“Google” şirkəti 3D formatında şəhərlərin xəritələrinin yaradılması üzrə yeni layihənin işə salındığını elan edib.
Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ-ın bir neçə yaşayış məntəqəsinin üçölçülü xəritələri bu ilin dördüncü rübündə təqdim ediləcək və “Google Earth” servisinə əlavə olunacaq.
Şirkət yeni formatın imkanlarını mətbuat konfransının keçirildiyi San-Fransisko şəhərinin timsalında göstərib. İstifadəçi təyyarədən edilən çəkilişləri seyr edən zaman onda hava ilə şəhər üzərində uçması təəssüratı yaranacaq. Bina, abidə və hətta küçələrdəki ağaclar lentə alınacaq və istifadəçilər bütün obyektlərə dörd tərəfdən baxa biləcəklər.
“Google” ilin sonuna qədər ümumi əhalisi 300 milyon nəfər təşkil edən bir neçə şəhərin ətraflı çəkilişlərini əldə etməyə ümid edir. Bundan başqa, “Google” internetə qoşulmadan “Android” əməliyyat sistemi üçün “Google Maps” əlavəsində xəritələrə baxmaq imkanının olduğunu da açıqlayıb. Bunun üçün istifadəçi əvvəlcədən xəritənin lazımi hissəsini seçməli və məlumatları smartfon və ya planşet kompüterin yaddaşına yükləməlidir.