Lent.az-ın məlumatına görə, reper çoxdan gözlənilən solo konsertində "14" albomundan hit treklərini, həmçinin zəngin repertuarından yeni kompozisiyalarını canlı olaraq ifa edib.
Tamaşaçıların böyük marağına səbəb olan konsertdə gənc ifaçı Səbina Rəhimova, gənc reperlər Monk, Xan, həmçinin Azərbaycanın populyar reggea ifaçısı Miri Yusif də iştirak edib. Müvəffəqiyyətlə keçən konsertdə PRoMetenin yeni klipi və yeni web-saytı təqdim olunub.
Qeyd edək ki, PRoMete 2004-cü ildən professional replə məşğul olur. 2007-ci ildə bir neçə reper dostu ilə H.O.S.T rep qrupunu yaradaraq yaradıcılığına davam edir. Qrupun indiyədək "Proloq" (4000 tirajla pulsuz paylanılıb), "Qarada Qırmızı" (8000 tiraj Azərbaycan və Rusiya bazarlarında satılıb), "EP" (1000 tirajla pulsuz paylanılıb) albomları işıq üzü görüb.
PRoMete solo karyerasında "14" adlı solo albom (2000 satış) çıxartdırıb. O, 50-dən çox sinqlın, 7 klipin , 4 bədii film üçün soundtrack müəllifidir. PRoMete "Günəş şəhəri" bədii filmi və "Cavanlıq" serialında baş rolun ifaçısı kimi tanınır.
Repçi "Reinkarnasiya", "Rekviem", "Beşikdən Məzara" adlı konsertlərində çoxsaylı auditoriya qarşısında, eləcə də 40-dan çox klub konsertləri və partilərdə çıxış edib.
Konsertin informasiya dəstəyi Lent.az-a məxsusdur.