Azərbaycanın Şimal və Cənuba Bölünməsi - 1

Son güncelleme: 11.05.2014 22:50
  • Tarixin ən böyük və ən təhlükəli yalanı

    Yaqub Mahmudov,
    əməkdar elm xadimi,
    AMEA-nın müxbir üzvü,
    Tarix İnstitutunun direktoru

    Azərbaycanın beynəlxalq aləmdəki böyük uğurlarından, dövlətimizin getdikcə güclənməsindən və ümumiyyətlə, türk dünyasının dirçəlişindən təşvişə düşən ermənilər uydurma "Böyük Ermənistan" təbliğatını daha da genişləndirmiş, həm də yeni müstəviyə keçirmişlər. Erməni təbliğat maşınının növbəti çirkin niyyəti türk dövlətləri və xalqları arasındakı tarixi qardaşlıq və dostluq əlaqələrinə zərbə vurmaq, mümkün olduqca onların yaxınlaşmasına yol verməməkdir. Qələmə almaq nə qədər acı olsa da, erməni millətçiləri bəzən bu bəd niyyətlərinə nail ola bilirlər.

    Məsələn, Qazaxıstan və Moskva alimlərinin birlikdə nəşr etdikləri və yenicə çapdan çıxmış "Turan" atlasında (Almatı-Moskva, 2008) olduğu kimi. Dünya türkləri üçün doğma olan Turan adını daşıyan bu atlas türk dünyasının tərkib hissəsi olan Azərbaycanın tarixinə olduqca ağır və gözlənilməz zərbə vurmuşdur. Başqa sözlə, "Turan" atlası Turana ağlasığmaz xəyanətdən başqa bir şey deyildir. Qazax qardaşlarımız 5000 illik dövlətçilik tarixi və Turanın tərkib hissəsi olan Azərbaycanın çoxsaylı qüdrətli dövlətlərinin heç birinə "Turan" atlasında yer tapmadıqları halda, "Böyük səxavətlə" və çox hallarda mətləbə heç dəxli olmadan, özü də tarixi xronologiyanı kobud şəkildə pozaraq uydurma "Böyük Ermənistan" xəritəsini təkrar-təkrar "Turan" atlasına daxil etmiş və bununla tarixi Azərbaycan torpaqlarını ermənilərə "bağışlamışlar".

    "Turan" atlasının hazırlanmasında Azərbaycana qarşı olan barmaqlar nə qədər güclü işləyibsə, hətta atlasın redaksiya heyəti və müəlliflərinin "minnətdarlıq" etdikləri çoxsaylı təşkilatların sırasında ölkəmizin heç bir elmi müəssisəsinin adı yoxdur, daha doğrusu, atlasın hazırlanmasında Azərbaycanın elmi müəssisələrindən heç birinə müraciət olunmamışdır. Yeri gəlmişkən, "Turan" atlasının hazırlanmasına görə qazax və Moskva alimləri ancaq İran İslam Respublikasının Qazaxıstandakı səfirliyinə minnətdarlıq bildiriblər. Belə çıxır ki, "Turan" atlasının müəllifləri üçün Turan məsələsi ancaq Qazaxıstan - Rusiya - İran məsələsidir?! "Turan" atlasının nəşri sübut edir ki, Turan xalqları öz tarixinin təbliğinə və tarixi haqqının qorunmasına Qərb ölkələrindən daha öncə Turan dünyasından başlamalıdırlar! "Böyük Ermənistan" uydurması barədə növbəti yazım olan bu məqaləni qələmə almağım da elə bununla bağlıdır.

    "Böyük Ermənistan" yaratmaq xülyasından əl çəkməyən və yalançı "erməni soyqırımı"nı sübuta yetirməyə çalışan erməni millətçiləri müasir qloballaşan dünyada xalqların və ölkələrin yaxınlaşması yolunda ciddi əngələ çevrilmişlər. Dünyanın hər yerinə səpələnmiş çoxsaylı erməni təşkilatlarının geniş maliyyə imkanları, Qriqorian kilsəsinin istiqamətverici və təşkilatçılıq rolu, ayrı-ayrı ölkələrin, o cümlədən böyük dövlətlərin müxtəlif strukturlarında mühüm mövqelər ələ keçirmiş ermənilərin dünya siyasətinə təsir göstərməsi sülh və əmin-amanlıq üçün, insanlığın gələcəyindən ötrü təhlükəli maneəyə çevrilmişdir.
    200 ildən artıq bir müddət ərzində Azərbaycan və Türkiyə torpaqlarında qanlı terror əməlləri, soyqırımları həyata keçirmiş ermənilərin hazırda dünyada onlarla iri terrorçu təşkilatları və çoxsaylı terror qrupları fəaliyyət göstərir.

