Etdiyin əməllə, vurduğun közlə,
Qəlbimdə açdığın, qoyduğun izlə,
Bir yersiz kəlməylə, bir acı sözlə,
Özünü qəlbimdə öldürdün bu gün.
Yalvarıb - yaxırmaq, boş və nafilə,
Ovladın özünü bil ki, qafilə,
Çevrilib bir qəddar, zalım qatilə,
Özünü qəlbimdə öldürdün bu gün.
İllərin eşqinə qıydın əlinlə,
Mənlə yox, oynadın öz əcəlinlə,
Silahla, zəhərlə yox, o dilinlə,
Özünü qəlbimdə öldürdün bu gün.
Bir anda hislərim öldü ürəkdə,
Od deyil, indi bir küldü ürəkdə,
Bunu dərk elədi, bildi ürəkdə,
Özünü qəlbimdə öldürdün bu gün.
Yaşa, indən belə yüz ildə yaşa,
Çevrildin içimdə bir qara daşa,
Mənimlə ömrünü sən vurub başa,
Özünü qəlbimdə öldürdün bu gün.
Özünü qəlbimdə öldürdün bu gün