Hər kəsin dərdi: qripdən necə qorunaq?

Son güncelleme: 15.11.2012 18:57
  • Qripdən necə qorunaq?

    Akademik Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu payız-qış mövsümü ilə əlaqədar insanların qripdən qorunması üçün peyvənddən istifadə etməyə çağırıb.

    İnstitutun qrip laboratoriyasının müdiri Almaz Əsədova Trend-ə deyib ki, Azərbaycanda insanlar qrip peyvəndinə maraq göstərmirlər və onun təsirinin effektli olacağına inanmırlar. Amma mövsümün əvvəlində edilən bir peyvənd insanları payız-qış dövründə qripdən qoruya bilər. Peyvənd vurduran insanlar mövsüm ərzində ya qripə yoluxmurlar, ya da yoluxarlarsa, bu xəstəliyi çox yüngül keçirirlər.

    Əsədova deyib ki, bəzi insanlar qripə yoluxduğunu güman etsələr də, əslində, bu, qrip deyil, soyuqdəymə olur. Hazırda ölkədə qrip virusu yoxdur. Amma havaların soyuması ilə əlaqədar insanlar arasında A virusunun törətdiyi qrip yayıla bilər.

    Mütəxəssisin sözlərinə görə, qripin 3 növü - A, B, C virusu növləri var. Onlardan ən təhlükəli olanı A virusu qripidir.

    "A virusu qripi epidemiya, pandemiya yaradır. O, qriplərin ən kəskinidir. A virusu qripi digər növlərdən fərqli olaraq, öz strukturunu tez-tez dəyişir, bir tipdən digərinə keçir. Amma B virusuna yoluxarkən qrip nisbətən sabit keçir. C isə ən yüngül qripdir və epidemiya yaratmır", - Əsədova deyib.

    O qeyd edib ki, insanların qripdən qorunması üçün əsas vacib şərt immunitetin qaldırılması və geyimlərin mövsümə uyğun geyinilməsi, xüsusilə sinənin açıq saxlanılmamasıdır. İmmuniteti qaldırmaq üçün insanlar çoxlu miqdarda göyərti, xüsusilə göy soğan, kahı, nar, qızıləhmədi alması yeməli, limonlu çay içməlidirlər. Bunun üçün insanlar apteklərdə satılan "jenşen" siropundan da istifadə edə bilərlər.

    Alıntı..
#15.11.2012 18:57 0 0 0