    Böyük dövlətlərin ikili standartlar siyasəti və "xristian təəssübkeşliyi" terrorçu-separatçı erməni qruplaşmalarının fəaliyyəti üçün əlverişli şərait yaradır. Özgə torpaqlarını işğal etmək üçün terroru, soyqırımlarını özlərinə peşə seçmiş erməni millətçiləri bu bəd niyyətlərini guya vaxtı ilə Aralıq dənizi-Qara dəniz-Xəzər dənizi arasındakı geniş torpaqları əhatə etmiş uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək pərdəsi altında həyata keçirmək xülyasındadırlar. Terrorçu-işğalçı erməni qruplarının əsas hədəfi Azərbaycan və Türkiyədir. Müasir mərhələdə Dağlıq Qarabağla bağlı işğalçılıq niyyətlərini həyata keçirməyə çalışan ermənilər, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycana qarşı total hücuma keçmişlər. Erməni millətçiləri tarixi saxtalaşdırmaqda da yeni mərhələyə qədəm qoymuş, Azərbaycan tarix elminə hücumlarını daha da genişləndirmişlər. Təbriz və Ərdəbil də daxil olmaqla tarixi Azərbaycanın cənub torpaqlarını uydurma "Velikaya Armeniya"nın tərkib hissəsi hesab edən ermənilər indi daha da "dərinə" getməyə başlamışlar.

    Erməni millətçiləri hazırda Arazdan cənubda - qonşu İran İslam Respublikasının ərazisində öz ata-baba torpaqlarında yaşayan və özlərini bu gün də "türk" adlandıran azərbaycanlı qardaşlarımızı Şimali Azərbaycanda yaşayan azərbaycanlılardan ("gəlmə köçəri türklərdən") tamamilə fərqli olan bir xalq kimi qələmə verməyə başlamışlar. Onların iddiasına görə, Cənubda yaşayan azərbaycanlılar guya Şimalda yaşayan qardaşlarından fərqli olaraq vaxtı ilə İran dillərindən birində danışmış olan azərilər adlanmış xalqın nəsilləridir və sonradan, XV-XVI əsrlərdə, onların dilləri kütləvi surətdə zorla dəyişdirilib. Və bundan sonra onlar Azərbaycan-türk dilində danışmağa başlamışlar.

    Sən demə, Cənubda yaşayan soydaşlarımız - cənubi azərbaycanlılar "genetik baxımdan da bizə deyil, ermənilərə daha yaxın bir xalq" imiş. Yerevan Dövlət Universiteti İranistika kafedrasının müdiri professor Q.Asatryanın bununla əlaqədar verdiyi "açıqlamaya" görə ermənilərin bu istiqamətdə apardıqları tədqiqatların nəticələri, artıq indidən sübut edir ki, onların (yəni ermənilərin) Cənubi azərbaycanlılarla antropoloji parametrlərinin çoxu eynidir; "azərilər (Cənubi Azərbaycan türkləri nəzərdə tutulur - Y.M.) genetik baxımdan özlərinin Azərbaycan Respublikasındakı soydaşlarındansa ermənilərə daha yaxındırlar" 8 iyul 2006-cı il).

    Mətləb aydındır: erməni saxtakarları tarixi Azərbaycanın Arazdan cənubdakı torpaqlarını öz saxta "tədqiqatlarında" "özününküləşdirdikdən" sonra, indi də həmin ərazidə yaşayan Azərbaycan türklərinin mənşəyini saxtalaşdırmağa başlamışlar. Guya "Velikaya Armeniya"nın tərkib hissəsi olmuş Cənubi Azərbaycan torpaqlarının əhalisi də bizimlə, yəni Şimali Azərbaycan türkləri ilə deyil, ermənilərlə bir kökdən imiş!?

    Narahatçılıq doğuran budur ki, artıq Azərbaycan Respublikasında müxtəlif yollarla "Böyük Ermənistan"ın guya həqiqət olduğunu təsdiq edən xəritələr və kitablar da nəşr olunmağa başlamışdır. Eyni fikirlər burada da səslənir. Bundan əlavə, ölkəmizdə xristian missionerlərinin fəaliyyəti güclənmişdir. Azərbaycandan olan bəzi alimlərin yaxından köməyi ilə əcnəbilərə yazdırılmış və gizli şəkildə yayılan bəzi üzdəniraq "tədqiqatlarda" Azərbaycan bütünlüklə keçmiş xristian ölkəsi kimi qələmə verilir, xalqımız isə türk deyil, Dağıstan-nax qrupuna daxil olan bir etnos kimi təqdim olunur.

