Rəcəb ayının birinci cümə gecəsi “Leylətul-rəğaib” adlanır. Bu gecənin çox fəzilət və üstünlüyü vardır. Peyğəmbərdən (s.ə.a) bu gecə üçün xüsusi əməllər nəql olunmuşdur. Bu gecə səbəbilə neçə-neçə günahkarlar bağışlanmış olar.
Bu gecənin əməllərindən biri də on iki rikətlik namazdır. Kim bu namazı qılsa Allah-təala o kimsənin qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər. O namaz aydın dillə ona deyər: “Ey mənim həbibim sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın”. Həmin kimsə deyər: “Sən kimsən? And olsun Allaha mən sənin üzündən daha gözəl bir üz görməmişəm. Sənin kəlamından daha şirin bir danışıq eşitməmişəm. Sənin iyindən daha gözəl bir qoxu iyləməmişəm”. O isə belə deyər: “Mən sənin filan il, filan ay, filan gecədə qıldığın namazın savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını yerinə yetirim, tənha qaldığında sənə munis olam, qorxunu səndən götürüm. Qiyamət günü sur üfürüldükdə mən sənin başına kölgə salacam. Belə isə xoş hal ol ki, xeyir heç vaxt səndən uzaq olmayacaq”.
QILINMA QAYDASI
Bu namazın qılınma şərtlərindən biri ORUCdur. Belə ki, Rəcəb ayının ilk cümə axşamı (4-cü gün) günü oruc tutursan. Həmin günü, yəni Cümə gecəsi iftarı açdıqdan sonra şam və xiftən namazlarının arasında 12 rikətlik namaz qılırsan. Hər iki rikətdən bir salamı deyirsən. Sonra qalxıb təkbir deyərək (Allahu Əkbər) növbəti iki rikəti qılırsan. Hər rikətdə də bir dəfə Həmd, üç dəfə Qədr, on iki dəfə İxlas surəsini oxuyursan.