Nəqliyyatda bahalaşma qaçılmazdır

Son güncelleme:
  • Ekspert: "Benzin 70 qəpikdirsə, sərnişindaşınma taarifinin 20 qəpik olması mümkün deyil"

    Benzinin qiymətində artımdan sonra diqqət ictimai nəqliyyat sektoruna yönəlib. Yanacağın bahalaşmasının ictimai nəqliyyatda gediş haqlarının artıracağına kimsə artıq şübhə etmir.

    Sürücülər və sahibkarların bəziləri gediş haqlarının artırılması üçün Nəqliyyat Nazirliyiə müraciətlər edir.

    Tarif Şurasının ilkin mövqeyi ondan ibarətdir ki, yanacağın bahalaşmasından sonra sərnişinnəqliyyatda istifadə edilən yanacağa görə çəkilən xərc cüzi artıb.

    Tarif Şurasının katibi İlkin Məcidov hesab edir ki, tarif dəyişikliyinin ictimai nəqliyyata təsiri çox azdır. Belə ki, ictimai nəqliyyatda yanacaq xərcinin ümumi gəlirlərdə xüsusi çəkisi təqribən 20% təşkil edir və tarif artımından sonra bu göstərici 26,5% olacaq. Həmçinin taksi üzrə gediş haqqında yanacaq xərcinin payı 3% artacaqdır və bu artımlar sahənin rentabelliyi hesabına kompensasiya edilə bilər.

    Bir çox iqtisadçı isə bu fikirdədir ki, yanacağın bahalaşmasından sonra ictimai nəqliyyatda gediş haqqının artırılmaması qeyri-mümkündür.

    İqtisadçı Vüqar Bayramov da bu qənaətdədir. Ekspert deyir ki, benzinin və dizel yanacağının qiymətindəki dəyişikliyin birbaşa xərc artımlarına səbəb olduğu əsas sektor nəqliyyat sektorudur. Çünki bu sektorda sərnişin daşıma xərclərinin strukturunda yanacağ xərcləri 70 faizdən çoxdur: "Deməli, bizim istəyib-istəməməyimizdən asılı olmayaraq nəqliyyatda xərclər yüksəlib. Bu artımlardan sonra əslində nəqliyyat sektoru dilema qarşısındadır: ya dövlət bu sektora subsidiya ayıraraq ictimai nəqliyyatda xərclərin bir qismini üzərinə götürməldir, ya da sərnişinlərin daşınma taarifləri artırılmalıdır. İqtisadi baxımdan, benzinin 1 litrinin qiymətinin 70 qəpik olduğu ölkədə 1 sərnişinin daşınma tarifinin (hətta xərcinin də deyil) 20 qəpik olması mümkün deyil. Bu bazarın ən sadə qaydalarına belə ziddir".

    Bayramov deyir ki, bu baxımdan, nəqliyyat sektorunda qiymət artımlarına gedilməməsi birmənalı şəkildə həmin sektoru iflic olmasına gətirib çıxara bilər: "Artıq bu sektor sahibkarlar üçün rentabelliyini itirir. Yanacağın qiymətindəki artımlardan sonra ictimai nəqliyyat sektoruna subsidiyaların verilməsi seçimlərdən biri olsa da belə bunun reallaşacağı inandırıcı deyil. Bunun isə əsas səbəbi məhz 2014-cü ildə ümumi daxili məhsulunun 3 faizi həcmində kəsrin müəyyənləşdirilməsidir. Gələn il büdcədə neftdən asıllıq əsas hədəf kimi nəzərdə tutulduğundan dövlət büdcəsindən əlavə subsidiyalaşacağa gedilməsi gözlənilmir".

    Ekspert bildirir ki, əksinə, hökumət çalışacaq ki, qeyri-neft sektorundan, xüsusən də tənzimlənən qiymətlər sferasından büdcəyə daha çox vəsait cəlb etsin. Belə olan halda isə, ictimai nəqliyyatda yeganə seçim taarifin artırılmasıdır: "İctimai nəqliyyatda qiymətlərin süni şəkildə indiki səviyyədə saxlanması mümkün deyil. Bu iqtisadiyyatın əsas qanunlarına ziddir. Sahibkarı stimullaşdıran mənfəətdir və xərc qiymətdən yüksək olduğu halda səmərəlilik itir və iqtisadi sistem işləmir. Təbii, taariflərin artırılmasının sosial tərəfi var. Amma təəssüf ki, iqtisadi uyğunsuzluq müşahidə edilən hallarda sosial faktorlara söykənmək mümkün olmur. O baxımdan, nə qədər acı olsa da Azərbaycanda ictimai nəqliyyatda taariflərin artırılmasına ehtiyac var. Bunu nə qədər tez etsələr ictimai nəqliyyatda iqtisadi və ictimai münasibətlər o qədər tez qaydasında düşər".

    alıntı
0 0 0