Bebextlik hissi - Bedbextlik haqqında düşünmek - Bədbəxtliyi qov bu hissdən qurtul
İnsanı bədbəxt və bacarıqsız edən bu hissin qarşısını vaxtında almaq lazımdır.
Son zamanlar insanların böyük bir qismi daim narahatlıq içində yaşayır. Kimisi işinə görə, kimisi təhsilinə, kimisi də ailə və övladlarına görə narahatlıq keçirir. Təbii narahatlıqdan fərqli olaraq xəstəlik dərəcəsində olan narahatlıq insanın normal yaşamasına mane olur və o, özünü hər an nəsə olacaqmış kimi hiss edir. El arasında "vəsvəsəli" adlanan belə insanlar əslində normadan artıq narahatlıqlarına görə diqqətli olmalıdırlar. Həddindən artıq narahatlıq psixoloji bir problem olaraq insan həyatını pis yöndə istiqamətləndirə bilər.
Türkiyədə psixoloqların apardıqları araşdırmalar nəticəsində məlum olub ki, həddindən artıq yaşanan narahatlıq psixoloji pozuntudur və təəssüf ki, hər 100 insandan 6-sı bu narahatlıqdan əziyyət çəkir. Məhz belə narahatlıq insanın iş qabiliyyətini zəiflədir, diqqətini cəmləməyə imkan vermir. İnsan daim özünü və yaxınlarını qoruma hissində olur.
Psixoloq Emil Behrudinin sözlərinə görə, bütün insanlar günün müəyyən hissələrində narahatlıq keçirə bilərlər. Bu, normal haldır. Hətta demək olar ki, az miqdarda narahatlılıq insanın özünü qoruması, diqqətliliyinə, işində daha məsuliyyətli olmasına səbəb olar. Amma narahatlıq həddi aşdıqda bütün gününü heç edə də bilər: "Normal narahat olma hissi insanın gündəlik öhdəliklərinin yerinə yetirməsinə və baş verəcək hər hansı bir mənfi hadisəyə hazır edər. İnsanın rast gəldiyi problemlərində daha tez və sağlam qərar verməsinə və tez çıxış yolu tapmasına kömək edər. Lakin gün ərzində normadan çox narahat olmaq və həyəcan keçirmək insanın daha da vəziyyətini çətinləşdirər. Çünki belə insanlar günün necə başlaması və davam etməsindən asılı olmayaraq hər şeyin sonunun pis bitəcəyini düşünürlər. İnsanı bədbəxt və bacarıqsız edən bu hissin qarşısının alınması lazımdır. Qarşısı alınmayan psixoloji pozuntu zamanla insanın evə qapanmasına və cəmiyyətdən təcrid olunmasına səbəb ola bilər".
Daim narahat olan insanların öz-özünü sakitləşdirməsi əksər hallarda mümkün olmur. Çünki beyin hər şeyin mənfi nəticələnəcəyinə dair kodlaşıb və vərdiş edilmiş narahatlığın aradan qaldırılması aylar çəkə bilər. Narahatlığın ilk vaxtlarında psixoloqa, daha ağırlaşmış formalarında isə psixiatra müraciət etmək lazımdır. Səbəb olmadan yaranan narahatlıqlar insanda yorğunluğa, diqqət cəmləyə bilməməyə, ən kiçik səsdən belə diksinməyə, yata bilməməyə və gecə tez-tez oyanmağa şərait yaradır. Qarşısı alınmadıqda zamanla daha ağır psixoloji problemlərə çevrilə bilər.
Psixoloq bildirir ki, belə narahatlıq keçirən insanlar təkcə daxilən deyil, öz hərəkətləri və bədənlərində də bunu göstərirlər. Səbəbsiz yorğunluq, baş ağrısı, əzələ ağrıları və bu kimi hallarla yanaşı, ətrafdakı digər insanların da hiss edə biləcəyi hərəkətlər ortaya çıxır: "Qida qəbul etdikdə udqunmaqda çətinlik çəkmək, göz və əl titrəmələri, dözümsüzlük, ürək bulantısı, keylik, hava normal olduqda belə gah üşüyüb, gah istilənmək kimi hallar narahatlığın göstəricisidir. Daim olan narahatlıqda bu hallar təkrar-təkrar davam edir və insanı əldən salır. Narahatlıq davam etdikcə stress yaranır və stress, demək olar ki, bütün bəlaların başlanğıcıdır".
Xüsusən yeniyetmə yaşlarında normadan artıq narahatlıq yavaş-yavaş başlayır. Gənc yaşlarında istər şəxsi, istərsə də ümumi məsələlərdən yaranan narahatlıq problem həll olunduqdan sonra da davam edirsə, bunu diqqətdə saxlamaq lazımdır. Fikir vermədikdə davam edən narahatlıq zamanla daha da artır. Həmsöhbətimizin sözlərinə görə, vaxtında müraciət etdikdə 2-3 seansla bu halı aradan qaldırmaq mümkün olur: "Artıq narahatlıq həddindən artıq yaşanmağa başlayıbsa, psixiatrlar psixoterapiya, yaxud antidepressant dərmanlarla müalicəyə başlayırlar. Bu da effektli olur. Amma bu həddə çatdırmamaq lazımdır".
Həddindən artıq narahatlıq gənc analarda da müşahidə olunur. Yeni dünyaya gələn körpəsini qorumaq istəyi bəzən faciələrlə nəticələnir. Uşağı öz yatağında, yanında yatızdıran analar onu qorumaq istəyərkən boğmaq təhlükəsini düşünmürlər. Bu siyahıya dəfələrlə uşağa zəng edən analar, yolu yarıya kimi gedib qapını bağlamadığından şübhə edən və yol boyu həyəcan yaşayan ev yiyələri, qapıdan çıxarsa, öləcəyindən qorxan yaşlılar, maşın sürərsə, mütləq qəza edəcəyini fikirləşən sürücülər də daxildir. İnkişaf etmiş ölkələrdə ən çox narahatlıq halları ölümlə bağlıdırsa, inkişaf etməkdə olan ölkələrdə narahatlıq işini itirmək və tək qalmaqla bağlıdır.
E.Behrudinin sözlərinə görə, insan özü özünün həkimi olmalıdır. Lazım olduqda özünü sakitləşdirməli və tərbiyə etməlidir: "Narahatlıq varsa, yaşından asılı olmayaraq insan narahatlığın səbəbini araşdırmalıdır. 5 yaşındakı uşağın da, 60 yaşındakı ahıl insanın da özünə uyğun problemləri və narahat olmaq üçün səbəbləri var. Daha kəskin hal almamış düşünmək lazımdır. Ola bilər ki, narahatlığın səbəbi çox cüzi məsələlərdir və onları aradan qaldırmaq mümkündür. Nə ilə rahatlıq tapacağınızı aydınlaşdırın. Fikrinizi yayındırın, hava qəbul edin. Qan, qəza, pislik, təhlükə barədə düşünməməyə çalışın. Əks halda ən qısa zamanda psixoloq və psixiatr müayinəsinə ehtiyac olacaq".