Payızdır payız

Son güncelleme: 21.04.2014 15:18
  • Durnanın misrası haçalandımı?
    Durnalar misrada hecalandımı?
    Təzədən içirəm ovçu andımı
    Payızdır, payız.

    Al yarpaq zərdüşdün oduna bənzər.
    Bulaqlar könlümün uduna bənzər
    Təbiət zahı bir qadına bənzər,
    Payızdır, payız

    Dağda qırov olub şeh gilə-gilə.
    Üşüyər, tablaşmaz əsən sərt yelə,
    Mənim köynəyimi geydirin gülə
    Payızdır, payız.

    Həsrət köhləninə minməyim də var
    Həsrət marığına sinməyim də var
    Həsrət yarpağına dönməyim də var
    Payızdır, payız.

    Meşə qəribsəyib, dağlar yuxalıb;
    Hər şey yetkin-yetkin xəyala dalıb.
    Təkcə bu dünyada nadan kal qalıb,
    Nadan anlamır ki, payızdır, payız !
    Payızdır, payız...

    Müəllif: Ənvər Rza. 1983

    alıntı
#21.04.2014 15:18 0 0 0