Coğrafiya XX əsrin əvvəllərində - 2

Son güncelleme:
  • oğrafiya tarixi - coğrafiya 1900-1918 illərDünyanın əsas zonalarını (Şimal yarımkürəsində) Dokuçayev aşağıdakı kimi müəyyənləşdirmişdi:

    1. Şimal zonası (tundra, meşə-tundra). Burada torpaqlar, adətən bataqlıqdır az inkişaf etmişdir və turşdur. Bu torpaqlardan kənd təsərrüfatında istifadə etmək üçün onların aerasiyası tələb olunur.
    2. Meşə zonası (çimli, podzol, nisbətən kasıb torpaqlar). Belə torpaqlar yaxşı şumlanıb, lazımi kübrələrlə təmin edildikdə məhsuldar olur. Bu zona əkinçiliyin aparılmasına görə minerallaşdırma zonası adlandırılmışdır. Bu torpaqlardan səmərəli istifadə etmək üçün onu əhəng, fosfor, kalium, azot və s. ilə kübrələmək, mineral tərkibini zənginləşdirmək lazımdır.
    3. Qaratorpaq zona. Ölkənin əsas əkinçilik zonasıdır. Bu zonanın torpaqlarının çox zaman dənəvər strukturu olmur. Bu torpaqlardan istifadə etmək üçün onların dənəvər strukturunu bərpa etmək lazımdır. Belə torpaqlar olan zonaya fiziasiya zonası deyilir.
    4. Süni suvarmaya ehtiyacı olan səhra və yarımsəhra torpaqlar. Dokuçayev bu zonanı «hidrasiya» zonası adlandırır.
    5. Qırmızı və ya laterit torpaqlı səhra və yarımsəhra zonası – günəşin mədəni bitkilərə intensiv təsir göstərdiyi zona («heliasiya»).
    Dokuçayev elmi fəaliyyətə təbiətçi kimi başlamışdır. O, təbiət vasitəsilə insan dünyasını dərk etmiş və insan elementi onun yaradıcılığında getdikcə daha çox yer tutmuşdur. Sonralar o öyrəndiyi təbii aləmlə insan aləmini birləşdirməyə çalışmışdır. Dokuçayev coğrafiyanın tədqiqat obyektini müəyyənləşdirmək məqsədilə landşaft terminini «geomorfasiya» termini ilə əvəz etmişdir ki, bu da müasir «geosistem» termininə müvafiqdir.
    Alim, coğrafiya elminin obyektini təyin edərək təbii zonalar haqqındakı təlimi irəli sürmüşdür. Təbii zonallıq istər üfüqi, istərsə də hündürlük istiqamətində olub təbiətin bütün elementlərini əhatə edir. Quruda olduğu kimi okean və dənizlərdə də təbii zonallıq qanunu qabarıq surətdə özünü büruzə verir. Zonaların daha dəqiq öyrənilməsi və burada bəzi dəqiqləşdirmələr edilməsi tələb olunur. Zonallıq qanunu təbiət elementlərinin qarşılıqlı əlaqələrinin qanunudur, o, eyni zamanda müəyyən ərazidə insanın həyatı və fəaliyyəti qanunudur. O, sahə və zaman qanunudur.

    Qərbi Avropanın mütərəqqi fikirli alimlərindən biri alman Oskar Peşel (1826-1875) Ritterin idealist fikirlərinə qarşı çıxmış, Humboltun «müqayisə coğrafiya» metodunu yer səthinin nisbətən kiçik olan konkret tiplərinə tətbiq etmiş və fiordların, adaların, çay vadilərinin, dokların təsvirini vermiş, insan və təbiət münasibətləri məsələsində insanın rolunu yüksək qiymətləndirmişdir.

