Gülməli Adamın Yuxusu 3 - Mihayloviç Dostoyevski

Son güncelleme: 14.08.2014 16:18
  • Sürətlə planetə yaxınlaşırdıq. O, gözlərim önündə böyüyür, indi okeanı, Avropa çevrəsini seçirdim, birdən-birə ürəyimdə qeyri-adi böyük, müqəddəs qısqanclıq hissi ürəyimi bürüdü: “Belə təkrarlıq necə və nədən ola bilər? Mən, nankor mən, gülləni ürəyimə çaxıb həyatımı söndürərək qan damcılarım tökülən o yeri sevirəm və sevə bilərəm. Heç vaxt, heç zaman o yeri sevməkdən əlçəkməmişdim, hətta, bəlkə də, o gecə, onunla ayrılan məqam, ola bilsin, onu əvvəlkindən də güclü sevirdim. Bu yeni yerdə əzab varmı? Bizim yerdə yalnız əzab və fəqət əzabdan dolayı əsil sevə bilirik! Başqa cür sevməyi bacarmırıq, başqa cür sevgi də tanımırıq. Əzab çəkmək istəyirəm ki, sevim. Qoyub gəldiyim o yeri elə bu an göz yaşlarımla sulayıb öpmək istəyirəm. İstəmirəm, başqa yerdəki həyatı qəbul etmək istəmirəm!” Yoldaşım isə artıq məni tərk etmişdi. Birdən, elə bil özümdən gizlin, cənnət kimi günəşli, füsünkarlı parlaq gün işığına düşdüm bu başqa yerdə. Bizim yerdə Yunan Arxipelaqını təşkil edən adaların və ya Arxipelaqa bitişik qitənin sahilboyu sahəsində durmuşdum sanki. Ah, hər şey bizdəkitək idi, amma hər tərəf elə bil bir bayram yaşayır, böyük, müqəddəs bir zəfər saçırdı. Mülayim, zümrüdvari dəniz sahilə ləpə vurur və elə bil şüurlu surətdə sevərək sahili yalayırdı. Olduqca gözəl hündür ağaclar bütün zənginliyiylə dayanmış, saysız- hesabsız yarpaqları isə, əminəm, məni öz asta mülayim səsiylə salamlayır və sanki sevgi sözləri söyləyirdilər. Yaşıllıqdan ətirli çiçəklər saçırdı. Quşlar dəstə- dəstə havada uçur, qorxmadan çiyinlərimə, əllərimə oturur, öz yumşaq, titrək balaca qanadlarıyla sevinə-sevinə mənə çırpınırdılar. Nəhayət, bu bəxtəvər torpağın insanlarıyla tanış oldum. Onlar özləri yanıma gəldi, başıma yığışdı, məni öpdülər. Ah, onlar necə də gözəl idilər — günəş evladları, öz günəşlərinin evladları! Bizim yerdə insanda belə gözəllik heç vaxt görməmişdim. Bəlkə yalnız uşaqlarımızda, yaşlarının ən ilk çağlarında, bu gözəlliyin zəif də olsa, uzaq inikasını tapmaq olar. Bu xoşbəxt insanların gözləri nur, sifətləri şüurlu arxayınlıqla dolu bir məna saçırdı. Amma fərəhli idilər: bu insanların söz lərində, səslərində uşaq sevinci duyulurdu. Ah, mən elə o andaca ilk baxışımdan hər şeyi anladım! Bu torpaq çirkinliklərlə murdarlanmamış torpaq idi, onun üstündə günaha batmamış insanlar yaşayırdı. Onlar bəşər rəvayətinə görə günah etməmişdən öncə yaşayan əcdadlarımızın cənnətinə bənzər cənnətdə yaşayırdı, bir fərqlə