Qolf üzrə birinci Milli turnir başa çatdı

Son güncelleme: 08.06.2014 09:00

  • noimage

    noimage

    noimage


    Qalib türkiyəli qolfçu Mahmut Koylu oldu.

    Bu gün Qubada yerləşən Milli Qolf Klubunda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Milli Qolf Turniri başa çatdı.

    Turnirdə 50 nəfər iştirak edib. 44 kişi və 6 qadın oyunçu Avstraliya, Böyük Britaniya, Türkiyə, Gürcüstan və Azərbaycanı təmsil ediblər. Azərbaycanı möhtəşəm yarışda Emin Hüseynov təmsil edib.

    Tədbir Cənubi Qafqazda analoqu olmayan 18 dəlikli “Mixed Stroke Play” formatlı sahədə keçirilib.

    Turnir, tədbirdə iştirak edən yerli media nümayəndələri ilə yanaşı xarici media tərəfindən də işıqlandırılıb. Qonaqlar, mətbuat və iştirakçılar üçün lazımi şərait yaradılıb. Tədbirdə iştirak edən kiçik həvəskar-qolfçular üçün xüsusi meydança hazırlanıb.

    Yarış 11:30-da Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədovun çıxışından sonra start götürdü.

    Anar Məmmədov çıxışında qonaqları və iştirakçıları salamlayaraq, ölkəmizdə bu idman növünün inkişafının vacibliyindən danışdı. Eyni zamanda bu qolfla məşğul olmaq üçün uşaqları və gənclərin cəlb edilməsinin lazım olduğunu vurğuladı.

    Gərgin mübarizə şəraitində keçən turnir saat 17:00-da başa çatıb.

    Qolf üzrə birinci milli turnirin qalibi isə Türkiyəni təmsil edən Mahmut Koylu oldu.

    İkinci və üçüncü yerləri Cənubi Koreyanı təmsil edən Yonq Van Kim və ingiltərəli Riçard Çarlz Fut tutublar.

    Tədbirin Le Coquet restaurant-da keçirilən bağlanış mərasimində qalibləri Qolf Federasiyasının prezidenti Anar Məmmədov şəxsən təbrik edib, bundan sonra qalibə turnirin Kuboku təqdim edilib.

    Belə möhtəşəm tədbirin təşkilinə görə öz minnətdarlığını bildirən Mahmut Koylu, Azərbaycanda qolfun inkişafının vacibliyini vurğulayıb:

    “Qardaş ölkənin uğurları bizi sevindirməyə bilməz. Mən çox şadam ki, bu gün Azərbaycanda qolf üzrə yarışda iştirak etdim. Bu, bizə qardaş olan ölkədə idmanın bütün növlərinin yüksək inkişafını bir daha vurğulayır”.

    Tədbir caz konsert proqramı və xeyriyyə hərracı ilə davam edib. Gərgin turnir günü musiqi sədaları altında sona çatıb.
#08.06.2014 09:00 0 0 0