Qara plov və ləvəngi küküsü

Son güncelleme:
  • Qara plov və ləvəngi küküsü resepti

    Əziz xanımlar, söz vermişdim ki, sizləri bacardığım qədər talış mətbəxi ilə tanış edəcəm.Bu gün sizə dadlı-duzlu talış mətbəxindən Qara plovu və ləvəngi küküsünü təqdim edirəm.



    Tərkibi

    Plov üçün:

    1 kq düyü

    Qaz əti (zövqə görə toyuq və ya ördək əti ilə də əvəz etmək olar)

    200-300 q ləvəngi

    Azərduz yodlu narın xörək duzu


    Kükü üçün:

    3-4 xörək qaşığı ləvəngi

    1 dəstə keşniş və ya şüyüd

    bir az yaşıl soğan

    4-5 diş sarımsaq

    1 balaca çiy kartof

    5-6 ədəd yumurta

    duz-istiot


    Hazırlanması:

    Qazı doğrayıb qaynamağa qoyuruq. Üstünün kəfini yığırıq, azca yumşalandan sonra üstünə ləvəngini əlavə edib, aşağı istilikdə bişməyə qoyuruq.

    Bişən ətləri sudan çıxarırıq.

    Elə həmin suya öncədən islatdığımız düyünü əlavə edirik(əgər suyu, duzu azdırsa, bir az əlavə edə bilərik)

    Suyu daşma plovda olduğu kimi olmalıdı.

    Qabın ağzını kip örtüb bişməyə qoyuruq. Bu vaxt ərzində kükünü hazırlayırıq.

    Göyərtini xırda doğrayırıq,kartofu sütgəcin ən xırda gözündən keçiririk, sarımsağı əzirik, duz, əlavə edib üzərinə ləvəngi və yumurtanı tökürük.

    Yaxşıca qarışdırırıq.


    Sobanı 200 dərəcədə isidirik. Tavanı da isidib, yağlayıb kükünü tavaya töküb sobaya qoyuruq (qazın üstündə də bişirmək olar, amma bu zaman altı qızarandan sonra çevirib, o biri üzünü də qızartmaq lazımdır.)

    Kükümüz hazırdır.



    Plov və kükünü süfrəyə təqdim edirik.

    Bu xörəyin hazırlanma qaydasını qaynanamdan öyrənmişəm. Bunun üçün ona minnətdaram.

    Nuş olsun!
0 0 0