Paşa Araz - Ölümündən 17 Dəqiqə Öncə

Son güncelleme: 29.06.2012 14:35
  • Paşa ARAZ



    Ölümündən 17 dəqiqə öncə
    (psixoloji hekayə)


    Bəli, buna görə tanrılara şükür eləməyin yeri var. Bu onların dünyada gördükləri yeganə xeyirli bir işdir! Həyat işgəncə və əzaba çevrildiyi zaman, əbədi yuxuya dalıb ondan xilas olmaq nə qədər də asandır!
    Nəyi gözləyirsən? Vaxtdır.
    Cek London


    Əgər otağın şabalıd ağacından hazırlanmış və qədim naxışları əks etdirən bəzəklərlə işlənmiş qapısı astadan açılmasaydı, elə dayandığı yerdə; kitab rəflərinin qarşısında dayanaraq rəflərdəki kitablara bir-bir nəzər salacaqdı. Lakin qapı astadan açıldı və qapının özünəməxsus səsinə geri çevrildi və ev qulluqçusu olan qadını görən kimi sifətindəki məsumluq xoş bir görkəmə çevrildi.
    - Üzr istəyirəm cənab, - ev qulluqçusu xırıltılı səslə dedi. Ona “cənab” deyə müraciət etməsini ev qulluqçusundan özü xahiş və tələb etmişdi.
    - Buyurun, xanım Həmidova. - Qadının səsindəki titrəyişdən zənn etdi ki, yəqin ev qulluqçusu hər şeydən xəbərdardı, o, hər şeyi bilir və ondan nə isə xahiş edəcəkdi, lakin gözləri yazı stolunun üzərinə səliqə ilə qatlanaraq qoyulmuş kağız parçasının (onun üzərinə diyircəkli qələm qoyulmuşdu) tərpənməz vəziyyətdə qaldığını gördükdən sonra düşündü ki, hər şey onun düşündüyü kimi deyil, başqa nə isə baş vermişdir.
    Ev qulluqçusu qapının astanasında dayanaraq danışmaq üçün boğazını artladı və çətinlik çəkə-çəkə: - Mənim oğlum, kiçiyi, yazıçı olmaq istəyir. - Qadın birdən tutuldu, lakin sonra özünü ələ almağı bacararaq sözünü dedi: - Yox, mən onun yazıçı olmağının əleyhinə deyiləm, lakin bilirəm ki, yazı yazmaq onun işi deyil. Bunu dəqiq bilirəm.
    - Sizin oğlunuzun təhsili varmı? – O, əmin olanda ki, ev qulluqçusunun heç nədən xəbəri yoxdur, gülərüz soruşdu: – Yazı yazmaq arzusunda olan oğlunuzu deyirəm, xanım Həmidova!
    - O, kollec təhsili alıb, - qadın razılıqla başını tərpətdi, - hələ ki, işsizdir. Mən onun yazı yazmağının əleyhinə deyiləm cənab, əsla, lakin o, hələ çox uşaqdı. Sizin fikrinizi öyrənmək istəyirdim, cənab. Mən ona necə mane, yaxud, - o, bir qədər mızıldandı, - kömək edə bilərəm? - deyə soruşdu.
    - Yazıçı olmaq olduqca çətun bir peşədir xanım Həmidova. Bunun üçün olduqca çox kitab oxumaq lazımdır. – O, yavaş-yavaş yazı stoluna yaxınlaşdı, sonra özündən ixtiyarsız halda divardan asılmış saatına baxdı, altıya on yeddi dəqiqə qalırdı, daha doğrusu iyirmi dəqiqə (divardan asılmış saat üç dəqiqə irəli idi) və əgər o, on yeddi dəqiqəyə bu mövzunu yekunlaşdırmasaydı bu zaman ev qulluqçusunun saat altıda evə getmək arzusu nakam qalacaqdı. Bunun üçün o, yenidən kitab dolu rəflərə yaxınlaşdı və bir-birinin ardınca rəflərdən bir neçə, təxminən üç-dörd kitab götürdü, sonra üzünü ev qulluqçusuna tutub dedi: - bu kitabları oğlunuza verin və məsləhət bilin ki, onları dönə-dönə oxusun. Bu onun yazıçı olmaq istəyinə yardımçı olacaq. Sizə isə məsləhət görərdim ki, onun istəyinə və yazılarına hörmətlə yanaşasınız, - sözünü tamamlayıb kitabları ev qulluqçusuna uzatdı. Qadın öz növbəsində mehribanlıq və minnətdarlıqla ona uzadılmış kitabları qəbul etdi. Sanki böyük bir arzusuna çatırmış kimi astadan pıçıldadı: - Siz çox yaxşı insansınız cənab, çox sağ olun ki,..