ki, burdakı torpağın hər qarışı cənnət idi. Bu üzü gülər insanlar mənə yaxınlaşır, məni oxşayırdılar; öz yanlarına aparıb hər biri məni sakitləşdirməyə can atırdı. Ooh, onlar məni sorğu-suala tutmur, amma elə bil artıq hər şeyi bilir, üzümdəki iztirabı da tezliklə silmək istəyirdilər. Bilirsiniz nə var? Yenə də deyirəm — yuxuydusa — qoy yuxu olsun! Lakin bu məsum və gözəl insanların məhəbbəti içimdə əbədi olaraq qaldı və hiss edirəm ki, onların məhəbbəti indi də ordan mənə saçılır. Onları özüm görmüş, tanımış və inanmışdım ki, onları sevirəm, onlara görə sonralar əzab çəkmişdim. Ooh, elə həmin an, hətta oradaykən anlamışdım – bir çox məsələdə onları qətiyyən başa düşməyəcəyəm. Onlar çox şey bilsələr də bizim elmimizə malik olmamaları, məsələn, müasir rus tərəqqipərvər və əclaf peterburqlu olan mənə həlledilməz gəlirdi. Amma tezliklə başa düşdüm ki, onların biliyi, bizim yerdən fərqli olaraq, başqa təsirlərdən qidalanır, arzuları da bizimkilərdən tamamilə fərqlidir. Onlar heçnə arzulamır və rahat idi, həyatı bizimtək dərk etməyə can atmır, həyatları dolğun olduğundan. Amma bununla belə bilikləri bizimkindən dərin və ali idi; bizim elmimiz isə başqalarına yaşamağı öyrətmək üçün həyatın izahını axtarır, onu dərk etməyə çalışır. Onlar isə elmsiz də necə yaşamağı əla bilirdi, bunu anladım, o biliklərini isə anlaya bilmədim. Onlar mənə ağaclarını göstərir, mən isə o ağaclara sevgi dolu baxışlarının gücünü başa düşə bilmirdim: onlar sanki özlərinə bənzər canlılarla danışırdı. Bilirsinizmi, desəm ki, onlar ağaclarla danışırdı, yəqin, səhv etmərəm! Bəli, onlar ağacların dilini tapmış və əminəm, ağaclar da insanları anlayırdı. Onlar bütün təbiətə də bu cür baxırdı: insan məhəbbəti ilə fəth edilən canlılar insanlarla sülh içində yaşayır, onlara hücum etmir – onları sevirdi. Bu insanlar ulduzları göstərib onlar haqqda dərk edə bilmədiyim bir şeylər söyləyir, amma əminəm – onlar göy ulduzlarıyla — xəyalən yox — bir növ canlı təmasdaydılar. Ooh, bu adamlar onları anlamağıma çalışmırdı, onsuz da məni sevirdi, ancaq buna müqabil bilirdim ki, onlar da məni heç vaxt başa düşməyəcəklər, bu səbəbdən də bizim yer haqqında onlara, demək olar, danışmırdım. Yalnız üstündə yaşadıqları o torpağı gözləri önündə öpür, onlara sakitcə pərəstiş edirdim, onlar da bunu görür, pərəstiş etməyimdən utanmadan buna imkan verirdi, çünki özləri də çox sevirdi. Hərdən göz yaşları içində onların ayaqlarını öpəndə, əzab çəkmirdilər, mən isə mənə güclü məhəbbətlə cavab verəcəklərini urəyimdə sevinclə bilirdim.
