Qan dövranı sistemi xəstəlikləri

Son güncelleme:
  • hər il 30 min soydaşımız bu bəlaya qurban gedir - xəstəliklərdən ölüm halları - travmalar - zəhərlənmələrDövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2011-ci ildə ölkəmizdə qan dövranı sistemi xəstəliklərindən 32 min 835 nəfər, 2012-ci ildə isə 34 min 832 nəfər dünyasını dəyişib.

    Hazırda Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə qan dövranı sistemi xəstəlikləri gəlir. Belə ki, son 5-6 ildə ölkəmizdə bu xəstəlikdən hər il 30 mindən çox, ümumilikdə isə 150 mindən artıq insan dünyasını dəyişib. Azərbaycanda ölüm səbəbləri sırasında ikinci sırada yenitörəmə xəstəlikləri gəlir. Söhbət şiş və digər xəstəliklərdən gedir. Həzm sistemi xəstəliklərindən də ölənlərin sayı nisbətən yüksəkdir. Amma bir sevindirici hal var ki, Dövlət Statistika Komitəsindən aldığımız məlumatlarda həzm sistemindən ölənlərin sayında son illər azalma müşahidə olunduğu bildirilir. Travmalar, zəhərlənmələr səbəbindən ölüm halları da yüksəkdir. Belə ki, ötən il 2467 nəfər bu xəstəlikdən dünyasını dəyişib.

    Ölkəmizdə bu və ya digər xəstəliklərdən ölüm hallarının artmasında ekologiyanın, keyfiyyətsiz qidaların, insanların üzləşdikləri sosial problemlərin rolunu qeyd etməyə dəyər. Bütün bunlar isə insanlarda, ilk növbədə, streslə, aqressiya ilə müşahidə edilir. Mütəxəssislər vəziyyətdən çıxış yolu kimi müxtəlif təkliflər irəli sürürlər. Psixoloq-psixoterapevt Dəyanət Rzayev isə qəzetimizə müsahibəsində dedi ki, stress və aqressiya ilə mübarizədə ən yaxşı üsul idman etməkdir. Müsahibimiz yediyimiz qidalara diqqət etməyin də vacib olduğunu söyləyir.

    Bu günlərdə ölkəmizdə qəfil ölümlərin sayının kəskin artması barədə qəzetimizdə araşdırma yazı dərc olunmuşdu. Yazı maraqla qarşılandığından bu istiqamətdə növbəti araşdırmamızı təqdim edirik. Bu dəfəki mövzumuz isə belədir: insanlar ən çox hansı xəstəliklərdən ölürlər. Bu suala Dövlət Statistika Komitəsindən aldığımız rəqəmlər əsasında aydınlıq gətirməyə çalışacağıq. Araşdırmalarımız nəticəsində məlum oldu ki, 80-ci illərin sonu, 90-cı illərin əvvəlləri ilə müqayisədə hazırda bəzi xəstəliklərdən ölüm sayında rekord artım var. Dövlət Statistika Komitəsindən aldığımız məlumatlar əsasında onu da öyrəndik ki, hazırda ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdə qan dövranı sistemi xəstəlikləri gəlir. Belə ki, əgər 1990-cı ildə ölkəmizdə qan dövranı sisteminin xəstəliklərindən 20 min 728 nəfər dünyasını dəyişmişdisə, 1991-ci ildə 21 min 978, 1992-ci ildə 23 min 118, 1993-cü ildə 25 min 16, 1994-cü ildə 24 min 858, 1995-ci ildə 25 min 767, 1996-cı ildə 24 min 765, 1997-ci ildə 24 min 163, 1998-ci ildə 24 min 681, 1999-cu ildə 25 min 181, 2000-ci ildə 26 min 205 nəfər ölüb. Növbəti illərdə də artım davam edib. Məsələn, 2001-ci ildə ölkəmizdə 25 min 267 nəfər qan dövranı sisteminin xəstəliklərindən dünyasını dəyişib. 2002-ci ildə 26 min 505, 2003-cü ildə 27 min 960, 2004-cü ildə 28 min 488, 2005-ci ildə 29 min 392, 2006-cı ildə 29 min 712 nəfər insanımız bu xəstəliklərdən dünyasını dəyişib. Çox təəssüf ki, 2007-ci ildən etibarən isə bu xəstəliklərdən ölənlərin sayı 20 minlə deyil, 30 minlə ifadə olunmağa başlayıb. Belə ki, 2007-ci ildə 30 min 355 nəfər, 2008-ci ildə 31 min 128 nəfər, 2009-cu ildə 32 min 72 nəfər, 2010-cu ildə 32 min 554 nəfər, 2011-ci ildə 32 min 835 nəfər bu xəstəliklərdən vəfat edib. 2012-ci ildə isə ölənlərin sayında bir il öncə ilə müqaisədə nə az, nə çox 2000 nəfərə yaxın artım olub. Həmin il 34 min 832 nəfəri qan dövranı sisteminin xəstəlikləri səbəbindən itirmişik.