    Peşelin davamçısı Bonn, Leypsiq, Berlin universitetində professor işləmiş və Çinə səyahətlər edərək Lyoş vilayətləri və relyef formalarını tədqiq etmiş Rixthofen (1833-1905) coğrafiyaya Yerin mənzərəsi ilə qarşılıqlı əlaqədə olan müxtəlif hadisələri öyrənən elm kimi baxmış, xüsusilə Yer səthini formalaşdıran proseslərə, xüsusən geoloji proseslərə daha çox əhəmiyyət vermiş, relyefin başqa təbiət ünsürləri ilə əlaqəsini tədqiq etmişdi. İnsanın üzvü və qeyri-üzvü aləmlə qarşılıqlı əlaqələrini müəyyənləşdirməyi coğrafiyanın ali məqsədi saymışdı. O, coğrafiya elmləri sisteminə insan coğrafiyasını da daxil etmiş, antropologiya, etnoqrafiya, statistika kimi sosial elmlərlə təbiət elmləri arasında birlik yaratmışdır. Coğrafi tədqiqatın miqyasını təyin edərək göstərmişdi ki, coğrafi tədqiqat aparmaq üçün konkret və geniş ərazi, böyük rayon, böyük landşaft və s. kimi miqyaslar götürmək daha yaxşıdır. Rixthofenin xidmətlərindən biri onun regional coğrafiyanı ümumi coğrafiyaya qarşı qoymayıb, onların qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərib birgə tədqiqat aparmaları ideyasını irəli sürməsindədir.

    Almaniyada Rixthofen ilə bir zamanda yaşamış və işləmiş Fridrix Ratsel (1844-1904) antropocoğrafiyanın əsasını qoymuşdur. İxtisasına görə o, təbiətşünas, zooloq, müqayisəli anatomiya və paleontologiya alimi idi.
    O, mütərəqqi fransız antropocoğraflarından (insan coğrafiyası nümayəndələrindən) fərqli olaraq antropocoğrafiyanı Darvin nəzəriyyəsi ilə bağlamışdır. Ratselə görə, insanların məskunlaşması və fəaliyyətini öyrənmək üçün Darvin nəzəriyyəsindən istifadə etmək lazımdır. Bununla da o, sosial darvinizmin əsasını qoymuşdur. Ratsel ömrünün ikinci yarısında «Antropocoğrafiya» adlı 2 cildli əsər nəşr etdirdi. Bu əsərin əsas ideyası bundan ibarətdir ki, insan və heyvanların həyatında, onların məskunlaşmasında, ətraf təbiətlə qarşılıqlı əlaqələrində bir çox ümumiliklər var, həm insanlar, həm də heyvanlar, hər ikisi daim həyat uğrunda, yaşamaq uğrunda mübarizə aparmalıdır.

    1897-ci ildə Ratselin «Siyasi coğrafiya» əsəri çapdan çıxdı. Bu əsərdə o, dövləti Yerlə bağlı olan bir orqanizmə oxşadırdı. Dövlət bir orqanizm kimi ya yaşayıb böyüməli, yaxud da məhv olmalıdır. Salamat qalması üçün isə dövlət öz həyat sahəsini genişləndirməlidir. Beləliklə, Ratsel mürtəce «həyat üçün məkan» ideyasına gəlib çıxdı ki, bundan da 30 il sonra alman faşizmi geniş istifadə etdi. Onun fikirləri hələ öz vaxtında Preston Ceyms və s. kimi böyük coğrafiyaşünaslar tərəfindən tənqid olunmuşdu. Lakin vaxtilə onun tələbəsi olmuş Ellen Çörçill Simpl (1863-1932) ABŞ-da onun fikirlərini təbliğ edirdi.

    Məşhur fransız coğrafiyaşünası, Sarbon Universitetinin kafedra müdiri Vidal-de-la Blaş (1845-1919) coğrafiyanın vəzifəsini insanın onu əhatə edən mühitlə münasibətini öyrənməkdə görürdü. O, bu məqsədlə bir-birinə oxşar kiçik sahələri dəqiq öyrənməyi lazım bilirdi. Hər iki sahədə insan özünə xeyir verən, ona lazım olan imkanları öyrənməlidir. Coğrafiyada bu istiqaməti possibilizm adlandırırlar.