    O, qadının sözünü sağ əlini qaldırmaqla kəsdi.
    - Lazım deyil, xanım Həmidova, bu sadəcə bir köməkdi ki, bunu mənim yerimə olan hər bir insan edərdi, lazım deyil.
    Ev qulluqçusu kitablar qucağında otaqdan çıxdı, qapını da astadan arxasınca bağladı. Yenə özündən asılı olmayan səbəbdən çevrilib divardan asılmış saata baxdı. Bu baxış çox qısa müddətli oldu və gəlib kreslosunda əyləşdi, əlini uzadıb yazı stolunun üzərində səliqə ilə qatlanmış kağız parçasını və diyircəkli qələmi götürdü. Kağız parçasının həmin kağız parçası olmasına əmin olması üçün açdı və ürəyində oxumağa başladı. “Bütün əmlakımı, hətta evimi də ikinci arvadıma (o, arvadı ilə küsməyinə səbəb olmuş xəyanətə görə arvadının adını yazmadı, lakin ona qarşı olan məhəbbətinə görə əmlakının biri hissəsini ona bağışladı), kitablarımla bağlı hər şeyi oğluma vəsiyyət edirəm.” Bir qədər dayandıqdan sonra kağız parçasını masanın üzərinə qoyub əlindəki qələmlə sonuncu cümləsini yazdı: “Kitab rəflərindəki kitabların hamısını sevimli qulluqçum, xanım Həmidovaya bağışlayıram.” Qələmi və kağızı əvvəlki vəziyyətdə yazı stolunun üzərinə qoydu və geri əyilib kresloya söykəndi. Dərindən nəfəs alıb gözlərini yumdu. Yaşadığı illərin əsasında həyatı barəsində hazırladığı qısametrajlı filmləri gözləri önünə gətirdi. Saysız-hesabsız sənədli və bədii filmələri! Uşaqlığını, gəncliyini, ikinci gəncliyini, yazılarını, kitablarını, uğurlarını, birinci nikahını, ikinci nikahını, oğlunun doğuluşunu, saysız-hesabsız hədiyyələri, mükafatları... Qəfildən gözlərini açdı və gəzləri divardan asılmış saata sataşdı, altıya altı dəqiqə qalırdı, daha doğrusu doqquz dəqiqə. Nə düşünürdüsə ayağa qalxdı, otağın pərdəsini ipini yığmağa başladı, pərdə yığıldıqca pəncərədən otağa süzülən işıq daha da artırdı, otaq tamam işıqlandı, sonra yaxınlaşıb divardakı elektrik qoruyucusunu aşağı endirdi, elektrik lampası söndü.
    Gəlib kitab rəflərinin qarşısında dayandı, sağ əlinin şəhadət barmağını kitablara sürtə-sürtə: -“cinayət, cinayət“ – deyə pıçıldamağa başladı. Nəhayət barmağı qalın və köhnə nəşr olan kitabın üzərində dayandı. Kitabı rəfdən çıxartdı, üzərinə baxdı - “Cinayət və cəza”. Birdən xatırladı ki, onun axtardığı bu kitab deyil, tez kitabı yerinə qoydu və yenidən şəhadət barmağını işə saldı, amma bu dəfə daha heç nə pıçıldamadı. Nəhayət kitablardan birini rəfdən çıxartdı. Üzərinə baxdı - ”İdiot”. O idi. Sevincək gəlib kreslosunda əyləşdi və yaddaşında ilişib qalmış cümlələri tapmaq üçün kitabı vərəqləməyə başladı. Oxudu: “...онун беш дягигя вахты галыб. О, дейирди ки, бу беш дягигя она битиб-тцкянмяз мцддят, кцлли сярвят тясири баьышлайырды, она еля эялирди ки, бу беш дягигя ярзиндя еля бир юмцр сцряъякдир ки, бу саат щеч сон дягигя дцшцнмяйин дя мянасы йохдур, беля ки, о, щятта фикриндя мцхтялиф мясяляляри дя эютцр-гой етди; йолдашлары иля видалашмаг цчцн вахты щесаблады, бунун цчцн ики дягигя мцяййян етди; - сонра сон дяфя юзц щаггында дцшцнмяк цчцн ики дягигя айырды, сонра да ахырынъы дяфя ятрафа эюз эяздирмяк цчцн bir dəqiqə...”
    Saata baxdı, altıya üç dəqiqə qalırdı, daha doğrusu altı dəqiqə.
