Paşa Araz - ToqqLu Dostuma Məktub

Son güncelleme: 13.08.2012 12:33
  • Paşa ARAZ

    Toqolu dostuma məktub
    (hekayə)

    “Əzizim Maykl, yazdığın məktubun mənə necə sevinc bəxş etdiyini sözlə sənə çatdıra bilməyəcəyəm. Bu məktubu sənə böyük bir sevinc hissi ilə Bakıdan yazıram. Həmin Bakıdan! Sənin bəyəndiyin Bakıdan! İndi Bakı çox dəyişib, çox inkişaf edib, tamam başqa bir şəhər olub. Çoxlu sayda göydələnlər, geniş küçələr, ticarət mərkəzləri, müasir otellər və daha nələr, nələr. Hələ mən heç Bakı gecələrini demirəm. Bu şəhər indi tamam başqadır, başqa, dünyaya meydan oxuyacaq kimidir.
    Çox düşündüm ki, sənə bu məktubumda nədən yazım, nədən bəhs edim, nəyi, yaxud nəıləri xatırladım… Lakin sonda bu qərara gəldim ki, həqiqətdən, yeganə amalım olan həqiqətdən kənara çıxmayım, hər şeyi olduğu kimi sənə danışım, qoy yaddaşında necə qalmışamsa, elə də qalım. Bu məktub sənə bir müəllimin, bir vətənpərvər insanın, bir dostun söhbəti olsun.
    İndi mən Bakıdakı xəstəxanaların birində müalicə alıram. Həkimin mənə “darıxmayın tezliklə sağalacaqsınız” deməyinə əsla inanmıram və ömrümün sonuna bir neçə gün qaldığını yaxşı bilirəm. Bildirməyi özümə borc bilirəm ki, əgər bu məktubuma cavab yazası olsan mən onu oxuya bilməyəcəyəm. Özüm barəsində və durumum barəsində bundan artıq sənə heç nə yaza bilmədiyim üçün çox uzgünəm, üzürlü hesab et. Əgər sağlamlığım barədə səni üzdümsə, yenə də üzürlü hesab et.
    Səni hava limanından öz ölkənə yola saldığım gündən keçən on beş il ərzində bir dəfə də olsa səni axtarmadığım, ünvanını bilə-bilə sənə nəsə yazmadığım üçün çox və təkrar üzgünəm. Lakin özümə haqq qazandırmaq naminə olmasın deyə bildirirəm ki, bu on beş il ərzində dəfələrlə səni xatırlamışam, dəfələrlə səndən bir xəbər eşitməyi arzulamışam. Hətta son bir neçə ay bundan öncə Toqoda baş vermiş iğtişaşları televizorda xəbərlər proqramında göstərəndə də mən sənin barəndə çox düşündüm, diqqətlə televizora baxdım ki, bəlkə insanlar arasında mənim gözlərim önündən heç zaman surəti itməyən Maykılı görə bildim. Əfsus!
    Hərdən Afrika barəsində radioda danışılanda elə diqqətlə qulaq asırdım ki, sanki bu dəqiqə sənin adını çəkəcəkdilər, sənin barəndə danışacaqdılar, yaxud hər hansı cəngəllikdə yaşayan qəbilələr barəsində, yaxud vəhşi heyvanlar haqqında sənədli filmlərə televizorda baxanda da bu hislə yaşayırdım. Hətta bir neçə il bundan əvvəl keçirilən futbol üzrə Afrika Millətlər Kuboku çempionatında Toqonun bütün oyunlarını izlədim. Bəlkə səni tamaşaçılar arasında gördüm deyə. Yenə də əfsus!
    Hərdən kəndə valideynlərimin yanına gedəndə, anam, - “o, afrikalı necə oldu, nə xəbər var ondan?” - deyə səni məndən xəbər alır. Mən isə susuram, “bir xəbər yoxdur, anam!” - deyirəm. Bilmirəm səbəbini, amma anam həmişə sənə bir oğul gözü ilə baxırdı. Bunu sən özün də yaxşı bilirdin. Hətta bir dəfə kənddə qonşularımızdan biri sənin bizə bənzəmədiyini, başqa dinə etiqad etdiyini və dərinin başqa rəngdə olmasını deyəndə anam onun üstünə acıqlanıb, “necə olur-olsun, əsas odur ki, insandır” - deyərək səni müdafiə etmişdi.
