Gedirəm sən unut

Son güncelleme: 08.06.2014 12:16
  • Gəl mənə söyləmə: “Sevirəm səni!”
    Mən ki, bu sevgiyə cavab vermədim.
    Heç kəs yaza bilməz öz taleyini...
    Mən sənə “sevirəm” deyə bilmədim.

    Gəl mənə söyləmə: sevirəm səni!
    Bu sevgi donacaq qarda, sazaqda.
    Nə edim, qismətim öz əlimdəmi?
    Canım yanındadır, özüm uzaqda.

    Ayrılmaq asanmı? Düşünmə belə!
    Ayrılmaq – nəfəssiz qalmaqdan çətin!
    Sənsiz dəqiqələr dönsə də ilə,
    Məni yaşadacaq bu məhəbbətin.

    Gedirəm, yazaraq mən bu sözləri,
    Əllərim titrəyir, tez-tez çaşıram.
    Gedirəm, qəlbimdə həsrət izləri.
    Məktubda səninlə vidalaşıram.


    Bitirə bilmirəm, axı nə edim?!
    Son sətir son görüş olacaq bizə.
    “Əlvida” yazmağa gəlməyir əlim,
    Biz günah edirik bir-birimizə.

    Qorxuram, göz-gözə gəlsək səninlə
    Yenidən yaşayım hər bir anımı.
    Bütün sevincimlə, bütün qəmimlə
    Atım qollarına yorğun canımı.

    Gedirəm, sən unut! Yox-yox, unutma!
    Yəqin görüşərik yenə bir zaman.
    O keçən günlərə daha qayıtma,
    Amma ürəyində yaşayım hər an

    Afaq Şıxlı

    alıntı
#08.06.2014 12:16 0 0 0