“De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” (Ənam, 162)
Bir ayənin hekayəti - Manipulyasiya
Manipulyasiya - idarə edən insanın mənafeyinə uyğun şəkildə digər bir insanın davranışının gizli idarə olunması prosesidir. Əlbətdə ki, manipulyasiya etmənin əsas səbəbini bilməklə və manipulyatorların davranışlarının strateji xətlərinə bələd olmaqla nəinki onları ətrafdakı insanlar arasında ayırd etmək, həmçinin onların bu rəftarının təsirindən yayınmaq da mümkündür. Psixoloqların dediyinə görə reklamların əksəriyyəti manipulyasiya üzərində qurulur. Ən çox da reklamların toruna manipulyatorların qarışısında aciz qalan uşaqlar, yeniyetmələr düşür. Xüsusilə də psixoloji problemləri olan yeniyetmələr manipulyasiya zamanı onlara yeridilən fikirləri, davranış qaydalarını özlərinə nümunə tuturlar. Misal üçün: "hansısa tədbir çox maraqlı keçəcək", "müasir gənclər orada əylənəcək" kimi fikirlər gerçəkləşməyəndə onlar üzülürlər. Və ya manipulyasiyanın qurbanı olanlar hansısa serialdakı qəhrəmanın həyat tərzini, geyimini, davranışını təlqin etməyə can atırlar. Buna nail ola bilməyəndə çox əziyyət çəkirlər. Mən həmişə deyirəm, Türkiydə cəmi 2-3 dəfə olan insan türk seriallarının əslində necə manipulyasiya ilə məşqul olduqlarını açıq-aydın biləcək. O serialların bünövrəsi türk insanının həyatının reallıqlarını əks etdirmək üzərində deyil, insanları o tip həyat tərzi sürməyə sövq etdirmə üzərində qurulub. Türk insanı belə yaşayır deməklə türk insanını bu tip həyat tərzinə sürükləməkdir məqsəd. Əslində isə reallıq belə deyil. Realdakı türk insanı seriallardakı türk insanından daha şərqlidir, daha inanclıdır və daha üstün müsəlmandır. (Bu mövzu haqda ətraflı yazacağam bir dəfə)
Psixoloqlar həmçinin qeyd edir ki, falçı və ekstrasenslər də, elə siyasətçilər də manipulyatorlardır. Onlar daha yaxşı bilirlər ki, hansı adamla necə danışmaq lazımdır. Falçı, ekstrasens və siyasətçilər adamları təsir altına tez salırlar. Belə ki, gənc qızla onlar sevgidən, orta yaşlı qadınlarla həyat yoldaşı və ya uşaqlarla bağlı problemlərdən, yaşlı qadınlarla gəlinlərdən, kişilərlə işlə bağlı problemlərdən, dindarlarla dini məsələlərdən, vətənpərvər insanlarla vətəndən və s. danışırlar. Ümumiyyətlə, manipulyatorların əsas silahı insanın zəif nöqtəsini bilmək və hədəfə doğru vurmaqdır. Dostlar, təəssüf hissi ilə deyim ki, insanlar bəzən hətta dini dəyərlər pərdəsi altında da manipulyasiya ilə məşqul olurlar. Məsələn, mən o qədər - görsənmək üçün gizlənənlər gördüm ki...Siz görmədinimzi?! Qardaş yaxşı bir iş görür, kiməsə əl tutur, sonra hamıdan israrla xahiş edir ki, bunun gizli qalmasını istəyirəm. Bir müddət keçir, o görəndə ki, şahidlər səs salmadılar, onun istədiyi kimi, sirr saxladılar, içində narahat olur. Axı o bu gizliliyi daha da aydın gözə girmək üçün etmişdi. Ona görə də məqsədinə çatmayanda təbii ki, narahat olur. Sonra da çarəsiz qalıb etdiyi işi özü bir yolla ictimaiyyətə sızdırıb, həyasızca -sirr qalsın dediyi insanlara təpinir ki, olmadı da, axı mən demişdim ki, heç kim bilməsin.
