Novruzun tarixi kökləri

Son güncelleme:
  • novruzun tarixi - novruz ənənəsiNovruz təqvimi ən qədim təqvimlərdən biri hesab edilir və o, günəşin hərəkətinə əsaslanır: dəqiqliyi ilə ilahi məzmun daşıyır. Novruzla bağlı bizə məlum olan ən qədim təqvim miladdan öncə 505-ci ildə bərpa edilmiş "Yeni Avesta" təqvimidir. Buna Zərdüşti-salnamə də deyirlər. Elə buradaca qeyd edək ki, ən qədim "Avesta" haqqında verilən məlumatlar onun Azərbaycan mühiti ilə bağlı olmasını və maqlar tərəfindən təlim edilib yayılmasını təsdiq edir. Maqların tərtib etdiyi qədim "Avesta" təqviminə görə, ilin uzunluğu 360 gün hesab olunmuş, dəqiqlik itməsin deyə, ilə hər altı ildə bir ay, hər yüz iyirmi ildə isə daha bir ay əlavə edilmişdir. Məhz 505-ci ildə Əhəməni qarı Daranın dövründə bərpa edilmiş Zərdüşti-salnaməsinə görə ilin uzunluğu 365 gün hesab edilmiş, ilə hər dörd ildə bir gün, hər 120 ildə bir ay əlavə edilmişdir.

    İslam dininin meydana gəlməsi islami təqvim yaratmışdır: 636-cı ildə xəlifə Ömərin zamanında 622-ci il müsəlman erasının birinci ili kimi qəbul edilmiş və Hicri-Qəməri təqvim əsasında hesablanmışdır. Məhərrəm ayının biri Hicri-qəməri təqvimin birinci günü sayılmışdır. Ümummüsəlman dünyasında məhərrəm ayının 1-i imamların təziyə gününə təsadüf etdiyindən və üstəlik hicri-qəməri təqvim nəzərdə tutulan an dəqiqliyə imkan vermədiyindən bir çox çətinliklər ortaya çıxmışdır. Bir tərəfdən islami dünyagörüş Novruzun keçirilməsini saymamışdır, digər bir tərəfdən isə Hicri-Şəmsi təqvimin bərpası türk hökmdarı Atabəy Məlik Şah Cəlaləddin Səlcuqinin (1072-1092) dövründə baş vermişdir. Mənbələrin gah hicri 468, gah da hicri 475 rəqəmləri ilə qeyd etdiyi bu tarix Miladın 1076 və 1083-cü ilinə uyğun gəlir. Məlik şahın hakimiyyəti illərinə düşür.

    Cəlali adıyla məşhur olan bü təqvim novruz bayramının ruhani əhval-ruhiyyəsinin əksinə olaraq, bir daha rəsmiləşdirilməsinə, əslində isə türk ruhuna qayıdışa xidmət etməklə yanaşı, dəqiqliyi ilə də heyrətamizdir. Cəlali təqviminə görə, ilin uzunluğu 365 gün, 5 saat, 49 dəqiqə, 15 saniyə, 48 rəbiədir. Bu qədər mükəmməl bir təqvimin hazırlanması türklərin çox dərin astronomik biliklərə malik olduqlarını sübut etməkdədir. Həm məhərrəmin 1-də, həm də yaz gecə-gündüz bərabərliyi, yeni il anında qeyd etmək çətinliklərlə müşayiət edildiyindən, Cəlali təqvimi əsasında Novruzun keçirilməsi haqqında fərman verir. Bu fərman səfəvi şahı II Abbasın vəfatından bir az sonra unudulmağa başlasa da, xalq türk adət-ənənəsinə sadiq qalaraq, Novruz bayramını keçirməkdə davam etmişdir.

