Bu Dünyadan Xatirə qalsın

Son güncelleme: 31.12.2014 20:36

  • Yalnız "yuxarılarda" havası olan bu məmləkətdə,
    mənliyini addımbaşı
    ayaqlarının altına qoyanları anla, doktor:
    Nəfəs almaq cəhdidir bu -
    Yaşamaq cəhdi!
    Sağalt məni,
    Dərmanıma bir damcı ümid də qat
    bir çimdik nəfəs də
    yaşamağa həvəs də...
    Həvəs çatışmazlığı var məndə, doktor!
    Gözümün önündəki bəyazruhlu adamların talehi
    hərəsi bir kitabsa
    hərəsi bir dramsa
    neynirəm mən Əfqanıstanı,
    "çərpələng uçuran"-ı?...
    ...Gözüm ağrayır,
    Mənə görməmək üçün eynək yaz, doktor!
    Bu Vətən
    ancaq ulduzlar qədər mənimkidi,
    səninkidi,
    bizimkidi
    Əlçatmazdı Ay kimi...
    Günəşi həbs olunub odlar yurdunun
    Üşüyürəm,
    üşüyürsən,
    üşüyürük
    Çıxar qürurunu əynindən
    sarıl mənə, doktor!
    Qaranquşlar yaralarını da
    balalarını da,
    yuvalarını da dimdiklərinə alıb
    birdəfəlik köçdülər buralardan.
    Sən heç bildin,
    Mən heç bildim,
    Biz heç bildik ki,
    onlar niyə "keçdilər" buralardan?...
    Daha gecdi
    Burax bu lazımsız dava-dərman adlarını
    al əlinə kağız qələmini
    Mənə bir məktub yaz,
    Ona bir məktubyaz,
    Bizə bir məktub yaz, doktor!
    Bu dünyadan xatirə qalsın...
    Bu dünyadan xatirə qalsın
    Bu il tamam fərqli olacam mən
    deyim biləsən;
    daha açıq səmada uzanıb axmaq-axmaq
    ulduzları saymayacam;
    hə, vallah
    qəddarlaşacam biraz
    bu nə yahu?...
    Həyata ağlımla baxacam, ağlımla.
    Çox ehtimal ki,
    daha ürəyimin səsini duymayacam!
    Qaçmayacam qabaqlarından
    ki, cürətlənib hürsünlər mənə küçə itləri
    Bağıracam var gücümlə
    pozacam bütün sükutları.
    Üstəlik, pambıq da taxacam qulaqlarıma
    ki, məndən başqa heç kim olmayan tənhalığımda
    duymayım qəribə, tükürpədici səslər
    diksindirməsin mən boyda kişini gecəyarısı
    hardasa kəslimiş nəfəslər,
    boğulmuş fəryadların exo dalğaları,
    və sair, və ilaxır...
    nə işimə?...
    Atmayacam özümü qabağa daha
    bütün növbələrin ən sonunda dayanacam bu il,
    görərsən.
    Başımı aşağı salıb,
    öz yükümü daşıyacam
    özüm üçün yaşayacam ancaq!
    Sən və mən - ikimiz!
    Bu ilimiz tamam başqa olacaq, gülüm,
    hiss edirəm.
    Məsələn, mən
    keçənilkindən daha çox incidəcəm səni yəqin ki -
    daha çox küsdürəcəm.
    Və məsələn, sən
    daha fərqli bağışlayacaqsan məni...
    Evimin bütün divarlarına
    sənin şəkillərini vuracam bu baş - o baş
    lap elə tavanına da.
    İstəmirəm,
    canlanmasın gözümün önündə
    xəstəxananın "ankologiya" bölümündə gördüyüm bədbəxt simalar
    yadıma düşməsin çarəsiz baxışlar,
    viran qalmış yuvalar...
    ...bu il əcəlim gələcək bəlkə də,
    nə bilmək olar?
    Sən başımı dizinin üstünə alacaqsan, məsələn
    Və mən gözlərimi açacam,
    son bir dəfə güləcəm.
    Və sən gözlərimi bağlayacaqsan,
    ağlayacaqsan.
    Və mən öləcəm...


    İlqar Kamil
#31.12.2014 20:36 0 0 0