Adil Qeybulla: “Arıqlamaq istəyənlər mütləq dietoloqlara, pəhriz həkimlərinə müraciət etməlidir...”
Artıq çoxdan gözlədiyimiz yay fəsli yaxınlaşır. İndi qış uzunu topladığımız çəkilərdən azad olmaq vaxtı yetişib. Bu gün kökəlməkdən əziyyət çəkən milyonlarla insan var. Köklük artıq qlobal bir problemə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, Azərbaycanda kişilərin 15,8, qadınların isə 32,1 faizi köklükdən əziyyət çəkir. Ermənistanda bu rəqəm müvafiq olaraq 14,4 və 30,2 faizdir. Gürcüstanda isə kişilərin 15,9 faizinin, qadınların isə 25,7 faizinin piylənmə problemi var.
Bəs bu problemdən necə qurtulmaq olar? Tibb elmləri doktoru, professor Adil Qeybulla insanların əksəriyyətinin həkim məsləhəti olmadan pəhriz saxladıqlarını, bunun da insan sağlamlığına zərərli olduğunu dedi: “Arıqlamaq istəyənlər mütləq dietoloqlara, pəhriz həkimlərinə müraciət etməlidirlər. Bu gün bütün dünyada xüsusi proqramlar var. Dietoloqlar həmin arıqlamaq istəyən şəxsləri müayinə etdikdən sonra qanda müəyyən göstəricilərə əsasən dəqiqləşdirirlər ki, rasiondan hansı qidaları çıxarmaq olar, hansılarını yox. İnsanlar bu rasionla sağlam şəkildə artıq çəkini atmağa başlayır. Artıq çəki əgər xəstəliklərlə əlaqəli deyilsə, adətən müəyyən maddələrin ifrat qəbulu nəticəsində baş verir. Buna görə də pəhriz həkimləri bütün bunları ayırd etdikdən sonra arıqlamaq istəyən şəxsə qida rasionunun siyahısını verirlər. Həmin siyahıya səhər, günorta və axşam yeməkləri daxildir. Bu yemək rasionunun içində zülal və hər şey olur. Arıqlamaq istəyən şəxs bundan hansısa aclıq hiss etmir. Bu baxımdan hesab edirəm ki, bu cür arıqlmaq daha düzgün yoldur, nəinki müxtəlif arıqlayıcı vasitələrlə bədənə güc vermək, ac qalmaq, immuniteti zəiflətmək. Bu kimi arıqlama yolu düzgün nəticəyə də gətirib çıxarmır”.
Arıqlamaq üçün plastik əməliyyatın keçirilməsi məsələsinə gəlincə, A.Qeybulla dedi ki, arıqlamaq və artıq piylərdən xilas olmaq üçün əməliyyat hər mövsümdə keçirilə bilər: “Xəstəxanalarda yaradılmış şərait ilin bütün fəsillərində bu cür əməliyyatların keçirilməsinə imkan verir”.
Bəs kökəlməyə səbəb olan amillər hansılardır?
Mütəxəssislər böyük tikələr udaraq sürətlə yeməyə üstünlük verənlərin artıq çəki və diabetlə daha tez-tez üzləşdiyini bildirirlər. ABŞ mütəxəssislərinin fikrincə, artıq çəkiyə səbəb yuxu rejiminin pozulması, yuxu saatının azalması ilə bağlı ola bilər. Kolumbiya Universiteti alimlərinin gəldiyi nəticə bu iddiaları təsdiqləyir. Aparılan tədqiqata görə, yuxusu ərşə çəkilənlər hərəkət etmələrinə baxmayaraq, daha çox kökəlir. Tədqiqatçı doktor James Gangwisch qeyd edir ki, yuxusuzluq toxluq hormonu olan leptinin azalması və iştahı artıran grehlinin artması ilə nəticələnir.
Yuxusuzluğa səbəb isə gec saatlarda qida, alkoqol qəbul etmək, stress, narahatlıq kimi hisslərdir. Britaniya ekspertlərinin fikrincə, gözlənilməyən piylənmə dərmanların əks təsirindən də yarana, bir neçə ay ərzində insan 30 funt əlavə çəki yığa bilər. Yüksək qan təzyiqi dərmanları, qanda kalsiumun miqdarını azaltmaq üçün olan vasitələr, mayalanmaya qarşı dərmanlar da köklüyə yol açır.
Piylənmənin bir səbəbi də yaşın üstünə yaş gəlməsidir. Yaşlaşdıqca adətən çətin əriyən qarın piyləri yaranır. Əgər siqaret çəkən şəxs gündə 200 kalorisini məhz bu vərdişinə görə yandırırsa, digər tərəfdən nikotini udmaq iştahanı artırır. Təəccüblü deyil ki, bu vərdişdən əl çəkənlər tez bir zamanda kökələ bilir. Keçmişdə siqaret çəkənlərin iştahası dəyişməsə də ilk aylarda 5-10 fut çəki yığa bilir. Mütəxəssislər piylənmədə genlərin rolunu da xüsusi olaraq qeyd edir.