    Yenitörəmələrin törətdiyi fəsadlar

    Azərbaycanda ölüm səbəbləri sırasında ikinci sırada yenitörəmələr gəlir. Söhbət şiş və digər xəstəliklərdən gedir. Rəsmi məlumatlara inansaq, görərik ki, yenitörəmələrdən ölənlərin sayında da artım var. Məsələn, 1990-cı ildə yenitörəmələrdən əgər 4805 nəfər dünyasını dəyişmişdisə, ötən il bu göstərici 5886 nəfər olub. Amma burada bir məqamı da unutmaq olmaz. Belə ki, Dövlət Statistika Komitəsindən əldə etdiyimiz rəsmi məlumatlara görə, 2003-cü ildən sonrakı dövrlə müqayisədə ötən il bu xəstəliklərdən ölüm hallarında az da olsa, azalma qeydə alınıb. Belə ki, 2003-cü ildə ölkəmizdə 6248 nəfər, 2004-cü ildə 6105 nəfər, 2005-ci ildə 6381 nəfər, 2006-cı ildə 6517 nəfər, 2007-ci ildə 6650 nəfər, 2008-ci ildə 6515 nəfər, 2009-cu ildə 6910 nəfər, 2010-cu ildə isə 6633 nəfər dünyasını dəyişmişdi.

    Həzm sistemi xəstəliklərindən ölənlərin sayı son illər azalıb

    Azərbaycanda həzm sistemi xəstəliklərindən də ölənlərin sayı nisbətən yüksəkdir. Amma bir sevindirici hal var ki, Dövlət Statistika Komitəsindən aldığımız məlumatlarda həzm sistemizdən ölənlərin sayında son illər azalma müşahidə olunduğu bildirilir. Lakin bütün hallarda bu xəstəliklərdən ölənlərin sayı 20 il öncə ilə müqaisədə xeyli yüksəkdir. Məsələn, 1990-cı ildə həzm sisteminin xəstəliklərindən 1975 nəfər dəyişmişdisə, ötən il 2970 nəfər ölüb. Qeyd edək ki, 2004-cü ildən sonrakı müddətdə bu göstərici 3000-dən aşağı olmamışdı. Belə ki, 2004-cü ildə 3029 nəfər, 2005-ci ildə 3120 nəfər, 2006-cı ildə 3317 nəfər, 2007-ci ildə 3206 nəfər, 2008-ci ildə 3147 nəfər, 2009-cu ildə 3007 nəfər, 2010-cu ildə 3137 nəfər, 2001-ci ildə isə 3097 nəfər bu xəstəliklər səbəbindən vəfat etmişdi.

