Quru və Ya Çatlayan Dodaqlar

Son güncelleme: 13.08.2014 12:51
  • Quru və Ya Çatlayan Dodaqlar: Problemi Necə Aradan Qaldırmalı?

    Dodaqların dərisi olduqca həssas olduğundan onları kəskin iqlim dəyişikliyi və kosmetik vasitələrin zərərli təsirindən daim qorumaq lazımdır. Xüsusən payız və qış mövsümündə dodaqların daha artıq diqqətə və qayğıya ehtiyacı var. Təəssüf ki, çox zaman dodağımızın gözəlliyinin qayğısına qalsaq da, onu sağlam və təravətli saxlamaq üçün sadə proseduraları yerinə yetirməyi unuduruq.

    Çatlayan, Quru Dodaqlar – Problemi Aradan Qaldırmağın 3 Sadə Yolu:

    1. Nəmləndirici Dodaq Boyasından İstifadə Edin.

    Əgər siz mütəmadi olaraq dodaq boyasından istifadə edirsinizsə, əmin olun ki, onun tərkibində nəmləndirici maddələr var. Belə olduqda dodaqlarınız daim yumşaq və hamar olar, soyuq havada daha az çatlayar və ya quruyar. Bu gün istədiyiniz rəngdə nəmləndirici dodaq boyası tapmaq heç də müşkül məsələ deyil; müasir brendlərin əksəriyyəti dodaqlar üçün müxtəlif nəmləndirici vasitələr təklif edir.

    2. Dodaq Balzamından İstifadə Edin.

    Dodaq boyası ilə yanaşı, gün ərzində xüsusi balzamdan istifadə etməyiniz də tövsiyə olunur. Bu, xüsusən kəskin hava şəraitində zəruridir. Gün ərzində bu vasitədən bir neçə dəfə istifadə etməklə, siz dodaqlarınızı 24 saat ərzində təravətli saxlaya bilərsiniz. Gecə yatarkən isə vazelindən istifadə edə bilərsiniz. Bu, nəinki dodaqlarınızı gecə boyunca nəmləndirəcək, həm də onların çatlamış səthini infeksiyadan qoruyacaq.

    Dodaqlarınız üçün balzam seçərkən diqqət edin ki, onun tərkibində mütləq SPF müdafiə sistemi olsun. Bu yolla, siz onları günəşin zərərli şüalarına qarşı qorumuş olarsınız.

    3. Dodağınızı Fırça İlə Massaj Edin

    Dodaqları qurumaqdan qorumağın digər kiçik bir sirri onların səthini ölü hüceyrələrdən təmizləməkdir. Bunu necə etmək olar? – Çox asan! Sadəcə, hər gün dodaqlarınızı fırça ilə ehmalca sürtməyə vərdiş edin. Bunu hər gün təkrarlasanız, qısa müddət ərzində yumşaq dodaqlara sahib olacaqsınız.

    Hər gün bu üçpilləli sistemə riayət etsəniz, dodaqlarınız heç zaman, hətta ən sərt qış günündə belə qurumaz.

    alıntı
#13.08.2014 12:51 0 0 0