlliməsidir. Mən onun dərslərinə də gedirdim.

    Mən ona görə kök və ağıllıyam ki ..

    Müəlliməmiz tək qalırdı. İbtidai sinfi bitirsək də gəlib bizi yoxlayırdı. Sinfimizdə yaxşı uşaqlar var idi. Çoxu da tanınmış adamların övladları idilər. Bir neçə uşaq var idi ki, gəlib evdə də nəzarət edirdi. O, bilirdi ki, mənim valideynlərim işdə olur. Ona görə də dərslərimizə diqqət yetirirdi. Sonra anamla dostlaşdılar, bayram günləri bizə gəlirdi, evimizdə qalırdı. Yay tətilində biz Gəncəyə, nənəmgilə getdik. Nənəmin böyük bir evi var idi. Maraqlı bir andır ki, bu iki xanım Aleksandra Sergeyevna və mənim nənəm Əliyeva Xanımnaz, saatlara söhbət edirdilər. İş orasındadır ki, nə mənim nənəm rus dilində, nə də müəlliməm də azərbaycanca bilirdi. Xanımnaz nənəm yaxşı evdar xanım idi, rus dili müəlliməm isə çox ağıllı idi. İndi mən ona görə həm kök, həm də ağıllıyam .

    Müəlliməm evini mənə bağışladı

    Bir gün müəlliməmin halı pisləşdi və valideynlərimi yanına çağırdı. Dedi ki, mənim səhhətim pisdir. Mən öləcəyəm. İstəyirəm vəsiyyət edim. Mənim bir evim var, onu Murada vermək istəyirəm. Muraddan başqa heç kimim yoxdur. Anamgil razı olmamışdılar. O, dünyasını dəyişdikdən sonra bizə məktub gəldi ki, Aleksandra Sergeyevna evi sizə bağışlayıb. Bizim imkanımız çox yaxşı idi. Atam dövlət işində çalışırdı. Bir neçə evimiz var idi. Amma o müəllimə evi mənə bağışladı. Onun bu hərəkəti mənə bir dərs oldu. İnsan çalışmalıdır, heç vaxt tək qalmasın və heç vaxt tək olanı tək qoymasın. Mənim uşaqlıq dövründən gördüyüm ən böyük yaxşılıq idi. O, əsl müəllim və sevgiyə layiq insan idi.

    Bir neçə dəfə yalan danışmışam

    Müəllimlərdən valideynlərimə, yaxud dostlar arasında kiçik yalanlar olurdu. Bu hal məni həmişə utandırırdı. Heç vaxt yadımdan çıxmaz, bir dəfə dərsdən qaçmışdıq, özümüz üçün gəzirdik. Birdən gördüm babam qarşıma çıxdı. Mən onu görməməzliyə vurdum. O isə məni gördü. Üstündən nə qədər illər keçib. Babam dünyasını dəyişib. Amma inanın ki, indiyədək peşmançılıq çəkirəm. Babam çox sanballı kişi idi. Ona görə də etdiyim o səhvi heç özümə bağışlaya bilmirəm.

    İlk dəfə KVN-ə gəldiyim gün

    Son siniflərdə məktəb tədbirlərində çox iştirak edirdim. Cüdoda uğur qazana bilmədim. Bilirdim ki, başqa uşaqlar buna daha çox vaxt sərf edib, məşqlər edirdilər. Bir gün məktəbdə sinif yoldaşım gəldi ki, uşaqlar yuxarıda KVN oynayır, gəlin gedək baxaq. Məktəbin bütün əlaçıları əyləşmişdi. Mən də pis oxuyan şagird idim. Harada məni görəndə deyirdilər “eh, xətadan uzaq edin”. KVN oynayır, mən də baxıb gülürdüm. Bir neçə dəfə güldüm. Bir nəfər cavan oğlan mənə dedi ki, sən kimsən gülürsən? Dedim gülürəm də KVN-dir, gülməlidir. Dedi asan gəlir sənə? Mən də cəsarətlə dedim hə, nə var ki burda, asandır. Aramızda bir balaca mübahisə yarandı. Həmin o sarışın oğlan Timur Vaynşteyn imiş. Həmin Timur ki, sonradan bizim komandanın bədii rəhbəri oldu. Məni KVN-ə o gətirib. Sonra Ənvər Mansurov, Emil Abbasov, 4-cü Anar Məmmədxanov gəldi. 1993-cü ildə isə məktəblərarası final idi. Bu finalda Anar dedi ki, hər komandadan bir nəfəri Moskvaya aparacağıq. Bəli, o an mənim üçün ən unudulmaz, yaddaqalan bir gün oldu. Təsəvvür edin. Sən valideynlərsiz gedirsən Moskvaya, kefə. Onda başa düşdüm ki, mən mühüm bir addım atmışam.