    2467 nəfər travma və zəhərlənmədən ölüb

    Travmalar, zəhərlənmələr səbəbindən ölüm halları da yüksəkdir. Belə ki, ötən il 2467 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Statistik məlumatlara görə, 1990-cı ildə əksinə, bu səbəbdən ölənlərin sayı daha çox olub - 3206 nəfər.

    Qeyd edək ki, qan dövranı sistemi xəstəliklərinin artmasına səbəb kimi həkimlər bir çox səbəblər göstərirlər. Burada heç şübhəsiz ki, ekologiyanın, keyfiyyətsiz qidaların, insanların üzləşdikləri sosial problemlərin təsiri vardır. Zəhərlənmə və travmaların artmasının isə səbəbi yəqin ki, birincidə keyfiyyətsiz qidalarla, ikincidə isə yol qəzaları ilə bağlıdır.

    “Əvvəllər sağalmayan xəstəliyə düçar olanlar da çalışırdılar ki, depressiyaya düşməsinlər”

    Bir çox problemlərin kökündə isə insanların səbirsiz davranışları, aqressiyaları, stress və həyəcanları dayanır. Psixoloq-psixoterapevt Dəyanət Rzayev də bu gün insanların bir çoxunun səbirsiz olduqlarını deyir: “Haradasa növbəyə duran adamlar az qala bir-birlərini itələyib irəli keçmək istəyirlər. Yollarda yersiz səs siqnallarından istifadə edənlər çoxdur. Bunların hamısı səbirsizliyin, gərginliyin əlamətidir. İnsan əsəbi olan zaman özünü ələ almağı bacarmır. Müəyyən mənada özünü tərbiyə etməyə çalışır, amma yenə də səbirsizliyini büruzə verir. Bir çox insanların sözləri bir-birilərinin boğazından keçmir. Bu cür aqressiv halların yaranmasının bir çox səbəbi vardır. Məsələn, kimininsə ailəsində qeyri-sağlam münasibətlər baş verir, kiminin maddi durumla bağlı stressi var və s. Ümumilikdə mən hesab edirəm ki, bu gün sosial və insanlar arasında münasibətlər müəyyən mənada sağlam deyil. Daha dəqiq desəm, sosial ədalətsizlik var. Deyirlər qiymətlər Avropaya uyğun olmalıdır. Bəs maaşlar? Müəllim, həkim bu gün 130-200 manat maaş alırsa, bu bazarda olan qiymətlərə uyğundurmu? Bakıda isə əhalinin sayı çoxdur. Bu gün şəhərdə sıxlıq var. Bu da gətirib aqressivliyə, gərginliyə, əsəbiliyə çıxarır. Depressiyanın yaşı cavanlaşıb. Keçmişə nəzər salsaq görərik ki, o vaxtlar 40 yaşından sonra sağalmayan xəstəliyə düçar olanlar da çalışırdılar ki, depressiyaya düşməsinlər. Amma indi bu adi hala çevrilib”.

    “Yediyinizə fikir verin, idmanla məşğul olun”

    Dəyanət Rzayev hesab edir ki, stresdən, əsəbilikdən qurtulmağın ən yaxşı yollarından biri idmanla məşğul olmaqdır: “Belə olanda idman etmək lazımdır. Görürsən ki, sənə nəsə güc gəlir, özünlə bacara bilmirsən idman etməyə çalış, yaradıcılıqla məşğul ol. Əsəbləşib kimisə təhqir etmək, dalaşmaq sonda insanın özünə pis olur”. Sonda müsahibimiz dedi ki, yediyimiz qidaların da insan psixologiyasına təsiri vardır: “Bizdə insanlar daha çox yağlı yeməklərə, ət xörəklərinə üstünlük verirlər. Mən deyərdim ki, bunlar bir növ ölümlə bağlı yeməklərdir. Vaxtı keçmiş, keyfiyyətsiz qidalar satılır. Bunların hər birinin insan psixologiyasına təsiri vardır. Odur ki, qəbul etdiyimiz hər bir qidaya fikir verməliyik”.

    alıntı
0 0 0