Uşaq idim, ay qonşu,
Şıltaq idim, ay qonşu!
Bağçadakı gülünün
İlkini mən dərərdim,
Qapındakı qoyunu,
Quzunu hürküdərdim.
Dalımca söyərdin də,
Tutanda döyərdin də.
“Uşaqları oddur, od”
Deyib yazıq atamdan,
Anamdan da əyərdin,
Kölgəm görünən kimi
“Vurulasan” deyərdin.
Uşaq idim, ay qonşu!
Yox kədərim, yox dərdim,
Dəcəlliyi sevərdim.
Elə sözlər danışıb,
Elə işlər görmüşəm!
İnək sağdığın yerdə
Papağımı tullayıb,
Südünü tökdürmüşəm.
Acığından,
Hirsindən
Dodağını yemisən,
Sözün elə bu olub:
“Vurulasan!” demisən..
O günlərin üstünü
Duman alıb hardasa,
O günlər muncuq kimi
Düşüb qalıb hardasa.
Qonşu, qonşu, qulaq as,
Sözün yetib yerinə,
“Vurulasan” deyərdin,
Vurulmuşam barmağı
Məndən üzük istəyən
Qızlarından birinə!