Həsrət

Son güncelleme: 13.05.2014 11:22
  • İndi həsrət yağışı yağır içimə. Sənin səsinə tamarzı qalmışam. Sənsizlik ürəyimi yandırıb yaxır, içimdəki tufan sanki sal qayadan daşı qoparıb apardığı kimi, nəyisə alıb aparır. Bundan sonra içimdə bir boşluq yarandı. Bu şaxtalı qış axşamı odlu baxışlarına həsrət qalmışam. Çünki o baxışlarla isinirdim həmişə. Heç bilmədim hardan yol alıb gəldi bu həsrət?! İndi sənsiz duyğularım da yetim qalıb.

    Gözlərimdən qəm kədər süzülür. Qəlbimdə sənsizlikdən bir həsrət ağacı cücərib indi. Bütün ümidlərim bu həsrət ağacının arxasından boylana boylana qalıb. Gözlərim sənin həsrətindən yollarda qalıb. Hiss edirəm ki, sənsizlik dərdi məni son mənzilə səsləyir. Heç olmasa bircə dəfə görüm, nəfəsini, ətrini duyum. Axı ümidlərim, kövrək duyğularım, arzularım sənin nəfəsinlə boy atırdı.

    Mən şehli çiçəkləri, qönçə gülləri bəxtimin üzünə tutmaq istədim. Bütün dünyanın dərdi sərini unudub, ancaq sənin dizlərində yatmaq istədim. Nə olar, qayıt, gəl! Yenidən dünyanı bağışla mənə. Qoy bitsin bu həsrət, bu acılar. Sənsiz ürəyim bu həsrəti, qəm yükünü çəkə bilmir, inan! Qayıt, gəl, gülüm, qayıt!

    Əgər indi gəlməsən, bir gün məzarım önündə göz yaşı tökəcəksən. İstərdim həsrət bizim dünyamızdan qaçaq düşsün, kədərsə həmişəlik yox olub getsin! Qoy ümid bağçasında həsrət həmişəlik solub soluxsun! Vüsal atəşindən çiçəklər açsın. Bitsin bu həsrət, bitsin bu ayrılıq! Nə olursa olsun, harda olursan ol, unutma ki, səni dualarımda hər gün dilə gətirəcəyəm.

    Baxdıqca özümə həyat görmürəm, amma içimi dinlədikdə ürəyimin döyüntüsü mənə bir ümid verir haradasa Sən varsan deyə. Sən mənim içimdə kədər, sevinc, göz yaşları və gülüş olan kiçik ürəyimdə böyük Dünyam idin. İndi sənin varlığından başqa, həyatda hər şeyim var. Amma buna baxmayaraq, özümü dünyanın ən miskin və kasıb bəndəsi hesab edirəm. Çünki sən yanımda deyilsən! Gəl, əzizim, yenidən qayıt, gəl mənə! Yenə əvvəlki tək tələs görüşə!

    alıntı
#13.05.2014 11:22 0 0 0