Azərbaycan poeziyasında sərbəst şeir vəzni - 1

Son güncelleme:
  • Azərbaycan poeziyasında istifadə olunub, şairlərimiz tərəfindən tez-tez işlədilən vəznlərdən biri də sərbəst şeir vəznidir. Sərbəst şeirin adından da göründüyü kimi, hecavəznində tələb olunan texniki şərtlərə burada tam şəkildə əməl olunmur. Sərbəst şeirdə yazan şair şeirin ölçü, bölgü,qafiyə sistemindən sərbəst şəkildə istifadə edir. Əlbəttə, bu demək deyildir ki, sərbəst şeirdə bölgüdən, qafiyədən istifadə olunmur. Sadəcə olaraq, sərbəst şeirdə qafiyə, ölçü, bölgü, misraların həcmi, hecaların misralardakı sayı, ahəngi tamamilə formal səciyyə daşıyır. Belə ki, qafiyə heca vəznində iki və daha artıq misralar arasında və ya çarpaz şəkildə işləndiyi halda, sərbəst şeirdə qafiyə ardıcıl şəkildə deyil, bir neçə misradan sonra da gələ bilər. Bəzən qafiyə sərbəst şeirdə dalbadal da işlənə bilər.

    Sərbəst şeirdə bənddəki misraların və hecaların sayı da müxtəlif olur. Şair sərbəst vəzndə müxtəlif ölçülü misralardan, misradaxili fasilələrdən və hecalardan istifadə edə bilər. Lakin şeirin hansı vəzndə yazılıb yazılmamasından asılı olmayaraq orada hisslərin tərənnümü, poetik fikrin emosional təsviri əsas olmalıdır. Odur ki, sərbəst vəzndə yazılan şeirlərdə poeziyanın bu ən mühüm qanunlarına əməl olunmalıdır. Buradan belə nəticəyə gəlmək olar ki, sərbəst şeir anlayışının özü də formal olub, şairin bir sənətkar kimi tam sərbəstliyi, azadlığı demək deyildir. Çünki sərbəst şeirdə misraların, hecaların sayı, qafiyə sistemi konkret bir ideyaya, məzmuna tabe tutulur. Şübhəsiz, sərbəst şeirlərin özündə də qüvvətli bir ritm, ahəng olmalıdır. Hisslərin lirik tərənnümü,poetik sistem və qanunauyğunluq, ritm bütün vəznlərdə yazılan şeirlər üçün əsasdır.

    Azərbaycan şeirində sərbəst vəznin inkişafı, əsasən, 1920-1930-cu illərdən başlayır. Lakin sərbəst şeir yarandığı vaxtlardan müxtəlif mübahisələrə səbəb olmuşdur. Sərbəst şeirdə yazan bir sıra şairlər bunun adından istifadə edir və ən zəif şəkildə yazılmış nəzm nümunələrini də poetik fikrin uğuru kimi qələmə verirdilər. Ritm, ahəng, bölgü, qafiyə kimi şərtlərdən uzaq olub, məzmunca dağınıq, qarışıq olan belə sərbəst şeir nümunələri hələ o zaman tənqid və ədəbiyyatşünaslıqda etirazla qarşılanırdı. Sərbəst şeir sahəsində yaranan mübahisələr tamamilə haqlı və təbii idi. Belə ki, 1920-1930-cu illərdə S.Vurğun, R.Rza, M.Müşviq, O.Sarıvəlli kimi şairlər istisna olmaqla, bir çox gənc yazarlar sərbəst şeirə onun adına uyğun olaraq tam sərbəst yanaşır, formalist mövqedə dururdular. Zahiri, formal cəhətlərinə əsas önəm verən bir çox sərbəst şeir yazanlarının əsərləri solğun, sönük, bədii cəhətdən zəif, dil nöqteyi-nəzərdən qüsurlu, ən başlıcası isə məzmunsuz idi.

    Hər cür söz yığınından ibarət nəzm nümunələri sərbəst şeir hesab olunurdu. Bütün bunlar isə sərbəst şeirin poetikasını kifayət qədər bilməməkdən, gənc şairlərin ifrat dərəcədə formalizmə, zahiri effektlərə uymasının nəticəsi idi. Sərbəst şeirin ilk təşəkkül dövrlərində S.Vurğun«Aprel», «Məktub», «Şairin andı», «Zərərçilər», «Raport»,«Ölən şeirlərim», «Cavabımız», «Şeir və xaltura», «Tikanlı sözlər», «Fanar» və s. kimi şeirlərini sərbəst vəzndə yazmışdır. Lakin S.Vurğunun şeirlərində hansı vəzndə yazmasından asılı olmayaraq qüdrətli şairin duyğularının, hisslərinin yüksək poetik dillə ifadəsini görürük. «Hansı vəzndə yazmasından asılı olmayaraq S.Vurğunun şeirləri həmişə coşğun bir ilhamın və odlu bir ürəyin çırpıntılarından yaranırdı».