    Hələ gənc yaşlarında yaddaşında əbədı həkk olunmuş bir hadisəni xatırladı. Yuxudan ağlamaq səsinə oyandı. Əvvəlcə eşitdiyinə inanmayaraq, bunun bir yuxu olmasını zənn etdi, lakin həmin səsi təkrar eşidəndə bu fikrindən vaz keçdi. Həmin səs küçədən gəlirdi. Dərhal eyvana çıxdı. Onun sifətinə aprel ayının mülayim və təravətli küləyi toxundu. Lakin bu toxunuş gözləri önündə canlanan mənzərədən yaranmış heyrətin qarşısını ala bilmədi. Küçədəki dayanacaqda əyləşmiş evsiz bir adam üzünü özünəməxsus olmayan bir parıltı ilə gecəni işıqlandıran aya tutub ətürpədici bir hönkürtü ilə ağlayırdı. Ağladıqca da hıçqırıq dolu səslə qışqırırdı: - Ey ay, mən sənə neyləmişəm, axı neyləmişəm ki, sən məni bu günə qoydun?”
    Qapının özünəməxsus səsi yenidən eçidildi. Başını qaldırıb qapıya baxdı, ev qulluqçusunu astanada gördü.
    - Cənab, sizə nəsə lazımdır?
    - Xeyr, xanım Həmidova, çox sağ olun.
    - O zaman mənə icazə...
    - Gedin! - Ev qulluqçusunun sözünü kəsdi. - Yaxşı yol, kitabları götürməyi unutmayın.
    - Baş üstə cənab.
    - Hə, bir də sabah gəlməzsiniz. Mən... - Səsi tutuldu, beynində hansı sözü deyəcəyi barədə götür - qoy elədi və, - sabah səfərə çıxacam, evdə olmayacam, ona görə də zəhmət çəkib gəlməyin, - dedi.
    - Yol çantanızı hazırlayım, cənab?
    - Narahat olmayın xanım Həmidova, mən özüm hər şeyi hazırlayacam.
    - Yaxşı, onda sizə yaxşı yol.
    - Sizə də, xanım Həmidova.
    Gözlərini yumdu, əvvəlcə adsız bir səsdən otağın qapısının örtülməsi, sonra isə dəhlizdən gələn ayyaqqabı səslərindən ev qulluqçusunun getdiyini, daha sonra isə möhkəm dəmir toxunuşu və cingilti səsindən mənzilin qapısının örtülməsi təsəvvür etdi.
    “Daha bir yazıçı doğulmaq üzrədi. Hansısa bir zavallı! Can atdığı həyatın qanunlarından, özünəməxsus adət və ənənələrindən xəbərsiz bir insan! Ey, səni nə məcbur edir yazıçı olmağa?! Məgər dünyada yazıçılıqdan başqa iş yoxdurmu? Axmağın biri, niyə öz gəncliyini, qiymətli vaxtlarını boş yerə sərf edirsən. Bu həyat sənə bir dəfə verilməyimmi? Nədən onu istədiyin kimi yaşamırsan, hər anından ləzzət almırsan...” – özü də bilmədən beynində dolaşan fikirlər onun düşüncələrini yarımçıq saxladı.
    Saata baxdı, altıya iki dəqiqə qalırdı, daha doğrusu beş dəqiqə.
    - Üç dəqiqə, cəmi üç dəqiqə, - dodaqaltı pıçıldadı.
    Beş dəqiqə! Son üç dəqiqəni özü üçün seçdi. Lakin bu dəqiqələri kimə xərcləyəcəkdi, bunu düşünməmişdi, amma düşünmək üçün daha bir dəqiqə götürdü. Cəmi dörd dəqiqə! Saata baxdı böyük əqrəb düz on bir rəqəmindən bir qədər keçdikdən sonra onun seçdiyi dörd dəqiqə başlayacaqdı.
    Hələki, həmin ana bir dəqiqə qalırdı, daha doğrusu doxsan beş saniyə. Bu zamanın qırx saniyəsini kitab rəfində gizlətdiyi dərmanın götürülməsinə, əlli saniyəsini isə mətbəxdən bir fincan ilıq su gətirilməsinə xərclədi.