    Kəndən söhbət düşmüşkən, xatırlayırsanmı, səni ilk dəfə kənddə camaat görəndə necə təəccüblənmişdi, “kəndə zənci gəlib” - kim səni görürdü heyrətlə qışqırırdı. O yerlərdə dəyişilib indi. Tamam dəyişilib. İndi səni görsələr belə nəinki, təəccüblənməyəcəklər, hətta əhəmiyyət vermədən belə yanından ötüb keçəcəklər.
    Yadındadır, səni qatarla Araz çayının sahilində yerləşən kəndimizə, sonra Horadiz qəsəbəsinə aparmağım? Ermənilərin o qəsəbəni, o kəndləri necə viran qoymaqları yadındadır da, onları öz gözünlə görmüşdün. İşğal olunmuş torpaqlar hələ də qayıtmayıb, qardaşım. Yenə də mənim valideynlərim, ailəm həmin sən getdiyin kənddə məcburi köçkün kimi kolxoz vaxtından qalmış kiçik, iki otaqlı qaynaqçı məntəqəsində məskunlaşıblar. O torpaqlar üçün necə darıxdığımı dəfələrlə sənə danışmışdım, amma bizim əlimizdən zorla alınmış torpağımız, əmlakımız nəinki, insanların, heç Birləşmiş Millətlər Təşkilatının da vecinə deyil.
    Necə sevincli və xoşbəxt günlər yaşamağımızı da unutmuram. Həmin tələbə yataqxanası! Nə qədər müxtəlif maraqlı hadisələr yaşamışdıq, yataqxananın 43 nöməli otağında. Yadındadır, sən gecələr mənə öz xalq mahnılarınızı zümzümə edərdin, sonra kəndinizdə qədim xalq əfsanəsinə çevrilmiş nağıllardan danışardın, hərdən heyrətimi görüb, öz çarpayından düşərək öz əl-qol hərəkətlərinlə onları göstərərdin. Mən isə bunların əvəzində həmişə səni İçəri Şəhərə, Dəniz kənarı Parka və birdə ki, Mərdəkan Qalasına gəzməyə aparardım. Bütün bunlar səni hər dəfə də heyrətləndirirdi.
    Çox zaman biz Bakı ilə Lomenin, Kür ilə Sionun müqayisəsini aparırdıq. Şəhərlərin müqayisəsində sən mübarizədən çox çəkinirdin, lakin çayların müqayisəsi gələndə sən əsl mübariz vətənpərvərə çevrilirdin. Sio çayı sənin üçün həyatda misli olmayan bir möcüzə idi. Bu çay sənin söhbətlərinin nəticəsi olaraq mənim beynimə elə həkk olunub ki, hətta mən onu bir neçə dəfə yuxuda görmüşəm.
    Həyat bizim düşündüklərimizdən çox-çox uzaqlardaymış, Maykl!
    Bəzən çarpayımda gecələr yatmamışdan əvvəl, yaxud ağrılarımın məni yatmağa qoymadığı vaxtlarda sənin barəndə elə hey düşünürdüm, qoca atanı, qoca ananı, onlar barəsində mənə danışdıqların xatırlayıram, onların illərcə sənin yolunu, adi bir məktubunun yolunu necə gözlədiklərini təsəvvür edirəm. Sənin bəzən yoxsulluqdan, pulunun olmadığından şikayətlənməyini, imkanlı həmyerlilərinin hər rüb sonu Toqoya getməyini, sənin isə gedə bilməməyini, əvəzində ya bizim kənddə, yada ki, yataqxanada qalmağını xatırlayıram.
    Gözlərim önündə insanların yaşlanmağını, qocalmağını görürkən təəssüf hissi ilə başımı bulayıram. O zaman beynimdə “mən də tezliklə qocalacağam” fikri baş qaldırır və mən heç kəsin duymadığı bir vəziyyətdə doğmalarını itirmiş uşaq kimi inləyirəm. Etiraf edim ki, bir neçə dəfə bu vəziyyəti yaşayarkən sənin dediyin “insan qocalanda heç kimə lazım olmur” sözü xatırlayaraq xəlvətcə ağlamışamda.