Bu məqamda kəndimizdə olan bir manipulyator insanın dalaşması yadıma düşdü: Demək, Cəlal arıq cüssəli biridir, Ramazan isə pəhləvan kimi oğlandır. Kəndimizin körpüsünün üstündə bunların arasında konfilikt yaranır və Cəlal əsəbləşib Ramazanı söyür. Ramazan uzaq məsafədən sürətlə Cəlalın üzərinə yeriyir ki, onu vursun, (ya da körpüdən çaya atsın) Cəlal vəziyyətin acınacaqlı olduğunu görüb bağırmağa başlayır: - Buraxın məni, bu saat cibimdəki bıçaqla doğrayacam onu. Bunu eşidən ətrafdakı şahidlər tez Cəlalı tuturlar və beləcə Cəlal Ramazanın öldürücü zərbəsindən yayınır. Əslində isə Cəlal -"buraxın məni!" -deyə bağırmadan öncə onu heç kim tutmamışdı. Və sonradan məlum olur ki, (elə əvvəldən də məlum idi) Cəlalın cibində nəinki bıçaq, heç şüşəqırığı da yox imiş. İkinci bir misal təvazökarlığın manipulyasiyasıdır. Qardaş guya ki, təvazökarlıq edir, əşşi, mən kiməm ki, mən bir heçəm deyir. Bizim hər şeyimiz Allahdandır, onun lütfü olmasa biz nəkarəyik ki...və s. Bu tip qulağayatımlı cümlələrlə qarşı tərəfin rəğbətini qazanmağa çalışır, məqsəd isə böyük görsənməkdir - Zahirən kiçilib, öz böyüklüyünü, dahiliyini nümayiş etdirmək. Qarşısındakı sadəlövh insandırsa barmağını dişləyərək deyəcək: “Adə, bu insanın sadəliyinə bir bax, gör nə boyda insandır bu, peyğəmbər kimi insandır bu vallah.” – Manipulyator məqsədinə çatıb artıq. (Əgər dünyada olmasaydı sarsaqlar, yəqin ki, ac qalardı manipulyatorlar! – Allah Mirzə Ələkbər Sabirə rəhmət eləsin!) Belə təvazökarlıq saxtakarlıqdan başqa bir şey deyil – manipulyasiyadır! Bəli, hədislərdə keçir ki, “Hər kəs Allah xatirinə təvazökarlıq etsə, Allah onu ucaldar!” Hədisdə keçən (ümumiyyətlə bir çox hədislərdə və yazımızın epiqrafı olan ayədə də keçən) “Allah xatirinə” qeydi məsələnin təməl prinsipidir.
Allah xatirinə, yəni qeyri saxta; Allah xatirinə, yəni tam səmimi; Allah xatirinə, yəni kişi kimi olan təvazökarlıq insanı ucaldar. Bu tip saxta təvazökarlıq edənlərin, belə deyək, təvazökarlığı manipulyasiya edənlərin iç üzünü açmağın yeganə bir yolu var: Bir balaca (ayağınızın ucu ilə) quyruğunu tapdayın – onu tənqid edin. Bayaqdan "mən heç nəyəm" deyən qardaş dönüb olacaq "hər şey". Ümumiyyətlə, belə bir söz deyim: Sağlam tənqiddən sonra bir alimin (nə boyda alim olmasından asılı olmayaraq) sənə olan münasibəti dəyişirsə demək onun etdiyi bütün təvazökarlıqlar saxta imiş. Bu qədər bəsit! Dostlar, bəsdir ki, başqalarını diddik, özümüz özümüzün də manipulyator olub-olmamağımızı bilmək istəyiriksə bu testə diqqət edək: Etdiyin yaxşılığından usanmaq ixlassızlıq (İşi Allah xatirinə etməmək) – manipulyasiya əlamətidir! “Ehsan”, yaxşılıq, qarşılıq gözləmədən edilməlidir! Sən etdiyin yaxşılığa qarşılıq görməyəndə usanırsansa bil ki, bu etdiyin yaxşılıq deyil, manipulyasiyadır! Məsələn, sən “eyni adamla təkrar-təkrar ilk mən hal-əhval tutmağımdan usanmaram; O laqeyidliyindən əl çəkmir, Mən niyə diqqətimdən əl çəkim ki?!” –deyirsənsə demək sən həqiqətən də yaxşı insansan! Qeyd: Ulu yaradanın öz rəsulu (s) tərəfindən etirafı istənilən “De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!” ayəsində üzərində dayanılan misallar şərtidir təbii ki. Yəni, orada söhbət təkcə namaz və ibadətdən, həyat və ölümdən getmir, bu hal (ixlas halı) həyatımızın bütün sahələrinə - istər ailədəki, istər ictimaiyyətdəki, istər təklikdəki həyatımıza şamil olmayınca xilas yoxdur!
