Bir sevgilin gəlib tuta yaxandan

Son güncelleme: 31.12.2014 21:51
  • Bu zülmət gecənin tən ortasında,
    Sən ağlayarkən eşqin yasında,
    Qəfil döyülə qapın...
    Yumruq döyəcləyə, təpik dağıda,
    Uçub sökülə qapın...

    Bir sevgilin gəlib tuta yaxandan,
    Tuta əllərindən, tuta saçından,
    Gəlib asa səni dar ağacından.

    Bütün xatirələr bir zəncir kimi
    Əlini, qolunu möhkəm bağlaya.
    Məğrurluq içində gülə gözlərin,
    Qəlbin nalə çəkə, qəlbin ağlaya.

    Bir kəlmə deməyə dilin gəlməyə,
    Əllərin, qolların məhkumluğunu,
    Ona qaytarmağa əlin gəlməyə.

    Titrəyən nəfəsi hirsin içində
    Durub ağır-ağır danlaya səni.
    Sənsə ürəyində yalvarasan ki,
    Nolar, bircə kərə anlaya səni.

    Bu zülmət gecənin tənhalığında,
    Ölən ümidlərin dar ayağında,
    Qəfil qonağın gələ...
    Sən həyəcan içində
    Azacıq boğulasan...
    Bu kiçik, dar otaqda
    Lap itib yox olasan...

    Bir sevgilin gəlib tuta yaxandan,
    Yağdıra üstünə bir xatirə qəm,
    Deyə ki, yenidən sənə gəlmişəm.
    Bir həsrət oduna bürüyüb səni,
    Deyə ki, bir zaman sevmisən məni!

    Müəllif: Orxan Bahadırsoy

    alıntı
#31.12.2014 21:51 0 0 0