Benvenuto Çellinin Ziyanverici Güzgüsü - 2

Son güncelleme: 19.08.2014 20:36
  • Qastrol səfərinə getdiyi bütün ölkələrdə ona ən sayılıb-seçilən kişilər vurulurdular. Və budur… O, Peterburqdadır! Bütün şəhər səbirsizliklə onun səhnəyə çıxmasını gözləyir. Onun ilk pərəstişkarı Nekrasov idi. Bəli, məhz həmin dahi rus şairi! Hər dəfəsində Annaya qucaq dolusu çiçəklər gətirən şair Annanın bir tamaşasını da diqqətindən yayındırmazdı. Bir dəfə, Anna hələ gəlməmişdən öncə o, xəlvətcə Annanın qrim otağına girib, iri dolabın arxasında gizləndi. Qadını xəlvətcə izləməyin zövqünü yaşayan şairin diqqətini bir məqam çəkdi: Anna kiçik dolabdan çıxardığı bir güzgüyə saatlarca baxırdı… Təsadüfən Annanın gözü ona sataşdı və o, dərhal işçilərə şairi bayıra atmağı əmr etdi.

    Ruh düşkünlüyü ilə Nekrasov yenə həmişəki kimi qumar oynamağa yollandı. Onun budəfəki oyunçu dostları jurnalistlər idi. Cari qalmaqallar haqda qızışan söhbət gəlib Anna Jüdikə də çıxdı. Bu vaxt o, həmin axşam Annanın qrim otağında gördüyü müəmmalı qəribəlikləri onlara danışdı. Qumarda uduzmuş şairə ödəyəcəyi borcu həmin güzgüylə əvəz etməyi təklif elədilər. Nekrasov bu təkliflə razılaşdı. Həmin gecə o, asanlıqla Annanın qrim otağının pəncərəsinə dırmaşıb, içəri keçdi. Axtardığı güzgünü otaqdakı bəzək əşyaları qoyulmuş masanın dolabından tapdı. Lakin güzgüyə toxunar-toxunmaz Nekrasov huşunu itirib döşəməyə yıxıldı. Səhərə yaxın özünə gələn şairin ağlında yalnız bircə fikir dolaşırdı: otaqdan mümkün qədər tez çıxmaq!

    Nekrasovun ağlına da gəlməzdi ki, həmin güzgünü oğurlamaq hansı faciələrlə nəticələnə bilər. Güzgü öz sahibini özü seçirdi! Güzgünü oğurlaya bilməsə də, şairin bu cəhdi ona baha başa gəldi: o, ağır xəstəlikdən vəfat etdi.

    Onun güzgü haqda danışdığı əfsanəvi söhbət ertəsi gün mətbuatda çap edilmişdi və onda müəyyən olunmuşdu ki, bu, Benvenuto Çellininin möhtəşəm əsəridir! Bu güzgünü əldə etmək çoxlarının arzusuna çevrildi.

    Qastrol səfəri bitdi. Əşyalarını toplayan Anna Jüdik güzgüsünü heç cür tapa bilmirdi. Peterburq səfəri Anna Jüdikə baha başa gəldi! Hər tərəfi qarış-qarış axtaran qadın sevimli güzgüsünün oğurlandığını anladı...

    Bəs güzgünü kim oğurlamışdı?

    Qəzet məqalələrində haqqında bəhs edilən güzgü dildən-dilə gəzirdi. Bu güzgü zəngin rus ailəsindən olan, lakin kifir olduğuna görə özünə yaraşıqlı ər tapmayan Anna Stroqanovanın diqqətini çəkmişdi. Görünür o, güzgünü əldə etməkçün əlindən gələni edib və əvvəl-axır bu istəyinə nail olub. Güzgünü əldə edəndən sonra göz önündəcə günü-gündən gözəlləşən zadəgan qız şəhərin ən zəngin və yaraşıqlı oğlanının diqqətini çəkdi. Tezliklə onlar nişanlandılar. Lakin dahi ustad Benvenuto Çellininin lənəti qaçılmaz idi! Oğurluğun bədəli bu dəfə də ağır ödənildi. Toya sayılı günlər qalmış Stroqanova gəlinlik paltarını geyinib, üzərində necə oturduğunu yoxlayarkən qəfil pilləkənlərdən yıxılıb aldığı zədədən yerindəcə keçindi. Həmin vaxt onlara qonaq gələn rəfiqəsi yuxarı qalxırdı və o, pilləkənlərdən yıxılıb yerə sərilən Stroqanovanın əlindəki güzgünü görmüşdü. Başqa fərziyyə də var ki, rəfiqəsi bəm-bəyaz gəlinlikdə gördüyü gözəl qızın əlindən güzgünü zorla alıb, onu pilləkənlərdən aşağı yıxıbmış. Axı o hadisənin qızın rəfiqəsindən başqa ayrı şahidi yox idi! Ah, bu qadın dostluğu...

    Mərhumun rəfiqəsinin güzgünü götürməsi faktı da sonralar üzə çıxdı. Çox keçmədi ki, həmin qız da yol qəzasında dünyasını dəyişdi və həmin güzgü, yerə sərilmiş qızın çantasından çıxdı. Çellininin bu sənət əsəri, şəhər boyunca bir-bir yeni sahibələrini öldürdükcə üzə çıxırdı. Axı o oğurlanmamalı idi! Bu şəkildə əldən-ələ gəzməməli idi! Sonunda qaydaya tabe olaraq – öz sahibəsini özü seçməli idi!

    Bəs güzgüsü oğurlanan Anna Jüdikin sonrakı taleyi necə oldu?!

    Parisə qayıdan Anna Jüdik bəstəkar Florimon Ervenin yanına gedib, bəstəkardan məxsusi olaraq onun əvvəlki gücünü itirmiş səsinə uyğun bir operetta bəstələməsini xahiş etdi. Madam Jüdik həmin operetta üzərində lənətə gəlmişlər kimi düz yarım il məşqlər edirdi. 1883-cü ilin dekabrında Paris “F.Ervenin “Mademuazel Nituş” operettası!” afişalarına büründü. Baş rolda əsrarəngiz Anna Jüdik oynayırdı.

    26 dekabrın səhəri Anna, sanki, cin vurmuş adam kimi yuxadan ayıldı! O, biixtiyar qaçıb köhnə tamaşalarının proqramlarını saxladığı komodu açdı. Qutunun içi işıqdan par-par yanırdı… İZAHOLUNMAZDIR! Ancaq sehrbaz Çellininin şah əsəri – güzgü ordaydı! Bəs necə oldu ki, güzgü seçdiyi sahibəsinə geri döndü? Baxın, bu olay da güzgünün magik qüvvəsi kimi anlaşılmaz qalmaqdadır… Anna Jüdik o güzgünü artıq ikinci dəfə taleyin hədiyyəsi kimi səssiz-səmirsiz qəbul etdi… Güzgü əsl sahibəsinə qayıtdı!

    Beləcə həmin axşam Parisin şanlı “Varyete” teatrının səhnəsinə güclü səsi və məftunedici gözəlliyi ilə Anna Jüdik çıxdı. Onun oynadığı qəhrəman qızın – Dənizin 17 yaşı vardı. Ancaq 33 yaşlı aktrisa Jüdik 17 yaşlı qəhrəmanından daha da gənc görünürdü.

    alıntı


    https://www.main-board.com/azerbaycan-tarixi-ve-cografiyasi/781629-benvenuto-cellinin-ziyanverici-guzgusu-1-a.html#post5157574
#19.08.2014 20:36 0 0 0