Bəşər təbii hadisələri tədqiq edən zaman xüsusi bir xudbinliyə düçar olar. Hər bir şey və hər bir hadisəyə mənfəət eynəyi ilə baxar. Nə zaman bir hadisə onun xeyirinə olarsa, şadlanar və sevinər. Əgər həmin şəxs mömindirsə, buna görə şükür səcdəsi edər. Əks halda isə onu bəla adlandırar. (Əndişeyi-Qum saytı)
Halbuki, bütün hadisələri kiçikli və böyüklü - hamısını varlıq aləminin nizamı ilə ölçmək lazımdır. Onu varlıq aləminin bir hissəsi hesab etmək lazımdır. Sonra isə onun haqqında hökm çıxartmaq olar. Bəzən Allah Təala insanın əxlaq fəzilətlərini inkişaf etdirmək üçün ona bəlalar və müsibətlər göndərər. Bu zaman gizli istedadları o hadisəyə görə üzə çıxar. İnsanlar öyrənərlər ki, onların da dözüm və mətanət qüvvəsi vardır. Belə hadisələr çox sayda insanı qəflət yuxusundan ayıldar.
“Və həqiqətən fironçuları (İsrail övladlarına verdiyimiz vədin başlanğıcı olaraq) qəhətlik və məhsul qıtlığına düçar etdik ki, bəlkə ibrət götürsünlər”. (“Əraf” 130).
Quran ayələrinə görə müsibətlər bu səbəblərə görə nazil olar:
1. Bəzən bu bəla və müsibələt insanın öz əməlinin nəticəsidir. “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30).
“(Ey insan,) sənə yetişən hər hansı bir yaxşılıq Allah tərəfindəndir (onun səbəbi Allahın rəhmətidir) və sənə yetişən hər hansı bir pislik sənin öz tərəfindəndir (onun səbəbi sənin günahlarındır)”. (“Nisa” 79).
2. Allahın imtahanı və insanın təkamülü. Quran buyurur ki. insan şər və xeyir vasitəsilə imtahana çəkilər. “Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik və Bizə tərəf qaytarılacaqsınız”. (“Ənbiya” 35).
Başqa yerdə buyurulur: “Onları yaxşı-yamanlıqlarla sınadıq, bəlkə (haqqa tərəf) qayıtsınlar”. (“Əraf” 168).
3. Günahın təbii təsiri. Quranın nəzərinə görə insanın işlətdiyi günah nəinki həmin şəxsə mənfi təsir edər, bəlkə onun ətrafındakılarının da taleyini dəyişər. “(Bəlasına) sizin yalnız zalımlarınızın düçar olmayacağı (hamını bürüyəcəyi) fitnədən (fəsad və günahların ziddiyyətlər, əmr-be-mərufun yerinə yetirilməməsi və mühüm məqamların ləyaqətsiz insanların əlində olması kimi nəticələrindən) qorxun və bilin ki, Allah ağır cəzalandırandır”. (“Ənfal” 25).
İmam Əli (ə) buyurur: “Ey insanlar! Həqiqətən Allah sizə zülm etməkdə sizi amanda saxlamışdır. Ancaq bəla və imtahandan amanda saxlamamışdır”.