    Valideynlərim dəstəkləyirdi…

    Bu işdə valideynlərim mənə çox dəstək oldular. Onlar mənə qadağa qoymadılar ki, ayıbdır, get başqa iş tap özünə və sair. Yox. Baxmayaraq ki, sonradan maliyyə vəziyyətimiz çətinləşdi. Buraxılış gecəsinə məndən başqa hamı öz maşını ilə gəlmişdi. O vaxtı fikirləşdirdim ki, hər şeyimi verərəm, təki bu gecəyə maşınımla gəlim. Sonradan gördüm ki, bu, boş söhbətdir. Mən sənədlərimi incəsənətə vermişdim. Atam məni çağırdı ki, Murad, sən onsuz da aktyor olacaqsan. Amma bununla bərabər digər sənətə də yiyələn. O vaxtı incimişdim ondan. Amma indi deyirəm nə yaxşı ki, onun dediyi kimi etdim.

    25 qız və mən…

    İxtisas seçimində digərlər mərhələlərdən keçdim. İmtahanı götürən tanınmış bir aktyor idi. Dedi ki, səndən aktyor çıxmaz. Məyus halda geri qayıtdım. Bir neçə il sonra KVN-in konserti idi. Mən də Heydər Əliyevi parodiya edirdim. Hamı alqışladı, çox bəyəndilər. Səhnədə həmin aktyorla qarşılaşdım. O məni tanımadı və dedi ki, sən sənədlərini incəsənətə verməli idin. Dedim müəllim, sağ olun, lazım deyil (gülür). Universitetdə də Allah mənim üzümə baxdı. Ən sevdiyim mövzu qabağıma çıxdı. 25 qız və mən... Kefdə idim.

    Ən kədərli günüm oldu...

    Bu hadisəni ilk dəfədir, danışıram. Mənim bir dostum var idi. Bizim atalarımız da vaxtı ilə bir yerdə olub. Sonra onun atası öldü. O, anası və bacısı ilə birlikdə yaşayırdı. Çox istedadlı uşaq idi. Dövr elə dövr idi ki, onu göstərmirdi. Əksinə, dalaşqanları göstərirdi. Mənim uğurlarıma çox sevinən dostum idi. Sonralar mənim başım işlərə qarışdı. Bir gün onunla qarşılaşdım. Tanıyan o oldu, mən onu tanımadım. Saçları uzun, pis formada idi. Eşitdim ki, narkotikə qurşanıb. Amma istəmirdi müalicə olunsun. Bir dəfə anası məndən xahiş etdi ki, ona dəstək olum. Mən də ona söz vermişdim. Lakin işlər elə gətirdi ki, heç cür imkan tapa bilmirdim. KVN-lə əlaqədar xaricə gedirdik, başım qarışıq olurdu. Bir gün onun ölüm xəbərini eşitdim. Yasına gedə bilmədim. Düşündüm ki, onun anasına nə deyəcəyəm. Yalnız bir ildən sonra onun qəbrini ziyarət edə bildim. İndi də onun anasını görəndə özümü günahkar sayıram. Mən öz dostumu qoruyub saxlaya bilmədim.

    Jalə Məmmədli

    noimage

    noimage

    noimage

    noimage
#08.05.2012 00:29 0 0 0