Onu başa salmaq mümkün deyil. Bunu daha yaxşı bu hissi yaşayan bilər. Mən isə heç vaxt sevməmişəm, bu hissi yaşamamışam. Bağışla... Sənə əzab verdim bilirəm. Amma səni sevmirəm. Sevə bilmərəm. Axı sən mənim dostumsan. Səni özümə çox yaxın bilirəm. Çox sirrimi bölüşmüşəm. Amma bu sevgin dostluğumuza son qoydu.
Bağışla, amma sevmə məni... Sevmə! Səni çox incidir bu sözlərim? Amma bunları deməyə məcburam. Qulaq as! Sənsən hər çətin anımda mənə dayaq olan, məni incitməyə qıymayan, hər kəsdən qorumağa çalışan, dəyərli olduğumu hiss etdirən. Sənsən! Ən kədərli anımda belə məni güldürməyi bacaran, əsl dostluğu öyrədən. Sənsən! Yadındadırmı, demişdin ki, hər şeyin bir sonu olmalıdır. Bəli. Olurmuş.
Yalançı sevgili olmadım. Bunun üçün də eqoist olmağı seçdim. Eqoistəm bəli! Əgər səni incitməmək üçün, dürüst olmaq üçün eqoist olmalıyamsa bəli eqoistəm! Çünki səni aldatmadım... Hər şey yaxşı olacaq. Bu sözü deməyi artıq öyrənmişəm. Hər şey düzələcək. Sənə uğurlu, sevgi dolu həyat arzulayıram. Xoşbəxt ol! Bağışla amma sevmə məni!...