    Çox dəyişilib zaman, biz də çox dəyişilmişik. Bu ki, axmaqlıqdır Maykl! Ən böyük bədbəxtçilik bizim bütün bunları dərk edə-edə yaşamağımızdır. Axı, həyatda yaşamaqdan üstün nə ola bilər. Bunu sizin ədəbiyyatçılardan hansısa öz əsərində demişdi, xatırlayıram.
    Bir zaman yazılarımızı, sənin öz həmyerlilərinin bədii hekayələrini, şeirlərini birlikdə azərbaycan dilinə çevirərək tərcümə etdiyimiz yazıları qəzet və jurnallara çox ucuz qiymətə satdığımız günlər var idi. Sən öz kasıb ailəndən çox uzaqda, mən isə öz yurd-yuvasından didərgin düşərək çadırda yaşayan ailəmdən xəbərsiz halda, həm də yoxsul bir vəziyyətdə yaşayırdıq. Bəli, bəli yoxsul! (Bilirəm bu “yoxsul” sözünü sən heç zaman bəyənmirdin.) Onda bizim yeganə gəlirimiz qəzet və jurnalların verdiyi qəpik-quruş idi. Biz o günləri yaşaya-yaşaya haçansa bizim də böyük yazıçı olacağımızı, haçansa bizim də ədəbiyyat üzrə Nobel ödülünü alacağımızı düşünərdik. Hətta sən bu mükafatdan əldə etdiyin qazancı kəndinizdə açacağın məktəbə xərclədiyini, mən isə ölkəmdə yaşayan qaçqın və məcburi köçkünlərə paylayacağımı deyirdim.
    On beş il tamam bir əsrə bərabərdir bizim üçün, Maykl!
    Mən Asiyanın göbəyindən uzaq Şərqi Afrikaya nə yazmalıyam Maykl? Biz insanları vidalaşdıran, uzaqlaşdıran səbəb - bu bircə kağız məktub deyilmi?! İnsan təfəkkürünün kəşfi olan internet indi bu yaxınlığı daha da yaxınlaşdırdı. Lakin biz (biz dediyim üçün üzr istəyirəm) çox laqeyidik, Maykl! Özümüz-özümüzü unuduruq, özümüz-özümüzə yad kəsilirik. O zaman sənin mənə “daha dünyanı dəyişmək insanların əlində deyil” sözü ilə müraciət etməyinə bəlkə də çox gülürdüm, lakin indi anlayıram ki, həqiqətən də dünyanı dəyişmək insanların əlində deyil. İndi insanlar hər gün Tanrıdan yalnız onlara bəxş ediləcək sürprizi gözləyirlər.
    İndi tamam başqa zamandır və bu zaman on beş il bundan öncə bizim dediyimiz “indi bu başqa zamandır” dövründən tamam başqa fərqdədir. Və bu fərq düzəlmək, yaxşılaşmaq əvəzinə getdikcə mürəkkəbləşir, çətinləşir. Sadə insanların həyatı kimi!
    Sənin o zaman mənə “getdikcə planetlər günəşdən uzaqlaşacaqlar və bu uzaqlaşma nəticəsində yer kürəsində bütün canlılar məhv olacaq, təbiət olmayacaq” sözünə o zaman tamam başqa cür baxırdım, hətta təklikdə buna gülürdüm də...
    Bir şeyi bilirəm əziz dost, Tanrı bizim içərimizdə olan insanların etdikləri pisliklərə görə bizim hamımızı cəzalandırır... Bu cəzalandırmanın sonu isə çatmaq bilmir, elə davam edir. Hətta biz mömün insanlara qoşulub bütün günü Tanrıya dua etsək də bunun sonu olmayacaq. Əlimizdən daha heç nə gəlmir. Yeganə olan şey bu vəfasız dünyada bir-birimizlə ünsiyyət qurmaqdır. Bunu isə, bacarmırıq, bacarmayacağıq da. Heç Tanrı bizi əfv edib, bizə bir əsr ömr bəxş eləsə belə, bunu bacarmayacağıq. Çünki biz İnsanıq!
