Qurani-Kərimin əl-Haqqə Surəsi

Son güncelleme:
  • əl-Haqqə (Haqq olan qiyamət) surəsi

    (Məkkədə nazil olmuşdur, 52 ayədir)

    Mərhəmətli, rəhmli Allahın adı ilə!
    1 - Haqq olan qiyamət!
    2 - Nədir qiyamət?!
    3 - Nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?! (Qiyamətin nə olduğunu sənə nə öyrətdi?)
    4 - Səmud da, Ad da (ürəkləri dəhşətə salan) o qiyaməti yalan saymışdılar!
    5 - Səmud (qövmü) hədsiz dərəcədə dəhşətli (tükürpədici) səslə həlak edildi.
    6 - Ad (qövmü) isə uğultulu, çox (soyuq və) siddətli bir küləklə tar-mar oldu.
    7 - Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, (əgər yanlarında olsaydın) sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
    8 - İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?!
    9 - Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş Mötəfikə əhli (Lut qövmü) də günah (xəta) törətmişdilər.
    10 - Onlar Rəbbinin peyğəmbərinə asi olmuş, O da onları şiddəti getdikcə artan bir əzabla yaxalamışdı.
    11 - Həqiqətən, hər tərəfi su basdığı zaman (Nuhun tufanı qopduqda) sizi gəmiyə Biz daşıdıq.
    12 - Ona görə ki, bunu (möminlərə nicat verib kafirləri məhv etməyimizi) sizə bir ibrət dərsi edək və dərk edən (öyüd-nəsihəti cani-dildən dinləyən) qulaq bunu eşidib yadda saxlasın!
    13 - Sur bircə dəfə üfürüləcəyi;
    14 - Yer və dağlar qaldırılıb bircə dəfə bir-birinə çırpılacağı (əzilib toza dönəcəyi) zaman -
    15 - Məhz o gün (vaqe olacağına heç bir şübhə olmayan) qiyamət qopacaqdır!
    16 - Və (göy) süst düşüb parçalanacaqdır!
    17 - Mələklər də onun (göyün) ətrafında (Allahın əmrinə müntəzir) olacaq və həmin gün (ya Peyğəmbər!) sənin Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır!
    18 - O gün (ey insanlar!) siz (haqq-hesab üçün Rəbbinizin hüzuruna) gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır!
    19 - Əməl dəftəri sağ əlinə verilən kimsə deyəcəkdir: “Alın, əməl dəftərimi oxuyun!
    20 - Mən (dünyada ikən qiyamət günü) öz hesabıma yetişəcəyimə (möhkəm) inanmışdım!”
    21 - Bundan belə o, xoş güzəran içində,
    22 - Yüksək bir Cənətdə olacaqdır.
    23 - (Elə bir Cənnət ki, onun) meyvələri çox yaxındadır (möminlər onlardan ayaq üstə olanda da, oturanda da, uzananda da yeyə biləcəklər).
    24 - (Onlara belə deyiləcəkdir: ) “Keçmiş günlərdə etdiyiniz (yaxşı) əməllər müqabilində yeyin-için!”
    25 - Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: “Kaş əməl dəftərim mənə verilməyəydi!
    26 - Hesabımın nə olduğunu bilməyəydim!
    27 - Kaş o (ölüm) qəti (əbədi) olaydı! (Bir daha dirilib bu əzabı görməyəydim!)
    28 - Mal-dövlətim mənə heç bir fayda vermədi (Allahın əzabını məndən dəf edə bilmədi).
    29 - Mülküm (səltənətim) də məhv olub getdi!”
    30 - (Allah dərgahından belə bir nida gələcəkdir: ) “Onu tutub qandallayın!
    31 - Sonra da Cəhənnəmə atın!
    32 - Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın!
    33 - Çünki o, böyük olan Allaha inanmırdı.
    34 - O (özü zəkat vermir, acizə, kimsəsizə kömək etmit, xalqda da) yoxsulu yedirtməyə rəğbət oyatmırdı.
    35 - Bu gün bax burda onun yaxın bir dostu yoxdur.
    36 - İrindən başqa bir yeməyi də yoxdur.
    37 - Onu ancaq günahkarlar yeyər!”
    38 - And içirəm gördüklərinizə,
    39 - Və görmədiklərinizə ki,
    40 - Bu (Quran) çox möhtərəm bir elçinin (Cəbrailin, yaxud Muhəmməd əleyhissəlamın Allahın ona nazil etdiyi) sözüdür!
    41 - O, şair sözü deyildir! Nə az inanırsınız!
    42 - O, kahin sözü də deyildir! Nə az düşünürsünüz!
    43 - O, aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir.
    44 - Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi,
    45 - Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)!
    46 - Sonra onun şah damarını qopardardıq!
    47 - Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.
    48 - Şübhəsiz ki, bu (Quran) müttəqilərə bir öyüd-nəsihətdir.
    49 - (Ey insanlar!) İçərinizdə onu yalan hesab edənlər olduğunu da, əlbəttə, bilirik.
    50 - Şübhəsiz ki, bu (Quran) kafirlər üçün bir peşmançılıqdır (ona inanmadıqlarına görə qiyamət günü böyük zərər çəkəcəklər).
    51 - Doğrudan da, bu (Quran) gerçək bir həqiqətdir.
    52 - Elə isə (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını təsbih (müqəddəs tutub həmd-səna ilə zikr) et!
0 0 0