    Gülməli adamın yuxusu (son)

    Arabir təəcüblə öz-özümdən soruşurdum: bunlar indiyə qədər mənim kimi bir adamı necə təhqir etməyib və mənim kimisində qısqanclıq və həsəd hisslərini necə oyatmayıblar? Bir neçə dəfə özüm özümə sual vermişəm — necə olub ki, lovğa və yalançı mən bunların bilmədiyi, təsəvvür belə eləmədikləri şeylərdən danışmamışam, lap elə onları sevdiyimə görə onları bildiklərimlə necə təəcübləndirmək istəməmişəm? Onlar uşaq kimi şən və şux idi. Gözəl ağaclıq və meşəliklərində dolaşır, öz gözəl mahnılarını oyuxur, yüngül yeməklər yeyir, ağaclarının barı, meşələrinin balı və onları sevən heyvanların südüylə qidalanırdılar. Yemək və geyim üçün az çalışırdılar. Onlar da sevir və uşaq doğurdular, amma bizim başımıza gələn və yer üzündəki bəşəriyyətin bütün günahlarının yeganə mənbəyi olan o şiddətli şəhvət ehtirasını onlarda heçvaxt görmədim. Onlar dünyaya gələn uşaqlara səadətlərinin yeni iştirakçısına sevinən kimi sevinirdilər. Aralarında inciklik və qısqanclıq yox idi, bunların nə olduğunu da hətta anlamırdılar. Uşaqları hamının uşağı idi, hamı bir ailə təşkil etdiyindən. Onlarda ölüm olsa da, xəstəlik, demək olar ki, yox idi, qocaları da sakit ölürdü, onunla vidalaşanların əhatəsində sanki yuxuya gedir, yerdə qalanlara xeyir-dua verərək gülümsəyir, əvəzində də nurlu təbəssümlərlə yola salınırdı. Bu zaman nə kədər, nə göz yaşları deyilən şey görmədim, yalnız sanki artırılmış, lakin sakit, seyirçi bir heyrətlə dolu məhəbbət var idi. Adama elə gəlirdi ki, onlar ölənləriylə hətta ölümdən sonra da ünsiyyətdə olur, dünya ilə əlaqə ölümlə kəsilmirdi. Əbədi həyat haqqında soruşanda, məni, demək olar, anlamırdılar, lakin, görünür, əbədi həyata əmin olduqlarından bu onlarda sual doğurmurdu.

    Məbədləri yox idi, amma Kainat Bütövlüyü ilə gündəlik canlı və ardıcıl əlaqələri var idi. İnamları yox idi, ancaq əvəzində dəqiq bilirdilər ki, dünyəvi sevincləri təbiətin hüdüdlarını ötəndə həm yaşayanları, həm də ölənləri üçün Kainat Bütövlüyüylə təmasları daha da genişlənəcək. Onlar bu anı sevinclə, lakin tələsmədən, iztirabsız gözləyir, sanki bunu öncədən duyur və bu haqda bir-birlərinə xəbər verirdilər. Axşamlar, yatmaqdan öncə birlikdə ahəng mahnılar oxumağı xoşlayırdılar. Bu şərqilərdə onlar arxada qalan günün verdiyi bütün duyğuları əks edir, onu alqışlayıb onunla vidalaşırdılar. Təbiəti, torpağı, dənizi, meşələri öyürdülər. Bir-biri haqda mahnı qoşmağı sevir və uşaq kimi bir- birini tərifləyirdilər. Mahnılar olduqca sadə idi, amma ürəkdən süzülüb gəlir axır və ürəklərə yayılırdı. Təkcə şərqilərində yox, elə bil, bütün yaşamları bir- birilərinə baxıb ləzzət almaqla keçirdi. Buna bir-birinə vurğunluq demək olardı. Digər heyrət dolu və təntənəli mahnılarını isə qətiyyən anlamırdım. Sözlərini başa düşsəm də, mənaya tam vara bilmirdim. Amma məna mənə əlçatmaz qalsa da, get-gedə artaraq sanki qeyri-şüuri olaraq içimə