Zamanmı günahkar bizmi günahkar

Son güncelleme: 12.01.2014 12:54
  • Əgər görmək üçün göz verilibsə,
    Sözünü deməyə söz verilibsə
    Görüb söyləmirik biz, verilibsə
    Dilmi günahkardır, sözmü günahkar ?
    Zamanmı günahkar bizmi günahkar?

    Yalanın önündə aciz qalmışıq,
    Günah əməllərə meyl salmışıq
    Diz çöküb batilə batil olmuşuq
    Önündə çökməyə dizmi günahkar?
    Zamanmı günahkar bizmi günahkar?

    Əgər utanmasan oynamaq asan,
    Artıq rahatlıqla oynayır yalan
    Bir sifət çevrilib min üzə inan
    Min cildə dəyişən üzmü günahkar?
    Zamanmı günahkar bizmi günahkar?

    Yalandan çox açıb kəsəndə bizik,
    Sözdə bayraq kimi əsəndə bizik
    Bir qəlbə köz vurub üzən də bizik,
    Köz vuran günahkar, közmü günahkar?
    Zamanmı günahkar bizmi günahkar?

    Əməlin sözünlə uymursa əgər,
    Bir göz kor olubsa ölümdən betər
    Emin, həqiqətə vermirsə dəyər
    İnsanmı günahkar , gözmü gönahkar?
    Zamanmı günahkar bizmi günahkar?!

    Müəllif: Emin Akifoglu

    alıntı
#12.01.2014 12:54 0 0 0