Unutmaq istəyirəm sevgilimi

Son güncelleme: 23.01.2013 01:50
  • Unutmaq istəyirəm sevgilimi - Sevgi

    Tənha ürəklərin cavabsız sevgisi mənasız həyatın ən mənasız səhifələrindəndir. Bəzən özün də bilmədən elə bir eşqin qurbanı olursan ki, varlığını büsbütün həbs edir. Bir anda ruhuna hakim kəsilib nəinki qəlbini, bütün həyatını məhv edir. İllər sonra yaddaşından silinməyən gərəksiz xatirənin bitməz xəyalına əbədi əsir olursan.

    Zamansız oldu, amma, mən də sevdim. Amansız bir sevgi sardı vücudumu. Əlacı bilinməyən xəstəlik kimi qanıma hopub qəlbimə doldu. Artdıqca artdı. Döyünməyi belə unutmuş qəlbimdə bənzərsiz dünya qurdu özünə. Sahibi sən oldun könül dünyamın. Öncə səndən başqa heç kəsin olmadığı bir dünyaya qərq etdin tənha qəlbimi. Sonra sevgimi aldın, ruhuma doldun, varlığımı yox etdin, yoxkən var oldun dünyamda. Səndən öncəki xəyalları bitirib, sənli xəyallara sardın mənasız ömrümü. Kiçik bir damla tək yaranıb bir anda ucsuz bir ümmana çevrildin qəlbimdə. Zərif dalğalarına alıb xoşbəxtlik sularında qurdun dünyamı. Düşüncələrimdə sən də məni sevirdin. Qəlbinin ən əlçatmaz zirvəsində mən vardım. Dünya dönsə belə sevgisindən dönməyən bir sevgilim var deyirdim. Bitməz sevgimiz əbədi xoşbəxtliyimizin təməliydi. Yəni mən xəyallarımda belə sanırdım. Məgər ki sənin xəyalların tamam başqa imiş. Gələcək düşüncələrin mənsiz, həyatın məndən uzaqdaymış.

    Mənə mən olmağı öyrədən, ürəyimi, həyatımı və mənliyimi büsbütün dəyişən sevgilim, sonunda sən də dəyişdin. Həyatmı, yoxsa zamanmı dəyişdi səni? Yoxsa bir özgəsimi girdi qəlbinə? Unutdurdumu sənə varlığımı, sildimi qəlbindən xatirələrimi? Bəlkə heç əvvəldən sevməmisən məni? Sevgi dediyim münasibətimiz bəlkə elə mənim təxəyyülümmüş? İnanmışam şəksiz-şübhəsiz saxta baxışının yalan sevgisinə. İndi bilirəm yalan olduğunu. O zaman duymaq üçün uğruna dünyaları verə biləcəyim bircə "sevirəm" kəlməsini nə vaxtsa unutmaq üçün dünyadan köçmək istəyəcəyimi nə biləydim?

    Bitdi artıq. Ölməz dediyim sevgimi sən bitirdin. Qəlbimdə qaladığın sevgi ocağını özün də söndürdün. İstisinə isinmədən tüstüsünə kör oldum. Nigaran sevgimin məsum baxışları indi sənsizliyi gəzir, səni unutmaq üçün. Əvvəllər hər şeyə nifrət edirdim, bircə sənli xəyallarımdan başqa. Çünki məni yaşadan yeganə varlıq onlar idi. Artıq onlara da nifrət edirəm, sənlə bağlı olduğuna görə. Qəlbimin əbədi sakini olan sənli xəyalları əbədiyyətə gömüb səni unutmalıyam. İndi nə sənə, nə də sevginə, sadəcə səni unutmağa çox EHTİYACIM VAR. . .

    Alıntı..
#23.01.2013 01:50 0 0 0