dolurdu. Tez-tez deyirdim ki, bunların hamısını hələ çox öncələr hiss etmişdim, bütün bu sevinc və fərəh mənə hələ bizim yerdə, hərdən dözülməz kədərə dönən, haralarasa səsləyən həsrətlə özünü büruzə verirdi. Deyirdim ki, onların əzəmətini ürəyimin yuxularında və ağlımın xülyalarında duymuşdum. Deyirdim ki, günəşimizin qübarına çox vaxt gözü yaşsız baxa bilmirdim... Deyirdim ki, bizim yerdəki insanlara qarşı nifrətimdə həmişə bir kədər varıydı: niyə onlara olan nifrətimin içində onlara sevgim də var idi, niyə onları bağışlamaya bilmirdim, onlara bəslədiyim məhəbbətim niyə bu qədər kədərlidir? Onlar mənə qulaq asırdı, görürdüm ki, dediklərimi təsəvvür edə bilmirlər, amma dediklərimə peşman deyildim: bilirdim, tərk etdiyim adamların qüssəsini çəkmə gücünü duyurdular. Bəli, onlar mülayim, sevgi dolu baxışlarıyla mənə baxanda, mənim ürəyimin də onların ürəyi tək məsum və dürüst olduğunu hiss edəndə onları anlamadığımdan təəsüflənirdim. Həyat dolğunluğu nəfəsimi kəsir, mən də dinməzcə onlara dua edirdim. Ooh, indi hamı mənə gülür və məni inandırır ki, söylədiyim bu təfsilatları yuxuda da görmək mümkünsüzdür, sayıqlayarkən yuxumda ürəyimin yaratdığı bir duyğunu görmüş ya da dərindən hiss etmişəm, ayrıntıları isə oyanandan sonra uydurmuşam yalnız. Ürəyimi açıb onlara deyəndə ki, ola bilsin ki, gerçəkdən də belə olub — ilahi, məni ələ salıb necə də sevinirdilər... Bəli, əlbəttə, mən yalnız bir yuxu duyğusuyla məğlub edilmişdim və yaralı qəlbimdə tək o duyğu sağ-salamat qalmışdı: ancaq bununla belə yuxumun gerçək obraz və biçimləri, həqiqətən yuxumda gördüklərim o qədər ahəng, valehedici və gözəl, o qədər doğru idi ki, yuxudan oyananda onları bizim zəif sözlərimizlə ifadə etməyə, əlbəttə, gücüm çatmırdı. Ona görə də onlar ağlımda zəifləməli idi, və, deməli, həqiqətən, ola bilsin, təfərrüatları sonra qeyri-şüuru olaraq özümdən uydurmalıydım, onları tezliklə və necə olur-olsun ifadə etmək istədiyim üçün. Lakin bunlara necə inanmayım ki? Bəlkə nağıl etdiklərimdən min dəfə yaxşı, saf və fərəhliydi? Yuxudursa — qoy yuxu olsun, ancaq bunlar olmaya bilməzdi. Qoy sizə bir sirr açım: ola bilsin, bunların heç biri yuxu deyildi! Çünki sonra elə dəhşət həqiqi bir olay baş verdi ki, adamın yuxusuna da girməz. Bu yuxunu ürəyim uydurmuşsa — uydursun, lakin sonra başıma gələn dəhşəti uydurmağa ürəyimin gücü çatardımı? Tək mən onu necə uydura ya da ağlıma gətirə bilərdim? Cılız ürəyimlə qərarsız, dəyərsiz ağlım həqiqət izharına yüksələ bilərmiş?! Ooh, özünüz fikirləşin: bu vaxtadək gizlədirdim, amma indi bu həqiqəti də axıradək nağıl edəcəyəm. İş orasındadır ki, mən... onların hamısını yoldan çıxartdım!Bəli, bəli, hər şey onları pozmaqla bitdi! Bunun necə baş verdiyini bilmirəm, ancaq aydın xatırlayıram. Yuxu minilliklərdən keçib məndə yalnız bütövlük hissini saxladı. Bircə onu bilirəm ki, günaha batmanın səbəbkarı məniydim. Bütün ölkələrə