Övladların axirət faydaları

Son güncelleme: 13.01.2015 12:43
  • Övladların dünyəvi fayda və səmərələrindən əlavə, onların gözəl tərbiyə olunmasının axirət dünyasında da çoxlu fayda və mükafatları vardır. Sizin diqqətinizi onlara cəlb edirik. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur: "İnsan öldükdən sonra onun əməl dəftəri bağlanır, yalnız üç yolla ona savab və fayda çatır: 1-ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl sədəqə qoyub gedən; 2-cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı kitablar yazan alim; 3-insanın özündən sonra qoyub getdiyi və onlar üçün ehsan edən əməlisaleh övlad.”

    O Həzrət yenə buyurur: "Hər kəs üç qızının və ya üç bacısının zəhmət və xərclərini öhdəsinə alarsa, cənnət ona vacib olar.” Bir şəxs Həzrətdən soruşdu: Ya Rəsuləllah, bir şəxs iki qızın və ya iki bacının zəhmətlərini, xərclərini öhdəsinə alarsa, onda necə? Həzrət buyurdu: "O da cənnətə daxil olar.”

    Həzrət başqa rəvayətdə buyurur: "İsəbni Məryəm (əleyhissalam) bir qəbrin yanından keçərkən bəsirət gözü ilə müşahidə etdi ki, o qəbrin sahibinə əzab verilir. Amma sonrakı il həmin yerdən keçəndə, gördü ki, artıq o qəbrin sahibinə əzab verilmir. Həzrət, Allah ilə münacat etdikdə bu işin səbəbini soruşdu. Xitab gəldi ki, ey İsa, o qəbir sahibinin övladı böyüyüb bir yolu təmir etdi və yetimə sığınacaq verdi. Mən o övladın yaxşı əməlləri xatirinə qəbir sahibindən əzabı götürdüm.”

    Peyğəmbərimiz buyurur: "O zaman ki, bir ana bir övlada hamilə oldu, o, canı və malı ilə Allah yolunda cihad edən, gündüzləri oruc tutan, gecələri namaz qılan bir şəxs kimidir. Elə ki, doğdu, onun mükafatı o qədər çoxdur ki, heç kəs onun qədərini bilmir. O ananın övladına verdiyi hər bir qurtum südün dəyəri Həzrət İsmailin övladlarından bir qulu Allah yolunda azad etmiş kimidir və südvermə dövrü qurtarandan sonra bütün günahlardan paklanar.”

    Bu hədislərdən Allah taala valideynin övlad yolunda çəkdiyi zəhmətlər müqabilində nə qədər də böyük və gözəl vədələr verməsi məlum olur! Behişt onların zəhmətlərinin dəyəri kimi qiymətləndirilir, belə bir şəxsin günahları bağışlanır, şəhidlərin və ibadət edənlərin savabı ona verilir. Əlbəttə, bütün bu rəvayətlər və vədələr səhihdir, lakin onlar bəzi əlavə şərtlər də vardır. O cümlədən, valideynin bu mühüm və məsuliyyətli işdə öz vəzifəsini layiqincə ifa etməsi və səhlənkarlığa yol verməməsi şərtdir.

    Belə ki, sadəcə övlad sahibi olmaq və onu doğmaq qeyd olunan mükafatlara səbəb olmayacaq əksinə, onun düzgün tərbiyə edilməsi, məsuliyyət hissinə malik olan xidmətçi və ürəyiyanan bir insanın cəmiyyətə təhvil verilməsi qeyd olunan mükafatlara, dərəcələrin yüksəlməsinə səbəb olacaqdır. İnsana əziyyət verən canlılar da öz nəsillərini artırırlar, amma əsas məsələ layiqli insan tərbiyə edib yetişdirməkdir.

    alıntı
#13.01.2015 12:43 0 0 0