Eşitdim ki, insanlar səni görə bilərmiş. Özüm üçün heç ümidlənmədim; çünki mən sənin o ay üzünü görə bilməyəcək qədər günahkaram. Yenə də içimdə baş qaldıran bir hüzn dalğasıyla "səni" keçirdim ürəyimin ta içindən. O ay üzünü xəyal etməkdən aciz olan ürəyim çırpındı bir quş kimi.
Əslində bizə çox yaxın olduğunu düşündüm. Yaxınlığınla birlikdə dəfələrlə uzaq. Cəmkəranı düşündüm… Oraya gedib də qılacağım iki rükət namazda səni arzulayıb sənə qovuşmağı… İnan xəyalı belə məni məndən almağa yetir. Səni görməyi bir kənara qoydum; Cəmkərana getmək belə mənə uzaq sanki. Ən böyük arzularımdan biri olan Seyyidi Şühədanın (ə) ziyarətini düşündüm…
Orada Ağamın qapısına yapışıb ağlarkən, istəyirəm ki, məni sənə qovuşdursun. Dönüb baxıram hərəmin yanındasan. (Xəyal bu, Ağacan ən olmayacaqları belə düşündürür insana.) Üzün ay kimi parlayır. Amma ağlayırsan. Gözlərindən qanlı yaşlar axır. İmam Hüseynə (ə) matəm tutarkən bizim saxta gözyaşlarımızdan qat qat uzaqsan.
İnsanlar birini sevdimi, ya da darıxdımı onu görüb duyğularını sakitləşdirər. Mən səni heç görmədim. Xəyallarımda səni görə bilmə ehtimalımla yaşayıram. Yalnız eşitdiklərimlə sənə olan bu həsrətimə qarşı mən necə yatırım bu ürəyimi?
Mən istəyirəm, amma ən azı düşmənlərim (şeytan və nəfs) icazə vermir ki, sənə gəlim! Çox təkəm Ağacan, həm də çox… Nə edim ki, mən sənə gəlim? Sözlərimin çox axmaq olduğunu bilirəm, amma uca Allah qullarının səmimi duyğularını xor görməkdən münəzzəhdir. Mən də ancaq belə səninlə danışdığımı düşünüb ovuduram özümü. Ağacan, nə olar mənim bu günahkarlığımda sənə olan hisslərimi xor görmə.
Ey Yusufu Zəhra! Səni and verirəm anan Zəhranın (s.ə) o qəmli ürəyinə! Bu biçarə gözyaşlarıma, sənə çatmaq üçün nəfsiylə mübarizə aparan ruhuma, yazıq bədənimə acı. Acı ki, özünlə nəsibləndir məni! Həsrətindən biçarəyəm… Fərəci müşahidə edir hər fürsətdə günaha düçar olmaqla qarşı-qarşıya olan gözlərim. Mənə bir səs ver. Ağacan fərəc nə vaxt? Ey Zəhranın (s.ə) gülü, biz səni gözləyəcəyimiz yerdə sənmi bizi gözləyirsən yoxsa?
Bəli… Eşitdim ki, sən təksən… Tək başına aramızda gəzib gözyaşı tökürsən. Səni gözləyənlərin azlığı səni çox üzməkdə… Amma Allah bilir qəlblərdə olanı; səni ürəkdən arzulayanlar da vardır. Bir diləyim var. Əgər səni görməyə vəfa etsə ömrüm, sənin yolunda ölüm.. Yenə fərəcindən əvvəl ölsəm Allah məni məzarımdan çıxarıb sənə kəniz etsin. Sən mənim üçün dua et, mən hidayət olum… Allah sənin dualarınla bağışlasın məni…