Portağallı qarğıdalı piroqu

Son güncelleme: 30.08.2014 12:55
  • Tərkibi:

    160 q qarğıdalı unu
    150 q üyüdülmüş badam (yaxud qoz, fındıq)
    250 q kərə yağı
    150 q şəkər tozu
    1 portağalın sedrası
    60 ml portağal şirəsi
    3 yumurta
    1 x.q. portağal likörü (kuantro, kürasao, qran marnye və s. - vurmasanız da, olar)
    1/4 ç.q. duz

    şərbət:
    60 ml portağal şirəsi
    50 q şəkər tozu

    Qarğıdalı unu və badam ununu qarışdırıb bir kənara qoyun.

    Yumşaldılmış kərə yağı, şəkər tozu, sedra və duzu mikserlə krem qatılığına gələnədək çalın. Bir-bir yumurta sarılarını əlavə edib hər birindən sonra yaxşıca çalın. Portağal şirəsi və likör (əgər istifadə edirsinizsə) əlavə edin, yenə çalın.

    Qarğıdalı və badam ununun qarışığını əlavə edin, qarışdırın.

    Başqa qabda yumurta ağlarını mikserlə möhkəm çalın.

    Xəmirə əlavə edib qaşıqla aşağıdan yuxarıya doğru qaldırmaqla qarışdırın.

    Kərə və ya bitki yağı çəkilmiş formaya tökün.

    160 dərəcə qızdırılmış sobada təxminən 1 saat bişirin. Bişib-bişmədiyini kibrit və ya diş çöpü ilə yoxlayın.

    Bu müddətdə şərbəti hazırlayın: tayqulpa portağal şirəsi və şəkər tozunu tökün, ocağın üstünə qoyun. Şəkər tozu əriyənədək qarışdırın. Götürün.

    Hazır piroqu sobadan çıxarıb isti-isti üstünə şərbət gəzdirin.

    Otaq temperaturunadək soyudun.

    Nuş olsun!

    alıntı
#30.08.2014 12:55 0 0 0