Quyudayam, zülmət dərin,
Sabahıma, Allah kərim.
Gəlməyəcək deyənlərin,
Sözlərin, yalan eylə gəl.
Qayıt başına dolanım,
Sənsiz ötərmi bir anım.
Qəlbində şeytan olanın,
Ümidin, talan eylə gəl.
Aç yolunda hər düyünü,
Yoz, yuxumda gördüyümü,
Məni necə sevdiyini,
Hamıya, bəyan eylə gəl.
Bir sazım var, kədər simli,
Hər nə geysən, qəm biçimli.
Sən insafsız, mən Rəhimli,
Həsrəti viran eylə gəl.