    Hələ bu, bir yana dursun, Azərbaycan xalqına "özünün xristian keçmişinə qayıtmaq" tövsiyə olunur, hətta Bakının adını dəyişdirmək "təşəbbüsləri" də baş qaldırmaqdadır. Minlərlə Azərbaycan abidələrini məhv etmiş ermənilər və erməni kapitalının nökərləri Azərbaycanda "erməni xaçı axtarışlarına" çıxmışlar. Üzdə xalqımızın yüksək tolerantlıq mədəniyyətini tərifləyən və bundan "razı qalan" əcnəbilər, necə deyərlər, "saman altdan su yeridərək", Azərbaycanın türk-islam mədəniyyətini dağıtmaq üçün əllərindən gələni edirlər. Xristian missionerləri, demək olar ki, ölkənin hər yerinə yayılmışlar.

    Bəzi qüvvələr Azərbaycanın Qafqaz Albaniyası dövrünə aid xristian abidələrinin siyahısını və şəkillərini internet vasitəsilə xaricə ötürürlər. Əcnəbilər, eyni zamanda, Azərbaycanın keçmiş xristian abidələrinin bərpasını diqqət mərkəzinə götürmüşlər. "Böyük Ermənistan" təbliğatçıları və onların arxasında duran qüvvələr bu işdə az rol oynamırlar. Bütün bunlar xalqın müxtəlif dairələrində ciddi narazılıq və narahatlıqla qarşılanır.

    Oxuculara bəri başdan bildirmək istərdim ki, tarixdə heç zaman üç dəniz (Aralıq dənizi, Qara dəniz və Xəzər dənizi) arasındakı geniş əraziləri əhatə edən "Böyük Ermənistan" adlı dövlət olmayıb. Bu uydurmadır. Və bu uydurmanı elmə sırıyarkən erməni saxtakarları vaxtı ilə Fərat çayının yuxarılarından Van gölünə doğru ərazilərdə mövcud olmuş "Kiçik Ermənistan" və "Böyük ("Velikaya" yox, məhz "Bolşaya", yəni, "böyük" - Y.M.) Ermənistan" adlanan iki coğrafi vilayətdən birinin - sonuncunun adından istifadə etmişlər və coğrafi termini siyasiləşdirmişlər. Yeri, gəlmişkən qeyd edək ki, "Böyük Ermənistan" adlanan coğrafi vilayət həqiqətən də "böyük" olduğu üçün deyil, "Kiçik Ermənistan" vilayətinə nisbətən bir qədər "böyük" olduğu üçün belə adlandırılırdı. Yəni bu, "böyük" sözün həqiqi mənasındakı "böyük" deyildir!

    Yuxarıda qeyd olunduğu kimi, sadəcə olaraq biri kiçik, digəri isə bir qədər böyük olan iki vilayəti bir-birindən fərqləndirmək üçün işlədilmiş "kiçik" və "böyük" ifadələridir. Qeyd etmək lazımdır ki, heç bir ilk mənbə tarixdə "Böyük Ermənistan" adlanan dövlətin olduğunu təsdiq etmir. İndiyədək heç bir arxeoloji qazıntı zamanı "Böyük Ermənistan" adı həkk olunmuş pul tapılmayıb. Ermənilərin guya erməni hökmdarı olduğunu iddia etdikləri, əslində isə parfiyalı olan, II Tiqranın adından zərb olunmuş pullarda da onun hansısa "Böyük Ermənistan" adlı bir dövlətin hökmdarı olduğu təsdiqlənmir.

    Beləliklə, "Böyük Ermənistan" tarixi həqiqət deyil, yalnız və yalnız, tarixdə heç bir zaman öz sabit ərazisi olmayan köçəri ermənilər üçün özlərinə "Vətən" yaratmaqdan ötrü özgə torpaqlarını işğal etmək məqsədilə uydurduqları başabəla "milli ideologiyadır", mürtəce dini-ideoloji və terrorçu-işğalçılıq "doktrinasıdır". Bu işğalçı-terrorçu "doktrina" erməni millətçiləri tərəfindən özgə torpaqlarına yiyələnmək məqsədilə uydurulmuşdur. Və onun əsasında, artıq yuxarıda qeyd etdiyimiz kimi, guya vaxtilə "dənizdən-dənizə" geniş əraziləri əhatə etmiş olan uydurma "Böyük Ermənistan" dövlətini dirçəltmək ideyası durur.

    alıntı

    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/771357-azerbaycanin-simal-ve-cenuba-bolunmesi-2-a.html#post5113068
    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/771358-azerbaycanin-simal-ve-cenuba-bolunmesi-3-a.html#post5113069
#11.05.2014 22:50 0 0 0