Xeberler - Bu il dekabrın 21-də baş verəcək xeberler
Bu il dekabrın 21-də baş verəcək “Planetlərin paradı” hadisəsinə müxtəlif don geyindirilərək əhalini vahiməyə salmağın heç bir əsası yoxdur.
Bunu Gün.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mıkayılov deyib.
X.Mıkayılov bildirib ki, son vaxtlar Kaylasda yerləşən Qandrek monastırının laması Dalay Lamanın NASA rəhbərliyinə ünvanladığı rəsmi müraciət insaniyyətin narahatlığına səbəb olub, ancaq orada səslənən fikirlərin heç bir elmi əsası yoxdur:
“Əldə etdiyim məlumata görə, Dalay Lama Tibet Budistlərinin rəhbəridir. Onun NASA rəhbərliyinə ünvanladığı rəsmi müraciətində bildirilib ki, 21 dekabr 2012-ci ildə Yer kürəsi Günəş sistemi ilə birgə Qalaktikanın sıfır xəttindən keçəcək və Yer üzündə dəyişikliklər baş verəcək.
Nəticədə Yer kürəsi Günəş sistemi ilə birgə sıfır xəttindən keçməyə başlayacaq və dünya qaranlığa qərq olacaq, heç bir enerji və elektromaqnit dalğası mövcud olmayacaq.
Günəş sistemi Qalaktikanın mərkəzindən 26-28 işıq ili qədər məsafədədir. Günəş sisteminin Qalaktikanın mərkəzi ətrafında fırlanması period isə 220-250 milyon ilə bərabərdir.
Bunun nəticəsində biz yazın gəlişini əvvəlcədən hiss edirik. Əgər həmin müraciətdə deyilənlər doğru olsaydı, biz artıq Yer kürəsi Günəş sistemi ilə birgə Qalaktikanın sıfır xəttindən keçəcəyini hiss etməli idik və artıq qaranlıq çəkməli idi.
Yer o halda qaranlığa qərq ola bilər ki, o, hansısa böyük kütləli cisimlə toqquşa bilsin. Əgər yerə tərəf hansısa böyük cisim irəliləyirsə, bir neçə il əvvəldən onun trayektoriyası dəqiq hesablanır, onun Yerin trayektoriyası ilə kəsişmə ehtimalı qiymətləndirilir. Lakin hazırda yerə tərəf hərəkət edən elə bir cisim yoxdur”.
Mütəxəssis bu kimi fikirlərin maya təqviminə əsaslanaraq söylənə biləcəyini də dedi:
“Maya təqvimi bu ilin dekabr ayında bitir. Ancaq bu, o demək deyil ki, bununla da Yer kürəsinin sonu çatır. Bir təqvim bitirsə, digər biri başlayacaq. Müasir təqvimlərdə Günəşin, Qalaktikanın, planetlərin dövr etməsi ilə bağlı daha dəqiq araşdırmalar və məlumatlar var. Bu səbəbdən də müasir elm bu kimi məlumatları real qəbul etmir”.
X.Mikayılov dekabr ayında elmdə “Planetlərin paradı” adlandırılan konfiqurasiyanın da bu cür xəbərlərin yayılmasına rəvac verə biləcəyini istisna etmədi:
“Planetlərin paradı” hər 16-17 ildən bir baş verən təbii hadisədir. Sonuncu dəfə , “Planetlərin paradı” 1982-ci ildə baş verib. O zaman 8 planet, o cümlədən də Pluton 90 dərəcəlik sektorda toplaşıb. Bu dəfə isə daha kiçik, bir necə planetin bir yerə toplaşması baş verəcək. Günəş çıxmazdan öncə səhər-səhər adi gözlə də bu prosesi müşahidə etmək olacaq. Belə ki, göy üzündə həmin planetlər ulduz şəklində görünəcək.
Planetin bir istiqamətdə paralel toplanması Yer kürəsi üçün heç bir təhlükə vəd etmir və bu adi günlərdən biri olacaq”.
Məsələnin digər maraqlı bir tərəfi ondadır ki, heç bir elmi, dini əsası olmayan xəbər əhalinin bir hissəsi tərəfindən həyacanla qəbul edilib. Bəziləri hətta əhalinin markedlərdən təcili surətdə bir çox qida məhsullarını kütləvi halda alması ilə bağlı məlumatlar da yayıblar.
Məsələni araşdırmaq üçün Gün.Az müxbirləri bir neçə markedə yolunu salıb, satıcılar ilə söhbətlər ediblər.
Apardığımız araşdırma nəticəsində məlum oldu ki, əksər mağazalarda əvvəlki günlərlə müqayisədə ərzaq satışının həcmində elə bir ciddi dəyişiklik baş verməyib.
Satıcıların sözlərinə görə, ümumiyyətlə, əhali arasında dünyanın sonunun yaxınlaşması ilə bağlı hər hansı bir narahatçılıq hiss olunmur.
“Satışların həcmində əvvəlki günlərlə müqayisədə elə bir ciddi dəyişiklik baş verməyib. Ola bilər bəzi ərzaq malların tələbat artsın. Lakin inanmıram ki, bu dünyanın sonunun yaxınlaşması ilə bağlıdır”, satıcılardan biri deyib.
Əhmədli qəsəbəsində mağazaların bir neçəsinə baş çəkən digər müxbirimiz də eyni xəbəri verib. Belə ki, mağazalarda apardığımız sorğu zamanı alış-veriş tempində heç bir dəyişiklik müşahidə etmədiklərini bildirdilər.
Satıcıların sözlərinə görə, əhalinin dünyanın sonu üçün bəzi ərzaq məhsullarına kütləvi tələbi barədə eşitsələr də mağazalardakı satışlarda bu müşahidə edilmir. Yəni şayiələrin alış-verişə təsiri olmayıb və hər şey əvvəlki qaydasında gedir.
Xalq arasında Montin kimi tanınan ərazidə də eyni vəziyyət hökm sürür. Belə ki, burada da aparılan sorğu nəticəsində məlum oldu ki, paytaxt əhli nəinki bu xəbərə inandı hətta bu xəbərə gülənlər də oldu. Bir mağazanın satıcısı isə belə dedi:
“Bu cür xəbərlər boş-boş fikirlərdi. Dünyanın sonunu heç kim deyə bilməz. Doğrudur satış artıb. Xüsusilə də ərzaq məhsullarının satışı. Ancaq bu heç də həmin xəbərlə bağlı deyil. Sadəcə tələbat çoxdur ona görədir”.
Materialımızı isə Qurani-Kərimdən bir neçə ayə ilə bitirmək istəyirik:
“Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır - Nisa surəsi, 59-cu ayə
Allah peyğəmbərləri toplayacağı gün (qiyamət günü) belə buyuracaq: “(Ümmətlərinizi Mənim əmrimə tabe olmağa dəvət etdiyiniz zaman) sizə nə cavab verildi?” Onlar isə (təvazökarlıq edib): “Biz heç bir şey bilmirik. Həqiqətən, qeybləri (görünməyənləri) bilən ancaq Sənsən! – deyə cavab verəcəklər – Maidə surəsi, 109-cu ayə
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında soruşarlar ki, nə vaxt qopacaq? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz.
Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” – Əraf surəsi, 187-ci ayə