Bəs nədir ayənin bizə olan hekayəti? Ayə bizi səmimiyyətə çağırır. Əsl bəndəçiliyin yolu saxtakarlıqdan uzaq olmaqdan keçir- deyir. Yuxarıda da qeyd etdiyim kimi, əməllərin zahiri göstəricisi deyil, onu dəyərləndirən, insanın o əməli hansı niyyətlə etməsidir! Niyyət pisdirsə qılınan namaz belə insanı cəhənnəmlik edə bilər. Məsələn, mən müşahidələrimə əsasən ehtimal verirəm ki, bir çoxları qiyamət günü etdikləri “ibadətlər” üzündən cəhənnəmə yollanacaqlar. Nə ağırdır, deyilmi? – Qıldığın namazın saxtakarlığı ucbatından yanmaq. Ayənin bizə olan hekayəti budur: “Allah üçün” qeyridir əməli saleh edən əsas səbəb. Allah üçün deyilsə, saxtadırsa, manipulyasiyadırsa o əməl səni ucaltmayacaq ki, rəzil edəcək. Ustadım deyirdi, mərhum Şeyx Ənsarinin “məkasib” adlı fiqh kitabı uzun illərdir hövzənin tədris kitabıdır, ondan güclü kitablar yazılmayıbmı fiqh sahəsində? Əlbətdə ki, yazılıb! Ondan çox-çox güclü kitablar var amma Allah bu kitaba bərəkət verib. Niyə? Çünki bu kitabın yazılışında “Allah üçün” məsələsi ön planda olub. Ayə deyir ki, işlər Allah üçün olanda üzüntü də olmur. İnsanların reaksiyası səni hədsiz dərəcədə narahat etmir, yolundan saxlamır, ruhdan salmır! Yox, manipulyasiyadırsa reaksiya olmayanda (məsələn, FB statuslarına like gəlməyəndə) özündən çıxacaqsan, narahat olacaqsan. İnsanların reaksiyaları təbii ki, səni sevindirməlidir, amma onların laqeyidliyi səni yoldan saxlamamalıdır!
Əqrəb düşüb su çuxuruna boğulur, insan onu xilas etməyə çalışır. Əlini uzadır, əqrəb onu çalır, insan əlini çəkir, sonra yenidən uzadır, əqrəb yenə onu çalır, O, yenə əlini çəkir, az sonra yenə xilasa cəhd edir... Bu işi sevə-sevə təkrar edən insanı ətrafdakılar gördükdə “a kişi, bu nə axmaqlıqdır edirsən, görmürsən ki, o sənin əlini çalır, xilasına mane olur, yaxşılıq qanmır, burax başını qoy boğulub ölsün!” -deyirlər. İnsan isə cavab verir: “O, əqrəbdir, çalmaq onun zatında var. Mən isə insanam, yaxşılıq etmək də mənim zatımda var. O öz əqrəbliyindən əl çəkmir, mən niyə insanlığımdan əl çəkim ki?!” İşlər Allah üçün olanda itlər nə qədər hürürsə hürsün, karvan doğrudan da ötüb keçir. Səhra itlərinin hürməsi o qədər karvanların istiqamətini dəyişib ki. Niyə? Çünki yolçuluq Allah üçün olmayıb. Kiçik haşiyə: (gülmək üçün) Amerikanın İraqa, Əfqanıstana müdaxiləsini hələ də onlara demokratiya ərməğan etmək üçün olduğunu düşünən “sadəlövhlər” mövcuddur – “Demokratiya” adlı şüarın manipulyator effektinin qurbanları... Ona görə də, əziz dostlar, az edək, səmimi edək, içdən edək, Allah üçün edək! İnanın ki, maskalarımızla qazandıqlarımız bizim deyil, maskamızındır. Gün gəldikdə, maskamız düşdükdə bizim əslində nə qədər kasıb olduğumuz hamıya bəlli olacaq. Bax, əsl rüsvayçılıq onda olacaq. İmam Əli (ə) öz münacatında deyir (əslində bunu bizlərə eşitdirir): “İlahi, sənə sığınıram, o gündən ki, (qiyamət günü) bütün sirrlər, həqiqətlər hamının önündə aşkara çıxacaq”.