Propolisi (arı yapışqanı və ya qətranı) xalq arasında vərəmum və yaxud bərəmum adlandırırlar.
Propolis arılar tərəfindən ağacların tumurcuqları, cavan budaqları və yarpaqlarındakı qatranabənzər maddələri toplayıb emal etməklə alınır. Bu, plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir. 15-17%-də bərk, 36-38%-də yumşaq, plastik, yapışan konsistensiyalıdır.
Propolisin tərkibində 50-55% qatran, 30%-ə qədər mum, 8-10% efir yağları və bundan başqa müxtəlif vitaminlər və mikroelementlərlə zəngin olan 5%-ə qədər çiçək tozcuğu var.
Propolis müalicə məqsədilə ilk dəfə qədim Misirdə, sonra qədim Yunanıstanda və Romada istifadə olunub. Onun dərman xüsusiyyətləri barədə Dioskorid (b.e.ə. I əsr) "Dərman vasitələri haqqında", İbn Sina isə (980-1037-ci illər) məşhur "Həkimlik elminin qanunu" əsərində yazıb.
Faydaları
Propolisin antimikrob təsiri çox məşhurdur. Adi antibiotiklərdən fərqli olaraq propolisə qarşı mikroblarda öyrəncilik əmələ gəlmir. Bundan başqa propolisin iltihab əleyhinə, yaraları tez bərpa edən, büzücü, keyidici (analgetik), antitoksik, antioksidant, ümumi gücləndirici, immunostimulyator və s. təsirləri var.
- Angina: Xəstəliyin istənilən mərhələsində ən səmərəli təsir göstərən vasitədir. Yalnız yüksəkkeyfiyyətli propolis tez təsir göstərir. Bunun üçün boğazı hər gündə 3-5 dəfə 20%-li propolis məhlulu ilə qarqara etmək (bunun üçün 10-15 damcı məhlulu yarım stəkan suya damızdırıb istifadə edilir) və ya təmiz propolisi yeməkdən sonra dırnaq böyüklüyündə götürüb ağızda asta-asta çeynəmək lazımdır. Gün ərzində 5 qrama qədər yemək, gecə isə orada yapışdırmaq lazımdır.
Propolis keyidici təsirə malik olduğu üçün dili bir qədər keyidir.
- Orta qulağın xroniki iltihabı: Propolis 30-40%-li spirtli məhlulunun bitki yağı ilə, yaxşı olar ki, zeytun və ya qarğıdalı yağı ilə qarışdırılır (1:4 nisbətdə). İstifadə etməzdən əvvəl çalxalanmalıdır. Qulağa bu emulsiya ilə isladılmış tənzif borucuğu qoyurlar. Yaşı 5-dən çox olan uşaqlara hər gecə 10-12 saatlığa (10-14 prosedur), yaşlılarda günaşırı 36-38 saatlığa (10-12 prosedur) qoyulur.
- Kəskin və xroniki kolit: Propolisin 20%li spirtdə məhlulundan gündə 3 dəfə hər dəfədə 40 damcı südə qatıb içmək. Pəhrizə əməl etmək lazımdır. Müalicə kursu 20-30 gündür.