    1673-cü il mart ayının 21-də Çuxursabad (Çuxursəd) bəylərbəyi Səfiqulu xanın qonağı olan fransız taciri Jan Batist Şardən orada Novruzun necə keçirildiyini izləmiş, belə bir nəticəyə gəlmişdir ki, o, mənşə etibarilə dini dünyagörüşlərlə bağlı deyildir: bəzi yerlərdə 3, bəzi yerlərdə isə 8 gün davam edir. Onu həm "Sultan Novruz", həm də "Təzə paltar bayramı" adlandırırlar. Şardənin təsvirinə görə, yastı damlarda və meydançalarda səmanı xüsusi alətlər vasitəsilə müşayiət edən münəccimlər günəşin Qoç bürcünə daxil olması ilə yaz gecə-gündüz bərabərliyi anının başlandığını işarə edirlər.

    Bu zaman artilleriya və muşketlərdən atəş açmaqla bayramın başlandığını xalqa xəbər verirlər: nağaralar, şeypurlar, qərəneylər səslənir. Şah bayramın 1-ci günü xalqını, 2-ci günü alimləri, xüsusilə astronomları, 3-cü günü din xadimlərini, 4-cü günü məhkəmə üzvlərini, 5-ci günü əyalət hakimlərini , 6-cı günü öz valideynlərini, sonrakı iki gün ərzində isə öz uşaqlarını təbrik edir. Küsülülərin barışdığı, hamının bir-birinə hədiyyə verdiyi bu bayramda təkcə paltarlar deyil, hisslər də, duyğular da təzələnir. Şardən İrəvanda Səfiqulu xanın sarayında yumurtaların boyandığının, qovurğa qovrulduğunun, ləziz xörəklər bişirildiyinin şahidi olur. Şardənin məlumatına görə, şah öz hərəmlərinə boyanmış və qızıl suyuna çəkilmiş yumurta göndərirmiş. Yaraşıqlı tərəzi gözlərinə qoyulmuş yumurtaların üzərində dörd incə təsvir və ya miniatür olurmuş. Ona görə ki, yumurtanı şeylərin mənşə və başlanğıcı hesab edirmişlər.

    XIX əsrin ilk illərindən rus imperiyası tərəfindən işğal edilən Azərbaycan türkü bir ildə 3 dəfə-məhərrəmin 1-də, yanvarın 1-də və yaz gecə-gündüz bərabərliyi anında yeni il keçirmək məcburiyyətində qalır. Bunlardan 1-ni ruhani aləm, 2-ni ilə dövlət himayə etdiyi halda, Novruzu xalq özü yaşadır. Novruz bayramına görə, ruhani atalardan və dövlət xadimlərindən təbrik gözləyən xalq tarixi-genetik yaddaş kodlarını qoruyub saxlayır. Bir də 1918-1920-ci illərdə cəmi 23 ay yaşayan AXC dövründə Novruz rəsmiləşdirilir, lakin şura hökuməti tərəfindən ləğv edilir.

    Yenidən illər keçir və nəhayət 1967-ci ildə Novruzun xüsusi qərarla dövlət səviyyəsində keçirilməsinə nail olan Şıxəli Qurbanov elə həmin il bayramın 7-ci günü-martın 27-də qəflətən vəfat edir. Və ən nəhayət Azərbaycan milli müstəqillik dövrünə qədəm qoyur. Novruz yenidən dövlətin qərarı ilə rəsmiləşdirilir. Ümummili liderimiz Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra milli-mənəvi dəyərlərimiz yüksək inkişaf mərhələsinə qədəm qoydu. Bu, ümumi mədəni siyasətin tərkib hissəsi və davamı olaraq Novruz bayramı, sözün həqiqi mənasında, yenidən xalqımıza qaytarıldı.

    Müəllif: Aygün Telmanqızı
    Mənbə: Olaylar.- 2009.- 24 fevral.- S. 15.

    alıntı

    https://www.main-board.com/azerbaycan-heyat-terzi/748055-novruz-bayrami-ve-cersenbeler.html#post5068083
0 0 0