    Coğrafiyaçının mütərəqqi cəhətlərindən biri insan ilə təbiət arasında hərtərəfli əlaqələrin mövcud olduğunu təsdiq etməsi idi. Lakin bu əlaqələrdə həlledici rolu təbiətin təsirində gördüyünə görə o, coğrafi determinizmə qapılırdı.
    Alim Fransada «İnsan coğrafiyası» məktəbini yaradanlardan biri idi. Bununla belə o, Ratselin siyasi coğrafi ideyalarını qəbul etməmişdir. Digər tərəfdən, onun coğrafiyası Elize Reklünün insan coğrafiyasından konservatizminə, təsvirçiliyinə və siyasi cəhətdən bir sıra nöqsanlarına görə seçilirdi.

    Rusiyada antropocoğrafiya məktəbinin nümayəndələri sayılan A.A.Kruber, İ.P.Siliniç və b. insanların təbiətdən asılı olmasını iddia edir, təbii qüvvələrə onun dəyişdirici təsirini nəzərə almırdı, müti surətdə təbiətə uyğunlaşdıqlarını qəbul edirdilər. Onlar da təbiət qanunlarının insan coğrafiyasına aidliyi fikrini irəli sürürdülər, insanların məskunlaşmasını və bir sıra həyati məsələlərini yaşamaq uğrunda mübarizə qanunu ilə izah edirdilər. Bəzən bu cəmiyyətdə baş verən dəyişiklikləri əhalinin sıxlığının artması ilə bağlayırdılar. Onlar təbiət və cəmiyyət arasında ümumi ahəngin olmasını qəbul edirdilər.

    Fransız akademiki Emmanyuel Marton (1873-1955) fiziki coğrafiyanın tanınmış tədqiqatçılarından biri olmuşdur. O, bir sıra qiymətli əsərləri ilə çox tanınmış, ümumi coğrafiya ilə yanaşı geomorfologiya və iqlimşünaslıqla da məşğul olmuşdu. Əqidəsinə görə o da «insan coğrafiyası» məktəbinə mənsub idi. Onun «Mərkəzi Avropanın coğrafiyası» əsəri qiymətli tədqiqat nümunəsi kimi çox maraqlıdır.

    Coğrafi determinizm (coğrafi fatalizm) XIX əsrin axırlarında ABŞ-da geniş vüsət almışdı. Onun ilk nümayəndəsi E.Hantinqtonun (1876-1948) fikrincə, təbii şərait cəmiyyətin inkişaf səviyyəsini, iqtisadiyyatı, mədəniyyəti və məişəti müəyyənləşdirir. O, elmi-texniki tərəqqinin əleyhinə çıxıb iddia edir ki, elmi-texniki tərəqqi şəraitində kütləvi əmtəə istehsalı ucuz başa gəlir, həddindən artıq çox mal istehsal olunur, satış qiymətləri aşağı düşür. Bu da kapitalizm üçün yüksək qazanc əldə etməyə mane olur. Elmi-texniki tərəqqi iqtisadi böhranlara səbəb olan bəladır. O, zəif inkişaf etmiş ölkələrin sənayeləşdirilməsinin əleyhinə çıxaraq, onları qabaqcıl ölkələrin aqrar xammal bazasına çevirməyi lazım bilir. Hantinqton da bazar iqtisadiyyatı yolu ilə inkişaf edən ölkələrin gəlirinin artmasına kömək etməyə çalışırdı.

