Yumurta, vetçina və pendirdən hazırlanmış və səhərlər yeyilən buterbrod sağlamlıq üçün təhlükəlidir.
O, qan damarlarının işini çətinləşdirir. Bu isə, öz növbəsində, ürəyin işemik xəstəliyinə səbəb olan ateroskleroza səbəb ola bilər. Belə bir qənatətə kanadalı alimlər gəliblər.
Kalqari Universitetindən Vinsent Linin rəhbərlik etdiyi bir qrup tədqiqatçı müəyyən edib ki, sendviçlərin tərkibində xeyli miqdarda yağ var və bu yağ illər ərzində qan damarlarında toplana bilər. Nəticədə əldəki arteriyalardan keçən qanın həcmi azalır ki, bu da, öz növbəsində, əhvalın pisləşməsinə gətirib çıxarır.
Alimlər bu nəticəni zərərli vərdişlərdən əziyyət çəkməyən könüllü tələbələrin iştirakı ilə keçirilən təcrübədən sonra əldə ediblər. Tədqiqatın məqsədi bir yüksək kalorili yeməyin xırda qan damarlarına, kapilyarlara, bütövlükdə isə qan dövranı sisteminin vəziyyətinə təsirini müəyyənləşdirməkdən ibarət olub.
Alimlər tələbələrin vəziyyətini iki dəfə öyrəniblər. Birinci dəfə səhər yeməyi, ikinci dəfə isə tərkibində 50 qram yağ olan iki sendviç yedikləri zaman. Məlum olub ki, buterbrodları yedikdən iki saat sonra arteriyalardan keçən qanın həcmi 15-20 faiz azalıb. Bu zaman müəyyən olunub ki, bir dəfə yeyilən sendviç sağlamlığa ziyan vurmadığı halda onun müntəzəm yeyilməsi damarlara əvvəllər güman edildiyindən xeyli və daha güclü zərər verir.
"Mən demək istəmirəm ki, heç vaxt sendviç yeməyin. Lakin siz belə qidalanma zamanı arteriyalarınızın divarlarında yağın necə artdığını görə bilərsiniz", - araşdırmanın iştirakçılarından biri doktor Tod Anderson bildirir.
Lakin, həmçinin səhər yeməyindən tamamilə imtina etmək də lazım deyil. Daha əvvəl avstraliyalı alimlər müəyyən ediblər ki, məhz səhərlər qidanın qəbulu orqanizm üçün çox əhəmiyyətlidir. Səhərlər sıyıqdan, qayğanaqdan və ya ən pis halda pendirlə buterbroddan imtina ürək-damar sistemi xəstəliklərinin və maddələr mübadiləsinin pozulmasının inkişaf riskini xeyli artırır, piylənməyə və diabetə yol açır. Öz növbəsində, bütün bu patologiyalar vaxtından əvvəl ölümün əsas səbəblərinin siyahısına daxildir.