    «Dürrənin səsi»,
    «Dilcan dərəsi»,
    «Gözəllərim»,
    «Qəzəllərim»,
    … lərim…, lərim…
    və nələrim…
    Artıq gözlərimdən uzaqlaşdınız;
    Ölən bir cahanla siz
    gülüşsüz qucaqlaşdınız…

    (S.Vurğun)

    S.Vurğun burada «səsi», «dərəsi», «Qəzəllərim», «lərim», «nələrim», «uzaqlaşdınız», «qucaqlaşdınız» kimi sözlərdən istifadə edərək, qüvvətli qafiyələr yaratmışdır. Əsas cəhət budur ki, şair sərbəst şeirin formalist tərəflərinə uymamış, misraları, qafiyələri poetik fikrin ifadəsinə tabe tutmuşdur.

    Sərbəst şeir yarandığı ilk illərdə vəznin tələblərinə uyğun olaraq orada müraciət, bədii xitab, tribunluq özünü daha çox göstərirdi. Sərbəst şeirdə özünü göstərən bu çağırış ruhu, şüarçılıq daha çox ictimai-sosial tələbdən irəli gəlir və məzmuna çevrilirdi. Lakin hər hansı amildən asılı olmayaraq poetik sənətkarlıq, fikrin şairanə, obrazlı ifadəsi hər şeydən əsas olmalıdır. Hələ gənc yaşlarından fitri istedadı ilə parlayan S.Vurğunun sərbəst şeirləri məhz poetik dil baxımından diqqəti cəlb edirdi.

    Sərbəst vəzn şeirimizdə yeni olduğu üçün bəzi gənc qələm sahibləri yenilik axtarmaq, yenilik yaratmaq naminə inadkarlıq göstərir, şeiri eksperimentə çevirirdilər. Belə şeirlərdə hisslərin təsvir və tərənnümündən daha çox formalizmə, abstrak düşüncəyə, rabitəsiz fikirlərə üstünlük verilir. Odur ki, 1920-1930 və hətta 40-50-ci illərdə belə qələmə alınan sərbəst şeirlərdə ənənə və novatorluqprinsipi pozulur və şeir klassik dəyərlərdən, milli-xəlqi hisslərdən uzaqlaşırdı. Sonralar gördüyümüz kimi, S.Vurğun sərbəst şeir yazmaqdan uzaqlaşmış və ən dəyərli əsərlərini də heca vəznində yazmışdır.

    Tədqiqatçıların doğru qeyd etdikləri kimi, sərbəst şeir, demək olar, XX əsrin 50-ci illərinə qədər özünün tam xəlqi-milli formasını tapa bilməmişdi. Bir sıra sərbəst şeir yazarları sərbəst şeiri qafiyənin olmaması, misraların bilərəkdən sındırılması, ahəngin olmaması kimi başa düşürdülər. Onların bir çoxu unudurdular ki, sərbəst şeirdə qafiyə bədii fikrin daha vurğulu, emosional ifadəsi üçün gərəkli olan başlıca faktordur. Bu zaman şair poetik fikri qafiyələrin axınında məhdudlaşdırmır, əksinə, qafiyəni fikrə tabe tutur. Hətta bəzi gənc şairlərin şeirlərində sərbəstlikdən sui istifadə edilərək, təfsilata, əhvalatçılığa, uzunçuluğa yol verilirdi. Bu isə şeiri hansı vəzndə yazılmasından asılı olmayaraq zəif, sönük şəklə salırdı. Bunun nəticəsi idi ki, sərbəst şeirdə yazmağa başlayan şairlərin demək olar, çoxu ümumiyyətlə, bədii yaradıcılıqdan uzaqlaşdılar. Poetik istedadın azlığı, şeirdə formalizm cəhdləri, sərbəst şeiri tam sərbəstlik kimi anlamaq yaradıcılıqda uğursuzluqla nəticələndi.

    alıntı

    https://www.main-board.com/azerbaycan-edebiyyati-ve-incesenet/792193-azerbaycan-poeziyasinda-serbest-seir-vezni-2-a.html#post5178759
0 0 0