Elektron ticarət zamanı gömrük haqqı - Elektron ticarət zamanı gömrük haqqı tutulmalıdırmı
Elektron ticarət zamanı poçt şöbəsində sifarişə görə gömrük haqqı tutulması düzgündürmü?
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, internet istifadəçilərinin sayının artması ilə elektron ticarət artıb. Belə ki, ucuz olduğundan şəxslər internet vasitəsilə alış-veriş edirlər. Hətta vaxta və pula qənaət baxımından da bu sərfəlidir. Məlum olduğu kimi, hər sifariş edilən mal öz maya dəyərindən əlavə daşınma xərcləri və gömrük haqlarını da özündə cəmləşdirir. Poçt şöbəsində sifarişə görə gömrük haqqı tutulur ki, bu da vətəndaşların narazılığına səbəb olur.
Bu tarifin alınması nə dərəcədə doğrudur?
Bütün maliyyə və ticarət tranzaksiyalarından ibarət olan elektron kommersiya, əsasən, B2C, yəni biznes-istehlakçı və S2S, yəni istehlakçı-istehlakçı formaları ilə geniş yayılıb. Birinci forma müəssisənin müştəri ilə ticarəti, ikinci isə istehlakçılar arasında olan ticarət formasıdır. İstehlakçıların bu növ kommersiyaya maraq göstərmələrinə səbəb real mağaza qiymətlərindən ucuz olmasıdır.
Gəncədə də internetlə alış-veriş edənlərin sayı kifayət qədərdir.
Gəncə Regional Poçt filialından aldığımız məlumata görə, ötən il üçün ayda 400-500 sifariş gəlirdisə, hazırda ay ərzində gələn malların sayı 2 minə çatıb. Müştərilərdən isə poçt tərəfindən malın çəkisindən asılı olaraq müəyyən məbləğdə pul alınır. Filialın rəis müavini Zahir Səfərov isə bu ödənişlərin qanunauyğun həyata keçirildiyini və ödənilən hər bir məbləğə görə açıqlama verildiyini bildirir.
Gəncə Regional Poçt filialının rəis müavini Zahir Səfərov: “Onlar respublikaya gətiriləndə mütləq 80 qəpik gömrük rüsumu ödəməlidir. Vətəndaşlara pul ödəməlisən deyəndə etiraz edirlər ki, onlar ödəniş ediblər. Onlar 500 qrama qədər yükə görə 80 qəpik, 500 qramdan artıq olanda isə əlavə 60 qəpik verməlidirlər. Eləcə də beynəlxalq bağlamalarda gömrük haqqı 1.2 manat mütləq ödənilməlidir. Bir də əgər yük poçtda 5 gündən artıq qalarsa, hər gününə 10 qəpik tutulmaqla saxlama haqqı çıxılır”.
Müsahibimiz bildirib ki, sifarişçilərin əksəriyyəti elektron ticarət vaxtı çatdırılma ünvanlarını da düzgün qeyd etmirlər. Belə ki, sifariş edilən məhsulun çatdırılma ünvanına mərkəzi poçtun indeksini daxil edirlər. Zahir Səfərov kütləvi yaşayış yerlərində xidmət üçün ayrı-ayrı poçt şöbələrinin olduğunu və bu şöbələrin indekslərini düzgün qeyd etməklə sifariş edilən məhsulu rahat əldə etməyin mümkün olduğunu bildirib.
Zahir Səfərov: “AZ 20 00-bu mərkəzi poçtun indeksidir. Hər kəs oranı yazanda bütün göndərişlər müştəri xidmətlərinə gəlir, bu da vətəndaşa çatdırılmasında gecikməyə səbəb olur. Hər bir vətəndaş bilməlidir ki, bu küçəyə hansı poçt xidmət edir və həmin indeksi yazmalıdır. Əgər bir yaşayış yeri varsa, ona xidmət edən poçt şöbəsi də var”.
Hər bir poçt şöbəsi minimum 10 min nəfərin yaşadığı yerlərdə fəaliyyət göstərir. Zahir Səfərovdan aldığımız məlumata görə, hazırda Gəncə şəhərində 22 poçt şöbəsi var. Onların indekslərini isə həm internet, həm də mərkəzi poçtdan əldə etmək mümkündür.