Taratorun terifi ve terkibi - Taratorun hazırlanma qaydası
Tarator - Bolqariya və Makedoniyada məşhur yay şorbasıdır. Onun tərkibi şirin olmayan yağlı qatıq (Bolqariyada ona «kiselo mlyako» - turş süd deyirlər), xiyar, sarımsaq, qoz, şüyüd, bitki yağı (əsasən zeytun), su, duz, ədviyyatdan ibarət olur.
Bolqarlar qatığı hərdən sirkə qatılmış su, xiyarı isə kahı ilə əvəz edirlər. Çox zaman taratorla süfrəyə doğranmış buz da verirlər.
Tarator Türkiyə və Albaniyada da populyardır. Albanlar qoz, şüyüd və sudan istifadə etmirlər.
Klassik tarator
Tərkibi (4 pay):
0,5 st. qoz ləpəsi
6-8 budaq şüyüd
500 ml qatıq
100 ml bitki yağı
duz
4 diş sarımsaq
4 təzə xiyar
Xiyarı yuyub qurudun, uclarını kəsin, jülyen doğrayın, düz səpin, şirəsi çıxsın.
Sarımsağı təmizləyib qozun yarısı ilə birlikdə həvəngdəstədə eynicinsli kütlə alınınca döyün.
Qatığı mikserlə 4 dəqiqə çalın. Qozla sarımsaq qarışığını və yağı əlavə edib çalın. Qozun qalanını bıçaqla doğrayın, əlavə edin. Xiyarı şirəsi ilə birlikdə, xırda doğranmış şüyüd, duz əlavə edib qarışdırın.
Əgər şorba çox qatı alınarsa, soyuq qaynanmış su əlavə edin.
[HR][/HR][HR][/HR]
Avokadolu-tərxunlu tarator
Tərkibi (4 pay):
1 dəstə tərxun
1 l qatıq
1 çimdik duz
1 x.q. qoz ləpəsi
100 ml qazlı su
1 avokado
1 xiyar
1 x.q. zeytun yağı
2 diş sarımsaq
(1 payın enerji dəyəri: 289 kkal)
Avokadonu iki bölün, dənəsini çıxarın, qabığını təmizləyin, lətini nazik dilimlərə doğrayın. Üstünə zeytun yağı çiləyin.
Xiyarın qabığını soyub çox xırda doğrayın.
Qozu bıçaqla xırdalayın.
Tərxunu əlinizlə iri doğrayın.
Sarımsağı təmizləyib xırdalayın.
Qoz, xiyar, tərxun və sarımsağı bir ləyənə tökün, duz vurub qarışdırın. Qatığı su ilə qarışdırın, ləyəndəkilərin üstünə tökün. 10 dəqiqə saxlayandan sonra boşqablara çəkin, üstünə avokado dilimlərini düzün.