    Məktubunda yazdığın, ailənin başına gələn müsibətlərə görə çox üzüldüm, amma ailə qurmağına, əsas da sevdiyin qızla ailə qurmağına, iki uşağının olmasına və öz doğulduğun kənddə müəllim işləməyinə çox sevindim. Yaşamaq bizi olduqca incidir Maykl, çox incidir, lap çox.
    Bütün olanlardan sonra nəyisə xatırlamaq nəyisə düz, nəyisə yanlış çıxarmağın artıq heç bir mənası yoxdur. Mən daha insanların, onların düşündüklərini, yaşadıqlarını, nələr yaratmaq istədiklərinin mahiyətini heç cür anlaya bilmirəm.
    Biz həqiqətin gözünə baxmaqda daim acizik, Maykl!
    Müharibələr bizi – insanları vaxtsız-vədəsiz dünyadan köçürür. Biz azadlıq uğrunda çarpışırıq, yaşayırıq, amma bizi anlayan, düşünən yoxdur. Lakin unutmamalıyıq ki, bizi anlamayan, düşünməyən elə bizlərdən biri olan insanlardır. Bu yaxınlarda Somalidə insanların gözümüz önündə aclıqdan həyatdan köçməsi səhnəsini izləyirdim. Necə dəhşətli idi! O səhnələr bizə nələr yaşadırdı. Mən o səhnələri Qarabağ müharibəsində də görmüşdüm. Yadında xalqımızın başına gələn müsibətlərdən, Xocalı soyqırımından sənə danışırdım, xatırlayırsan yəqin. Yadımdadır, bir dəfə sənə “Müasir Toqo mədəniyyətinin inkişafında alman mədəniyyətinin rolu” adlı bir yazı yazmağı məsləhət gördüm. O zaman sən necə də əsəbləşdin və düz iki saat mənə o zaman Toqodakı alman kaloniyalarından və onların törətdiyi işlərdən danışdın.
    Budur insan! Hər şey öz əlimizdədir, lakin heç nəyin qədrini vaxtında bilmirik, əksinə sonda təəssüf hissi ilə olanları izləyərək dərindən köks ötürərək, “niyə belə baş verdi” - deyirik.
    Hələ tələbə vaxtı sənə rus yazıçı F.Dostoyevskinin “insanlıq” nəzəriyyəsindən geniş-geniş danışmışdım. Bu nəzəriyyə tamam başqa bir nəzəriyyə idi və heç bir nəzəriyyəyə əsla bənzəmirdi. İnsan bir fəlsəfədir. Kim necə istəyirsə o mövqedən öyrənməyə çalışır. Bizim yaşadığımız zamanda yaşayan insan bizim özümüzük. Onları biz yetişdiririk, lap ana bətnindən, antropoloji nəzəriyyənin əsasları kimi. Bir gün mən tələbələrimə “Mənim gəncliyim və onun gələcəyi” adlı inşa yazmağı tapşırdım. Hərəsi bir maraqlı inşa yazdı. Amma heç biri mənim ürəyimdən keçən arzunu yazmadı. Bilirsən də hansı arzumu: - Afrika savannalarında insanlardan uzaq, yaxud sivilizasiyadan uzaq insanların içərsində yaşamaq!
    Bəzən mən mobil telofonumu günlərcə sönülü saxlayıram, bəzən də balıq tutmaq üçün tilovumu götürüb çöllüklərə yollanıram, təki daxilən və mənəvi bir dinclik tapım. Ç.Aytmatovun “Gün var əsrə bərabər” romanında olan tülkü kimi boş-boşuna, sərgərdan çöllükdə dolanım. Lakin bu mümkün deyildi. Mən çox gecikmişdim.
    İnsan təbiətdən sonra meydana gəlib fikrində yəqin mənimlə razılaşarsan amma biz getdikcə təbiətin qədrini bilmirik. Mən özüm son dəfə bir neçə ay bundan əvvəl təbiətlə təmasda olmuşam. Bu ədalətsizlik deyilmi, Maykl? Bəzən mənə dənizlərdən, sahillərdən, gəmilərdən, hətta piratlardan danışardın. Əsrarəngiz Toqo cəngəlliklərindən tutmuş basırıq limanlarına qədər hamısını danışardın. Maraqlı gəlirdi mənə onlar, çox maraqlı.
