Yuxu - Allah Tərəfindən Olan Müjdə

Son güncelleme: 14.08.2014 18:47
  • Yuxu: Allah tərəfindən olan müjdə, şeytanın qəm vasitəsi, insan zehninin qalıq məhsulu.

    Allahın biz insanlara verdiyi ən böyük nemətlərdən biridir. Bizim rahatlıq mənbəyimizdir. Yuxu görmək elə bir sirdir ki, bəşər hələ də onu kəşf edə bilməmişdir. Hər gördüyümüz yuxunu yozmaq olsaydı, yəqin ki, hər birimiz üçün bir müraciət və xəbərdarlıq olardı.

    Yuxu yozumu İlahi elmlərdən biridir ki, xüsusi bəndələrinə əta edər. Bu, elə bir elmdir ki, onun kiminsə yanında öyrənmək olmaz. O alimlər ki, yuxu yozumu elminə vaqifdir, onlar yuxunu iki hissəyə bölürlər: yozulan və yozulmayan yuxulara.

    Yuxu özü isə üç hissəyə bölünür. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: “Yuxu və röya üç cürdür: bəzən Allah tərəfindən olan müjdə olar. Bəzən şeytan tərəfindən qəm və qüssə vasitəsidir. Bəzən də o məsələlərdir ki, insan öz zehnində fırladır və onu yuxuda görür”.

    Bəzi yuxular xarici mühit amillərindən təsirlənər: soyuq və isti kimi. Ya da insan xəstə olan zaman ağır yuxular görə bilir, bu da onun bədən narahatlığından qaynaqlanır. İnsanın əxlaq və xasiyyəti insan təxəyyülünə təsir qoyar. Ona görə də bəzən bu yuxular həmin təxəyyüldən təsir alar. Bununla yanaşı, sadiq və həqiqətləri kəşf edə bilən yuxular da mövcuddur.

    İmam Sadiq (ə) şagirdlərindən birinə xitab edərək buyurur: “Ey Mufəzzəl! Röya ilə bağlı düşün. Bax gör Allah Təala onun barəsində necə də gözəl yozumları yerinə yetirir və sadiq yuxularla yalançı yuxuları bir-birinə qarışdırır. Çünki əgər bütün yuxular sadiq olsaydı, bütün insanlar peyğəmbər olardılar. Əgər hamısı yalançı olsaydı, onda heç bir fayda olmazdı. Onların bəzisi sadiqdir ki, insanlar ondan faydalansınlar. Hidayət və xəbərdarlıqlarından bəhrələnsinlər. Çox zaman isə yalançıdır ki, insanlar ona çox etimad etməsinlər”.

    Yuxu görən zaman vaxtın xüsusi əhəmiyyəti vardır. Belə ki, hədislərin buyurduğuna görə insan sadiq yuxunu gecənin axır üçdə birində görər. Çünki bu zaman mələklər nazil olar. Yəni, sadiq yuxu görən insanların əskər hissəsi bu vaxtda həmin yuxunu görüblər.

    Həzrət Peyğəmbər (s) buyurur: “Ey Əli! Yatmaq dörd cürdür: peyğəmbərlərin (ə) beli üstə yatmağı, möminlərin sağ tərəfi üstə yatmağı, kafir və münafiqlərin sol tərəfi üstə yatmağı, şeytanın qarnı üstə yatması”.

    İmam Əli (ə) buyurur: “Yatmaq dörd cürdür: peyğəmbərlər (ə) beli üstə yatarlar o halda ki, gözləri İlahi vəhyi qəbul etmək üçün yatmaz. Möminlər üzü qobləyə sağ tərəfi üstə yatarlar, padşahlar və övladları yeməyi həzm etmək üçün sol tərəfi üstə yatarlar. İblis və qardaşları, dəlilər və ağıldan ziyan görənlər qarnı üstə yatarlar”.

    İmam Sadiq (ə) buyurur: “Nə zaman Peyğəmbər (s) yatmaq istəsə, misvak edər və sonra yatağa gedərdi. Sağ tərəfi üstə yatardı və sağ əlini sağ üzünün altına qoyardı”.

    İmam Rza (ə) buyurur: “Yuxunun qüdrət və səltənəti zehindədir. O, cismin güc mənbəyidir. Ona görə də nə zaman yatmaq istəsən, əvvəl sağ tərəf və sonra sol tərəfə yat. Həmçinin qalxan zaman sağ tərəfdən qalx”.

    İmam Sadiq (ə) buyurur: “Qocalar mədəsi dolu halda yatsınlar ki, xoş röya görsünlər”.

    Həzrət Peyğəmbər (s) buyurur: “Damda və o yer ki, qorunmur orada yatmayın”.

    İmam Sadiq (ə) buyurur: “Dördayaqlının üstündə yatma. Çünki belinin zədələnməsini tezləşdirər. Bu iş müdrikcəsinə deyildir, məgər o halda ki, kəcavədə olasan”.

    alıntı
#14.08.2014 18:47 0 0 0