    O, sənaye sahələrini inkişaf səviyyəsinə görə təsnifləşdirərək, aşağıdakı qruplara bölür: 1) yalnız əl əməyindən istifadə edən ibtidai tipli sənaye; 2) mexaniki dəyirman, taxta zavodu, filiz əridən, konserv istehsal edən sadə tipli sənaye; 3) qaz zavodu, su kəməri, poliqrafiya sənayesi, dəmir yolu, çuqun əridən zavodu olan ictimai tipli sənaye; 4) bütün başqa sahələri olan kompleksli inkişaf etmiş sənaye. Bu təsnifata görə təbii şəraiti və təbii ehtiyatları zəngin olan sahədə qurulan sənaye ən əlverişli tip hesab edilir. Hər hansı rayonda iqlim şəraitinin mürəkkəbliyini onun inkişafına mane olan əsas amil sayırdı. Beləliklə, o, sosial-iqtisadi mərhələlərin inkişafına tarixi baxımdan yanaşmır, onu iqlim şəraiti ilə bağlayır, sənayenin yerləşdirilməsini coğrafi fatalizm nöqteyi-nəzərdən izah edir, iqlimin insan fəaliyyətinə optimal təsirini axtarırdı. Bununla əlaqədar o, invayronmetalizm (bizi əhatə edən təbii mühit) məktəbinin əsasını qoyur. Bu məktəbə görə insanlar ətraf mühitlə sıx münasibətdədirlər, təbii mühit təsərrüfat fəaliyyətinə güclü təsir edir. Bu məktəbin ABŞ-da banisi E.Ç.Simpl idi. Bəzi müəlliflər insan davranışının bütün tərəflərini ekoloji səbəblərlə izah etməyə çalışırdılar.

    Coğrafi determinizmə cavab olaraq possibilizm (mümkün olan) tezisi irəli sürüldü. Bu tezisə görə, insan təbiətin passiv yox, fəal agentidir.

    Müasir geosiyasət nəzəriyyəsinin davamçısı və təşkilatçısı Simpl və kontr-admiral Alfred Mexen öz nəzəriyyələrini xeyli mürəkkəbləşdirirlər. Məsələn, Mexen dəniz qüvvələri nəzəriyyəsini irəli sürmüşdür. Bu nəzəriyyəyə görə, sahil zonaları xalqlarının tarixinə, xarakterinə təbii şərait güclü təsir göstərir. İngilis X.Makkinder «Tarixi coğrafiyanın əsasları» adlı kitabında coğrafi mövqeyin hər hansı bir dövlətin taleyində həlledici rolunu şişirtmişdir. Onun coğrafiyasındakı ətalət ideyası mövcud dövlətlərin ağalığını saxlamaq siyasətini güdürdü.

    Geosiyasət (geopolitika) nəzəriyyəsi ilə isveçli sosialist Yohan Kyellen (1864-1922) də məşğul olmuşdur. O, «Böyük məmləkətlər» kitabında coğrafi mövqeyin dövlətlərin həyatında həlledici rolunu isbat etməyə çalışmışdır. O göstərmişdir ki, imperialist dövlətlərinin vəzifəsi coğrafi bloklar, özü də hərtərəfli inkişaf etmiş bloklar yaratmaqdır.

    Alman imperializmi geosiyasət nəzəriyyəsindən əməli işdə geniş istifadə edib, ona əsaslanaraq faşist dövlətini yaratmış və imperialist müharibələri törətmişdir. Faşist Almaniyası akademiyasının prezidenti Karl Haushoferin (1869-1946) «Hərbi geopolitika» əsərində əsas məqsəd faşizmin planlarının həyata keçirilməsinə ideoloji baza yaratmaq idi. Bu məsələdə Haushofer vulqar coğrafiyadan istifadə etmiş, coğrafi mövqeyin guya həlledici rol oynaması ideyasını əsaslandırmışdır.

    Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə

    alıntı

    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/750341-cografiya-xx-esrin-evvellerinde-11900-1918-iller.html#post5072253
0 0 0
```[cite: 10]