yoluxan, bulaşan murdar trixin xəstəliyi kimi, taun atomu kimi mən də mənə qədər xoşbəxt, pak olan bu torpağı özümlə yoluxdurdum. Onlar yalan danışmağı öyrənib yalanı sevdi, yalanın gözəliyini tanıdı. Ooh, bu, bəlkə də, məsumanə, zarafatdan, nazdan, sevgi oyunlarından, gerçəkdən də, ola bilsin, atomdan başladı, amma bu yalan atomu onların ürəklərinə girmiş, xoşlarına gəlmişdi. Sonra tezliklə şəhvət baş qaldırdı, şəhvət qısqanclıq doğurdu, qısqanclıq da qəddarlıq... Ooh, bilmirəm, yadıma gəlmir, ancaq tezliklə, çox tezliklə ilk qan töküldü: onlar təəcübləndi, dəhşətləndi və ayrılmağa başladı. İttifaqlar yarandı, amma bir-birlərinə qarşı. Narazılıqlar, tənələr başladı. Həya tanıdılar, həyanı da ləyaqət saydılar. Qeyrət məfhumu əmələ gəldi, hər ittifaqın da öz bayrağı qaldırıldı. Heyvanları incitməyə başladı, heyvanlar da onların əlindən meşələrə çəkilib düşmən kəsildi. Ayırma, ayrılma, şəxsiyyət, “mənimki-səninki” uğrunda mübarizəyə yol açıldı. Fərqli dillərdə danışmağa başladılar. Kədəri tanıyıb kədəri sevdilər, əzab həsrətiylə yaşadılar, həqiqətin də yalnız əzabla əldə edildiyini dedilər. Bu ərəfədə elmləri yarandı. Acı ürəkli olandan sonra qardaşlıq və insaniyətdən danışmağa başladı, bu ideyaları anladılar. Cinayətkar olandan sonra ədalət kəşf etdilər, onu qorumaq üçün özlərinə bir sürü qanun müəyyənləşdirdilər, kodekslərin mühafizəsi üçün isə qilyotin quraşdırdılar. Nələri itirdiklərini çox az xatırlayır, bir vaxtlar pak və xoşbəxt olduqlarına inanmaq da istəmirdilər. Əvvəlki səadətlərinin mümkünlüyünə hətta gülüb onu xəyal adlandırırdılar. Bunu heçcür təsəvvür edə bilmirdilər, amma — qəribə və möcüzəli işdir — keçmiş bəxtəvərliklərinə inamlarını bütünlüklə itiribkən, onu nağıl adlandırıbkən, bir daha məsum və xoşbəxt olmaq arzusuna yenidən elə düşdülər ki, ürəklərindəki arzularını uşaq kimi ilahiləşdirdi, məbədlər tikib bu öz ideyalarına, öz “istəklərinə”, bunların gerçəkləşməsinin mümkünlüyünə inanmasalar da, göz yaşları içində onu sevib, ona səcdə edib dua etdilər. İtirdikləri o məsum və sevincli günlərinə qayıtmaq imkanı olsaydı da, kimsə o səadəti onlara göstərib ona yenidən qayıtmaq istəyib- istəmədiklərini soruşsa idi, çox guman ki, onlar imtina edərdi. Mənə cavab verirdilər ki, “yalançı, acıqlı və ədalətsizik oluruq qoy olaq, bunu bilirik, buna görə ağlayır, özümüzü üzürük, özümüzə əzab veririk, bəlkə də, gələcəkdəki mühakimimiz, adını da bilmədiyimiz o mərhəmətli Hakimdən də çox özümüzü cəzalandırırıq. Lakin bizim elmimiz var, onun vasitəsiylə də yenidən həqiqəti axtarıb tapacağıq, amma bu dəfə onu şüurlu qəbul edəcəyik. Bilgi duyğudan üstündür, həyatı dərketmə — həyatdan üstün. Elm bizlərə hikmət verəcək, hikmət də qanunlara yol açacaq, xoşbəxtliyiyin qanunlarını bilmək isə xoşbəxtlikdən üstündür”.


    Müəllif: Fyodor Mihayloviç Dostoyevski

    Tərcümə edən: İlahə Ucaruh

    alıntı
#14.08.2014 16:18 0 0 0