    Vaxt başladı. Cəmi dörd dəqiqə. Birinci dəqiqə, üç dəqiqəni kimin və nəyin barəsində fikirləşməli idi. Demək belə, birinci dəqiqəni, ancaq özü barəsində düşünəcəkdi. Bu ona bəs edəcəkmi? Bütün ömrü bir dəqiqəyə necə sığacaq. Hər bir halda bunu bacarmalıdır. Başqa çıxış yolu yoxdur. Birinci dəqiqədən boş vaxtı qalarsa özü üçün hazırladığı sənədli və bədii qısametrajlı filmləri izləməyi də nəzərdə tutdu. İkinci dəqiqəni kitablarına həsr edərək, onları düşünməlidi. On yeddi kitab, uğur gətirmiş kitablar. Sonuncu üçüncü dəqiqəni isə ona əziz olan insanları, anasını və oğlunu düşünməklə keçirəcəkdi. Vəssalam...
    Onun dörd saniyəsi qalırdi. Dərmanı ağzına qoydu və fincandakı suyu başına çəkdi. Boş fincanı yazı stolunun üzərinə qoydu.
    Birinci dəqiqə... özünü düşünməyə başladı. Elə dəqiqliklə və sürətlə düşünürdü ki, keçən bir dəqiqənin azlığı onu narahat etmirdi. Hətta dəqiqənin əllinci saniyəsində özü barəsində hazırladığı filmlərdən bəlkə də ən maraqlısını izlədi. Bu nə idi, yəni onun bu əlli yeddi illik həyatı əlli saniyə qədər qısa imiş. Dəhşət! Yəni, əlli yeddi ili əlli saniyəlik xatırlanacaq qədər yaşayıb... Bu ki dəhşətdir! “Eh insan” - yalnız bunu inlədi və yalnız ikinci dəqiqənin başlamağına beş saniyədən də az vaxt qaldığı bir zamanda beynində insanın bu həyatda yaşamağının məqsədini anlamağa çalışdı. Birinci dəqiqə tamam oldu, ikinci dəqiqə başladı. Lakin o, əvvəlcə hazırladığı qaydanı pozdu. İkinci dəqiqəni də hələ də anlamadığı əlli saniyəlik ömrünə xərclədi, ömrünün bu qədər qısalığını düşündü. Bu düşüncə o qədər maraqlı və müxtəlif fikirlər qovuşağından keçirdi ki, irəliləyən saniyələr onu maraqlandırmırdı. İkinci dəqiqə də tamam oldu, üçüncü dəqiqə başladı. O, demək olar ki, öz kitabları barədə heç nə düşünmədi. Məhz kitabları barəsində düşünmədiyini üçüncü dəqiqənin əvvəlində bir neçə saniyəlik düşündü. Bundan başqa əlavə altı saniyəni ömrünün son üç dəqiqəsində qırx illik həyatını həsr etdiyi yazılarını düşünmədiyini və bunun əvəzində yaşamağın lazım olduğu fikrinə xərclədi. Saniyələr əriyirdi. Üçüncü dəqiqənin düz ortasında tələsik, anasını, oğlunu, birinci və ikinci arvadını, hətta ev qulluqçusunu da düşünməyi qərara aldı. Anasına vaxtı lap az ayırdı. Çünki onun yanına gedirdi, onsuz da onunla görüşəcəkdi. Bu iki saniyə apardı. Oğlu barəsində düşünəndə oğluna yaratdığı şərait ona arxayınlıq və bir qədər də sevinc bəxş etdi. Oğluna yeddi saniyəsini həsr etdi. Birinci arvadı! İndi ömrünün bu qiymətli və son anlarında onun barəsində də düşünməyi insanlıq hissilə bağladı. Onsuz da iyirmi ilə yaxındır ki, ondan xəbəri yoxdur. Buna beş saniyəsi getdi. İkinci arvadının bir-iki hərəkətini çıxmaq şərtilə demək olar ki, bütün hərəkətlərini, onunla əbədiliyə çevrilmiş xatirələrini düşündü. Bu düşüncə onun yeddi qiymətli saniyəsini oğurladı. Nəhayət on beş il ərzində ona qulluq göstərən sevimli ev qulluqçusu xanım Həmidovanı xatırladı. Maraqlısı ondan ibarət idi ki, o, ev qulluqçusunu düşündüyü müddət ərzində necə oldusa onun yazıçı olmaq istəyən oğlunu xatırladı. Köksünü ötürərək onun gələcək halına yandı. Bütün bunların hamısına səkkiz saniyə vaxtı getdi.
    Üçüncü dəqiqənin başa çatmasına bir saniyə qalmışdı.
    Bu düşüncələr onu elə tutmuşdu ki, ötüb keçən zamandan xəbəri yox idi.
    Və birdən...

    Fevral - Mart 2012
    Bakı
#29.06.2012 12:28 0 0 0
  • Mail vermek yasak...
#29.06.2012 14:35 0 0 0