Yadımdadır, uşaq olanda atamla teatra getmişdik. Bakıdan “kino göstərənlər” gəlmişdi. Gözəl gün idi, atam da mən də doyunca gülmüşdük. Mən ilk dəfə idi ki, insanların canlandırdığı nəyəsə baxırdım və gülürdüm. Çox qəribə hisslər idi. Bir qrup insan bizi güldürməyə gəlmişdi. Aktyorların arasında bir əmi daha çox güldürürdü və mən atamdan soruşanda ki, "bu əmi niyə bizi güldürməyə gəlib" atam mənə cavab verdi ki, bu əminin işi elə səni güldürməkdir və sadəcə güldürmək yox həm də düşündürmək, nələrisə öyrətməkdir. Əlavə etdi ki, indi sadəcə gülürəmsə, zamanla həm də güldüklərim barədə düşünəcəyəm. Bu söhbət elə bir vaxtda baş verirdi ki, anam mənə əlifbanı, ilk riyazi hesablamaları öyrədirdi və hərdən çətinlik çəkdiyimdə bir az əsəbləşirdi. Belə bir vaxtda mən kəşf etmişdim-“güldürərək öyrədən adam”!
Əgər o, anamın belə etmədiyini edirsə, deməli çox fədakardır və ən əsası insanları, məni çox sevir.Bu düşüncələr içində həmin əmi gözümdə daha da böyüyürdü və mən bir neçə saat içində onu “Şaxta baba” dan belə çox sevməyə başladım. Tez atamdan bu gülərüz, işıqlı əminin kim olduğunu soruşdum, cavab bu gün vəfatı ilə bütün xalqı kədərə qərq etmiş insanın adı idi-Yaşar Nuri.
Sonra mən dəfələrlə anam və atama o əmini misal gətirdim və israrla istədim ki, onun kimi olsunlar. Bir müddət sonra məktəbə getməyə başladım. Bir dəfə dəhlizdə iki müəllim söhbət edirdi. Şagirdlərdən gileylənirdilər. Müəllimənin biri əsəblə dedi ki, bu uşaqlara qışqırmasan düşünmürlər! Mən həmin an Yaşar əmini xatırladım və düşünürdüm ki, bunu edə bilən insan var. Qışqırmadan, hətta güldürərək düşündürən insan.
Böyüdükcə televiziyada onun ard-arda filmlərinə baxırdım və artıq sadəcə gülməklə qalmırdım, həm də güldüyüm şeylər üzərində düşünürdüm də. Bu o filmlərdir ki, ona bütün Azərbaycan ailələrində dəfələrə baxıblar və Yaşar Nurinin işlətdiyi cümlələri, fikirləri yeri gələndə hamı işlədir. Onun hər bir fikri atalar sözünə, zərb məsələ çevrilib artıq. Təsəvvür edin biri sizdən tamam mənasız bir şeyi israrla tələb edir. Bu anda verə biləcəyiniz ən tutarlı cavab budur-sənə əjdaha lazımdır? Kimsə uzun-uzun danışır və sizə heç bir aidiyyatı yoxdursa, cavab təkdi-sən söhbətini elə.
O bizə lap yaxın idi, sözümüz olacaq qədər yaxın. O qədər yaxın idi ki, indi onun haqqında keçmiş zamanda danışmaq insana şiddətli gülməkdən boğulduğun zaman nəfəs almaq qədər çətin gəlir. Ailələrimizin bir üzvü olmağı bacaran Yaşar Nuri xəstə olduğu vaxtlarda hamının evində müzakirə olunurdu, hər dəfə onu televiziyada göstərəndə, Türkiyədə müalicə aldığı xəstəxanadan reportaj olanda xəyali olaraq onu sevən hər kəs Türkiyəyə yatdığı palataya gedib qayıtmış olurdu.
Hamı bilirdi ki, onun xəstəliyi ağırdır, amma televiziyada o, səmimi və içdən təbəssüm bizi inandırdı ki, o, şiddətli ağrılar keçirmir və hələ müəyyən illər də bizimlə bərabər olacaq. Qınamayın bizi, Yaşar Əmi, biz sizin gülüşünüzə inanmağa alışmışıq. Bundan sonra da həmin filmlərə təkrar-təkrar baxanda belə ağlımıza gəlməyəcək ki, siz artıq yoxsunuz, yenə də həmin qəhqəhəni çəkəcəyik. Bizi çox pis öyrətmisiniz ,Yaşar əmi.
Bir dəfə yenə televiziyada söhbətlərinə qulaq asarkən bilmişdim ki, Yaşar Nurinin mobil telefonu yoxdur. Təəssüflənmişdim, fikirləşmişdim ki, nömrəni haradansa tapıb “güldürərək düşündürən insan”a zəng edə, səsini eşidə bilərdim. Bu istəyim o xəstə olduğu vaxtlarda daha da artmışdı. Həmçinin təəccüblənmişdim ki, görəsən, insanlar, sevənlər onunla necə əlaqə yaradır, sonralar anladım ki, o, insanlara mobil telefondan da yaxın imiş.
İndi isə bir qədər qəribə şəkildə az qala sevinəm ki, onun mobil telefonu yox idi. Çünki bu dəyərli və əziz insanın nömrəsini onu sevənlər və dostları telefonlarından silmək məcburiyyətində qalmayacaqlar. O, özünü sevdirməyi və yaddaşlara, ürəklərə yazılmağı elə uğurla bacarıb ki, fani ölüm bunu silə bilməz, bacarmaz. Odur ki, qorxmayın, Yaşar Nuri əbədi olaraq aramızdadır. Açın “Bəyin oğurlanması”na baxın, ürəklərdən oğurlana bilinməyəcək insanın gülər simasına...