Cəmiyyətdə birlik və vəhdətin yaranmasında mühüm amillərdən biri də mötədillik və hər növ ifrat-təfritdən uzaq olmaqdır. Yaşadığımız dünya İslam dininin əmrlərinə və prinsiplərinə ikili standartlarla yanaşmaqdadır. Bəzi İslam ölkələri ölkənin idarə olunması üçün hələ də İslam təlimlərinə uyğun qanun və qaydalar qəbul etməyiblər və yalnız adlarının müsəlman olmaları ilə kifayətlənirlər. Bir qrup ölkələrdə isə İslam hökmləri çox çətin və dəhşətli şəkildə icra edilir ki, bu da İslam dininin dünyada dəhşətli və qorxunc bir din kimi tanıdılmasına səbəb olur. İmam Əlinin (ə) baxışlarında bu əqidə və rəftarların hər ikisi pislənilir. O həzrət buyurur: «Qarşısında Cənnətlə Cəhənnəm olan hər bir kəs asudə deyil. (Birinci, saleh əməllərlə) cəld səy göstərən (İlahi əzabdan) nicat tapmışdır. (İkinci) Haqqı axtaran ki, tənbəldir və (Allahın rəhmət və bağışlamağına) ümid edir. (Üçüncü) Təqsirkar (haqqa göz yuman), ilahi atəş və əzab içində həlak olandır. Yolun sağı və solu ilə getmək azğınlığa gətirib çıxarar. Doğru yol orta yoldur.”
Və ya xəvaricə buyurur: «(Şeytanın arxasınca getməyin təsirindən) tezliklə iki tayfa mənə görə həlak olacaq: dostluqda ifrata varan dost. Belə ki, sonsuz məhəbbəti onu batil yola (onu Allah və ya peyğəmbər sanmaları kimi) çəkəcək. Digəri isə, öz həddini aşan və sonsuz düşmənçiliyinin nahaq yola vadar etdiyi (xəvaric və nəvasib kimi,) düşməndir. Mənim haqqımda ən yaxşı iş görənlər mötədil dəstədəndirlər. Belə isə, bu mötədil dəstəyə yoldaş olub, böyük və parlaq ürəyin (adil sultanın ardıcıllarının) ardınca gedin.