Düçar olduq bir telefon dərdinə

Son güncelleme:
  • gündəlik həyatın çətinlikləri - mobil telefoniyaBəşəriyyət öz ehtiyaclarını nəzərə alaraq, həmişə həyatını asanlaşdırmaq üçün bir axtarış içərisindədir. Texnoloji yeniliklərin ilham mənbəyi də əslində elə bəşəriyyətin bu ehtiyaclarıdır. Bu axtarışlar tərəqqimiz üçün, inkişafımız üçün çox vacib olsa da, çox vaxt özü ilə bir çox problemlər də gətirir. Ancaq bu problemlər əsasən ya çox sonra işıq üzü gördüyü üçün, ya da faydası zərərindən çox olduğu üçün o qədər də diqqəti cəlb etmir. Məsələn, elə bu cib telefonları kimi… Artıq müəyyən yaşdan yuxarı olan insanların, hətta daha aydın ifadə etsək, 12 yaşdan yuxarı olan insanların, demək olar ki, hamısında cib telefonu var. İlk baxışda cib telefonu bir ünsiyyət vasitəsi kimi təsir bağışlasa da, əslində insanın özünə və ya ailəsinə ayırmalı olduğu vaxtı “işğal edən” bir vasitədir.

    Artıq hər şey oradadır. Musiqi də, kino da, televiziya da, internet də, bir sözlə, hər şey cib telefonundadır. Demək olar ki, hər yerdə — dükanda, bazarda, metroda, avtobusda, evdə, işdə… insanlar ancaq cib telefonu ilə məşğuldurlar. Hara baxırsan, ya başını aşağı əyərək telefonunun düymələri ilə oynayan, ya da qulağında qulaqlıq musiqinin ahənginə dalaraq dünya ilə əlaqəsini kəsən insanlar görürsən.

    Bu gün cib telefonları insanlar üçün təkcə bir telefon deyil. Hətta artıq cib telefonunun təkcə danışmaq üçün alındığını da demək olmaz. Çünki yerinə yetirdiyi funksiyaları nəzərə alsaq, bir cib telefonunun danışmaq funksiyası çox-çox gerilərdə qalır. Hər cür işimizi yerinə yetirməklə yanaşı, yeni çıxan modellərdə ürək döyüntülərimizi belə ölçə bilirik.

    Səhv başa düşməyin, biz heç də texnoloji yeniliklərə qarşı deyilik, qarşı olduğumuzu da düşünmək olmaz. Çünki texnologiya və yeni kəşflər həyatı asanlaşdırmaq və eyni zamanda görüləcək bir çox işlər üçün vaxt qazanmaq deməkdir. Ancaq bütün bunlarla yanaşı, nədənsə bu yeniliklərin insanı tənhalaşdırdığını da görə bilmirik. İnsanlar sanki virtual bir dünyada yaşayırlar. Və insanlar sanki dünyanı cib telefonu adlı dar bir pəncərədən seyr edirlər.

    Bayram ziyarətləri insanlar arasındakı sosial bağların inkişafında çox böyük əhəmiyyət kəsb edən bir ənənə idi. Məktub yazmaq insanların hisslərini qələmə alması demək idi və həyatımızda çox mühüm yer tuturdu. Yas mərasimlərində iştirak edilir, başsağlıqları bildirilir, dərdli insanların dərdinə şərik olunur, heç olmasa, şirin dillə könülləri alınırdı.

    Yeni doğulan nəvə nənəsinin, babasının yanına aparılır, onların xeyir-duaları alınırdı. Bunun kimi övladlığımızı, dostluğumuzu, qohumluğumuzu, bir sözlə, insanlığımızı ifadə edən bir çox vəzifələr də artıq cib telefonunun mesaj bölməsində klişeləşmiş, səmimiyyətdən uzaq bir neçə söz və ya ifadədə, ya da telefonla çəkilmiş bir neçə fotoşəkildə öz əksini tapır. Bax, elə əsas tənqid edilməli olan məsələ də elə budur.

    Əlbəttə ki, texnoloji inkişafdan qaçmaq mümkün deyil və heç qaçmağa da ehtiyac yoxdur. Sadəcə olaraq, bizi biz edən dəyərləri dəyişən, inkişaf edən dəyərlərə inteqrasiya etdikdə o dəyərlərimizin ruhunu öldürməməliyik. Cib telefonundan istifadə edirik və istifadə etməkdə də davam edək, ancaq texnologiya düşkünü olmayaq, ehtiyacımız qədər istifadə edək, bir də gələcəkdə hələ çox böyük problemlərə səbəb olacağına inandığım telefonda mesaj yazanda dilimizi məhv edən uydurma ifadələrdən istifadə etməyək. “Salam” yerinə “slm”, “təşəkkür” yerinə “tşk” və s. kimi qısaltmalar “icad edərək” dilimizin qatili olmayaq.

    Osman Uçak

    alıntı
0 0 0