Hava haqqında - Baba Vəziroğlu

Son güncelleme:
  • Havadan danışır bir gözəl xanım.
    “Yağış yağacaqdır, qar yağacaqdır.
    Gah günəş çıxacaq, gah ay doğacaq,
    Havalar tutulub, açılacaqdır”.

    Mənim Günəşim də, Ayım da sənsən.
    Onu sinoptiklər nə bilir axı?
    Sən bir az qıyqacı baxanda mənə
    Mənim gözlərimdə ildırım çaxır.

    Bir güllü-çiçəkli bahar günündə
    Soyuq baxışınla qış gəlir sənin.
    Mənim taleyimə yağışlar yağır,
    Elə ki, gözünə yaş gəlir sənin.

    Söz var, dolu kimi yağır başıma,
    Söz var, duman olub yolumu kəsir.
    Məndən inciyəndə, məndən küsəndə,
    Qəlbimdə sop-soyuq küləklər əsir.

    Səni gözləyirəm, hələ bilmirəm
    Yağış yağacaqmı, qar yağacaqmı...
    Mənim bu eşqimin səmalarında
    Havalar tutulub-açılacaqmı?

    Havadan danışır bir gözəl xanım.
    Hardasa qar tökür, ya yağış yağır,
    Hardasa ay batır, ya günəş çıxır.
    Mənim Günəşim də, Ayım da sənsən,
    Onu sinoptiklər nə bilir axı?!

    alıntı
0 0 0