Bir Uşaq Baxır Yolun o Tayından

Son güncelleme: 09.10.2012 08:44
  • Bir uşaq baxır yolun o tayından hekayesin oxu

    Onun sevimli məşğuliyyəti idi yol kənarında dayanmaq, gələnə-gedənə baxmaq..
    Sevirdi anasının əlindən tutub gülümsünə-gülümsünə gedən qız uşaqlarına baxmağı..
    Sevirdi atasının aldığı oyuncağını sürüyə-sürüyə arxasınca çəkən oğlan uşaqlarını seyr etməyi..
    Sevindi.. İçində uşaq olan bütün səhnələri sevirdi...
    Uşaq.. O kim idi bəs?
    Uşaqmı?
    Deyildi, uşaq deyildi.. O çoxdan böyümüşdü, lap çoxdan.
    Aradan keçən illəri özü belə unutmuşdu, amma bilirdi ki, daha uşaq deyil.
    Böyümüşdü, məcburən, zoraki böyümüşdü.
    Bu şəhər xırda insanları məcbur böyüdür, zorla böyüdür.
    Bu şəhər uşaqları sevmir...
    Uşaqlara qarşı daha nəvazişli deyil, əvvəlki tək...
    Yolun o tayındakı uşaq da bunu bilirdi, ona görə tez böyüdü...
    İndi oyuncaq görməyən əllərinin birində vedrə, o birində çırıq əski...
    Gəlib-gedən maşınlara doğru qaçır yay şəpitləri olan çılpaq ayaqları ilə..
    İndi də yolun o tayından bu tayına doğru qaçdı.
    Qara rəngli bir maşına yaxınlaşdı, pəncərəsinə boylandı: "Yuyummu əmi?!" dedi...
    Qara eynəkli əmi pəncərəni bir qarış endirib onun üzünə baxdı..
    Həyat üzünə gülsə bu gün tox yatacaq
    Qalıbsa əgər azacıq bu şəhərin insafı...
    Bu gün hər axşam kartonlara bürünüb yatdığı arxa küçələrdəki, dar dalandakı sığınacağına bir çörək apara biləcək bəlkə
    Bəlkə ayağına bir çəkmə də aldı, kim bilir?!
    Yükü çoxdu, lap çox, bircə bu əmi izin versəydi maşınını yumağa...
    Gülümsünürdü uşaq, "hə" gözləyirdi, "yox" duymaq istəmirdi..
    Eynəyini endirdi qara maşının sahibi, gözlərini qıyıb baxdı uşağa, yalın ayaqlarına, əlindəki su dolu verdəyə baxdı. Eynəyini qaldırdı gözünə, şüşəni də yerinə qaldırdı, maşını işə saldı, çirkli suyu uşağın üzərinə sıçratdı və getdi....
    Mənim 8 yaşlı qəhrəmanım baxdı o maşının arxasınca, içindən dəli kimi ağlamaq keçdi, amma özünü saxladı, "böyüklər ağlamaz" dedi pıçıltı ilə.. O böyümüşdü, yaşadığı hər il ona 8 yaş gətirmişdi, 8 yaşlı qəhrəmanımın sən hesabla indi neçə yaşı var..
    O yenə gülümsünür, bu şəhərə gülür...
    Yolun o tayından baxan o məsum "uşaq" bu şəhərin amansızlığına gülür...
    Bu həyata veriləcək ən gözəl dərs verdiyi acılara gülümsəməkdir çünki...

    Lalə Mehralı
#09.10.2012 08:44 0 0 0