    Bəzən mən oturub növbəti ilin planlarını hazırlayıram, yaxud bu barədə düşünürəm, amma növbəti il gələndə mən tamam başqa mühitə düşürəm və oturub keçən ilin uğursuzluğundan, itirdiklərimdən və qazana bilmədiklərimi düşünürəm.
    Bir zamanlar mən həyatımı nəzəriyyələrə bağlayırdım, lakin sonradan anladım ki, insan həyatını nəzəriyyəyə bağlamaq düzgün deyil, bu laqeyidlikdir. Bilmirəm, bəlkə də mənim bu mövqeyimlə razılaşmayacaqsan, amma istəmirəm haçansa siyasətlə məşğul olasan. Siyasət axmaqlıqdır! Axı, yaşamaq özümü idarə etmək, yaxud başqalarından seçilmək üçün siyasət nəyə gərəkdir. Bunun üçün bilikli və zəhmətkeş olmaq kifayətdir. Bütün bunlar bir oyun deyilmi, Maykl? Bəlkə də bu fikirlə razılaşmayacaqsan.
    Müəlliməmiz həmişə deyərdi, “Yaşamaq üçün yaratmaq lazımdır. Bu yaranış səni həm sağlığında, həm də ölümündən sonra yaşadacaq.” Biz azından-çoxundan yaşadıq. Ən azından mən belə hesab edirəm. Yaşatmağı, yaxud yaşamağımızı isə mən müəyyən etməkdə çətinlik çəkirəm. Əslində müəllimimin gözündə gizlənmiş həqiqət tamam başqa aspektdə idi. Biz yaratmalıyıq və bunun üçün yaşamağımızı düşünməməliyik. Bəs yaşamağımızı kim bizə bağışlayacaq? Əgər mən xəstəlikdən yaxa qurtarıb yetmiş beş yaşında əlimdə əsa güclə gəlib pivəxanada əyləşib və pivə sifariş etsəydim, o zaman xidmətçi mənə bir söz deyəcəkdir – “gecikmisən qoca”. Amma mən bütün ömrüm boyu yaşamaq üçün yaratmaqla məşgul olmuşam.
    Mən sənə azadlıq hissindən ümumiyyətlə danışmaq istəmirəm. Çünki bu hiss mənə payızın ilıq günlərində yağan qarı xatırladır. Bu qar isə növbəti gün çıxmış günəşin ilıq şüaları altında heç kimə lazım olmayan bir vəziyyətdə əriyib gedir. Daha heç nə yazmayacam bu barədə.
    Bəlkə də bu yazılarım sənin xoşuna gəlməyəcək, yaxud səni yoracaq. Lakin bu sözlərimin səndən başqa anlayacaq (hətta bunları həyat yoldaşım belə anlayacaq deyildi) bir insanın olmamasını görüb, yenə də sənə üz tutmağa məcburam. Səninlə tələbə yataqxanasının 43 nömrəli otağında gecələr uzun-uzadı etdiyimiz söhbətlər, bütün bu sözlərimin əsasını təşkil edir. Bunları, ona görə sənin eşitməyini lazımlı bilirəm ki, sən anlayacaqsan o sözləri. Qoy bu sözlər məndən sonra, məndən əbədi bir yadigar qalsın sənə.”

    Noyabr-Dekabr 2011
    Bakı
#29.06.2012 12:22 0 0 0
  • tesekkurler. bunu oxumusam br defe. ibretamiz hekayedi
#29.06.2012 12:26 0 0 0
  • Başlıqı böyük heriflerle yazmak yasak..
#29.06.2012 14:43 0 0 0
  • Mükemmeldir.....mükemmeldir..... Paşa Araza və bu yazını yerləşdirən şəxsə çox sağ ol deyirəm. Bəli, vəfasız həyatda biz insanlarda bir-birimizə qarşı vefasız oluruq. Təşəkkürlər Paşa Araz....

    lütfen Paşa Arazın diger yazılarını da vere bilirmisiniz.....
#13.08.2012 12:33 0 0 0